Şriftin ölçüsü :

Saytın rəngi :

Qanlı Yaddaş


· 20 Yanvar faciəsi


· Xocalı soyqırımı


· 31 mart - azərbaycanlıların soyqırımı günüdür


· ERMƏNİSTAN RESPUBLİKASININ HƏRBİ TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ

 

 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

 Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.


Xocalı soyqırımı


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Xocalı - əsas hədəf

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Faciənin xronikası

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:

Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:

Xocalı

1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.

1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

Hücumun iştirakçıları

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.

Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı

Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.

Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.

Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.

Əhalinin çıxması üçün azad dəhliz

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.

Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.

Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.

Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.

Alınmış məlumatların qiymətləndirilməsi

Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.

Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.

Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.

Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

366-cı alay

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.

Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.

Tarix unutmayacaqdır

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Tarix heç nəyi unutmur.

31 Mart azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

Tarixi arayış

Azərbaycan bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən birinin və qədim daş dövrünə aid digər məskənlərin tapılması bunu əyani sübut edir.

Azərbaycan ərazisində dövlətçiliyin inkişafı uzun tarixə malikdir. Manna (e.ə. IX əsr), Midiya (e.ə. VI əsr), Atropatena və Albaniya (III-V əsrlər) dövlətlərinin yaranması və inkişafı, xristianlığın yayılması və V əsrdə alban əlifbasının yaranması, Ərəb Xilafətinin tərkibinə daxil edilməsi və islam dininin yayılması (VIII əsr), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir-birini əvəz etməsi bu tarixin qədim səhifələridir. Azərbaycanı əsarətə almaq üçün "parçala və hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.

1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr öz məqsədlərinə nail olmaq üçün "nəyin bahasına olursa-olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini" vacib sayırdı. I Pyotrun əsasını qoyduğu bu siyasət sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmişdir. 1768-ci ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdir. 1802-ci ildə I Aleksandr Qafqaz canişini N.D.Sisianova məktubunda yazırdı: "Hər vəclə ermənilər … Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir." Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy göstərirdilər.

Kütləvi represiyaların qanlı tarixi

Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813, 10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.

Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.

Bundan sonra Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar.

XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887, Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı.

Bütün bu səylərə baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.

1905-1907-ci illər

1905-1907-ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zərgəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.

Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında öz əksini tapmışdır.

1918-1920-ci illər

1905-1907-ci illərin hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir. 1916-ci ilin statistik məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda, 1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı 1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyası dövründə erməni millətçiləri tərəfindən aparılan şovinizm siyasətindən, azərbaycanlıların yurdlarından qovulması planlarının icrasından və ermənilərin "türk" adlandırdıqları "azərbaycanlılarsız Ermənistan" yaradılması səylərindən xəbər verir.

Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olundu. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür ("Aşxadavor" (Əməkçi) qəzeti, 2 noyabr 1919-cu il).

1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir: "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".

Zaqafqaziyada 3 müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər (795000 - erməni, 575000 - azərbaycanlı, 140000 - digər millətlər) təşkil edirdi. Bununla kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.

Bu əraziləri silah gücünə ələ keçirmək Gürcüstanla (dekabr 1918) və Azərbaycanla müharibəyə səbəb oldu. Nəticədə mübahisəli ərazilərin əhalisi 10-30% azaldı, bəzi yaşayış məntəqələri isə tamamilə məhv edildi. İndiki Ermənistan ərazisində 1918-1920-ci illərdə yaşamış 575000 azərbaycanlının 565000 öldürülmüş və qovulmuşdur. Bu rəqəmlər erməni mənbələrində də təsdiq edilir: "Daşnaklardan sonra sovet Ermənistanı ərazisində türk (azərbaycanlı) əhalinin sayı 10000 nəfərdən bir qədər artıq idi. 1922-ci ildə 60000 azərbaycanlı geri qayıtdıqdan sonra onların sayı 72596 olmuşdur" (Z.Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931-ci illər).

1920-ci ildə Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı birgə müdafiə tədbirlərini müzakirə edərkən ermənilər bəyan etmişlər ki, onlar heç vaxt İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər və bu səbəbdən əməkdaşlıqdan imtina edirlər. Bu bəyanatdan sonra ermənilərin 1920-ci ilin yazında Qarabağda, Zəngəzurda və Qazaxda törətdikləri hərəkətləri, martın 22-də azərbaycanlıların Novruz bayramını qeyd etdikləri vaxtda Şuşaya, sonra Əsgəran və Xankəndinə hücumunu, Zəngəzurdakı fəallıqlarını Yerevan və Moskvanın Azərbaycana qarşı birgə qəsdinin - Azərbaycanda milli hakimiyyətin devrilməsi və sovet hakimiyyəti qurulması planının tərkib hissəsi saymaq olar.

Ermənilərin bolşeviklərə köməkliyi tezliklə mərkəzi hakimiyyət tərəfindən qiymətləndirildi. Moskvanın təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya ilə çıxış etdi. Ona əsasən ümumi sahəsi 9800 kv.km olan "Zəngəzur və Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur".

Bu faktlardan aydın görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından belə çəkinməmişlər.

1948-1953-cü illərdə deportasiya

Sovet hakimiyyəti illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini gerişlərdirməyi davam etdirmişlər. Bu fəaliyyətdə Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik göstərirdilər və bu da "Böyük Ermənistan" xülyasının həyata keçirilıməsi üçün ümumi strategiyanın olduğundan xəbər verirdi.

Tehran konfransı keçirilən zaman (1943) erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Bu təklifə İosif Stalinin razılığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.

1945-ci ildə Ermənistan rəhbərliyi Qarabağın birləşdirilməsi məsələsini qaldırdı və bunu Ermənistanla iqtisadi əlaqələrin mövcudluğu ilə əsaslandırmağa çalışdı. Bu təklif rədd edildi və belə olan halda digər bir taktika işə salındı.

1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana köçürüldü.

1947-ci ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi Q.Arutyunov Moskvaya müraciət edərək, köçürülən ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət etmiş və güya məhsuldarlığın artırılması məqsədilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarına köçürülməsi təklifini vermişdir.

Bu fikir İ.Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarında öz əksini tapdı. "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə" birinci qərar 1947-ci il dekabrın 23-də imzalanmışdır. Bu sənəddə köçürülmənin səbəbi, mexanizmləri və real şəraiti göstərilmədən 1948-1950-ci illər ərzində Azərbaycanın düzənlik rayonlarına 100000 azərbaycanlının köçürülməsinə qərar verilmişdir. Qərara əsasən 1948-ci ildə Azərbaycana 10000 nəfər, 1949-cu ildə 40000 nəfər, 1950-ci ildə isə 50000 nəfər köçürülməli idi. Birinci qərara əlavə kimi meydana çıxmış "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə" ikinci qərar 1948-ci il martın 10-da imzalanmışdır və onda texniki-təşkilati məsələlər öz əksini tapmışdır.

Məlumatlara əsasən 1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər), 1949-cu ildə 2368 ailə (10595 nəfər), 1950-ci ildə 14361 nəfər Azərbaycana köçürülmüşdür. 1948-1950-ci illərdə köçürülmüş 8110 ailədən yalnız 4878-i mənzillə təmin olunmuşdur. Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər köçürülmüşdür. Əsasən dağ rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti hava şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar baş verirdi. Hətta belə bir vəziyyətdə onların dağlıq ərazilərə, o cümlədən Qarabağa köçürülməsi barədə azərbaycanlıların və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz tərəfindən rədd edilmişdir.

Bununla yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10000 erməni köçürülmüşdür. Bu fakt onu göstərir ki, azərbaycanlıların köçürülməsinə nail olmuş ermənilər heç də xaricdən ermənilərin gəlməsinə maraqlı olmamışlar. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda qeyd olunmuşdur ki, 476 kənd istifadəsiz qalmışdır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). Erməni millətçiləri 1990-cı ildə etiraf etmişlər ki, "Azərbaycanlıların köçürülməsi nəticəsində boşaldılmış torpaqlar və mənzil fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir" ("Ermənistanın səsi" qəzeti, 11 noyabr 1990-cı il).

Yuxarıda qeyd olunanlardan yalnız bir nəticəyə gəlmək olar ki, azərbaycanlıların Ermənistandan köçürülməsi nə xaricdən gələn ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın artırılması məqsədi güdürmüş, əsas məqsəd daşnakların çoxdankı arzusu olan təkmillətli dövlətin yaradılması siyasətinin reallaşdırılması olmuşdur.

Stalinin ölümü köçürülmə prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar ağır yaşayış şəraitinə dözməyərək, ermənilərin onlara qarşı göstərdiyi ayrıseçkilik və təzyiqlərə baxmayaraq döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara qarşı erməni şovinizminin yeni dalğasının - azərbaycanlılara qarşı mənəvi terrorun təzahürünə səbəb oldu. Tədris müəsisələrinin bağlanması, Azərbaycan dilində tədrisin ləğv edilməsi, azərbaycanlı rəhbər işçilərin ermənilərlə əvəz edilməsi, azərbaycanlı kəndlərin məişət və təssərüfat tələbatlarının nəzərə alınmaması, azərbaycanlılara qarşı kampaniyaların başlanması, xüsusən də 1965-ci ildə "ermənilərin genosidinin" 50-ci ildönümünün təmtəraqla keçirilməsi daşnak siyasətinin açıq-aşkar reallaşdırılması tədbirləri olmuşdur.

XX əsrin 90-cı illəri

SSRİ-dəki yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni dalğasına səbəb oldu. 1945-ci ildə istifadə edilmiş taktika yenə də işə salındı və guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulmasına və Qarabağın Azərbaycan ərazisindən ilhaqına başladılar.

1988-ci ildən kütləvi xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin dağıdılması, 70 nəfər insanın, o cümlədən 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnmiş Quqark faciəsi, Vardenisdə 40 nəfərin öldürülməsi və digər 11 rayonda - Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya, Alaverdidə törədilmiş qanlı hadisələr və bu hadisələrə hakimiyyət orqanları tərəfindən rəvac verilməsi 250000 azərbaycanlını doğma yurdlarını tərk etməyə vadar etdi.

1905-1920-ci illərin hadisələri yenə də təkrar olundu: qadınlar və uşaqlar, qocalar qarlı dağ aşırımlarından keçərək, itkilər verərək Azərbaycana pənah gətirdilər.

Yenə də 1948-1953-cü illərin hadisələri təkrar olundu: Sovetlər İttifaqının mərkəzi hakimiyyətinin göstərişi ilə qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar çadır düşərgələrində məskunlaşmaq zərurətində qaldılar.

Zakfederasiyanın qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli respublikaya çevrildi və "azərbaycanlılarsız Ermənistan" daşnak ideyası həyata keçirilmiş oldu.

1988-ci ildən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin işğalına, zəbt olunmuş rayonların xarabalıqlara çevrilməsinə, bir milyonadək əhalinin doğma yurdlarından qaçqın və didərgin düşməsinə səbəb oldu. 10000-dən artıq azərbaycanlı həlak oldu, on minlərlə insan yaralandı.

1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı erməni millətçilərinin azğınlaşmış və qəddar siyasətinin təzahürü kimi uzun illər yaddaşlarda qalacaqdır. 1990-cu ilin qanlı yanvarında, Bakıda dinc əhaliyə qarşı Sovet Ordusunun hissələri tərəfindən törədilmiş amansız qırğınlarda, şahid ifadələrinə əsasən, ehtiyatdan çağırılmış ermənilərin də iştirakı olmuşdur.

Bütün bunlar XIX-XX əsrlərdə erməni daşnaklarının həyata keçirdikləri şovinist siyasətinin nəticələridir. Qeyd etmək lazımdır ki, separatçılıq hərəkətləri hələ də davam etməkdədir və bu gün artıq Naxçıvan Muxtar Respublikasının Azərbaycandan ilhaq edilməsi fikirləri səsləndirilir. Bununla yanaşı, ermənilər dünya dövlətləri tərəfindən "erməni genosidi" faktının qəbul edilməsinə çalışırlar, ancaq yaddan çıxarırlar ki, həqiqətən də soyqırımın nə olduğunu bilən xalq başqalarına qarşı belə hərəkətlərə yol verməz. Yaxud da onların xəstə təxəyyülü beynəlxalq normaları özünəməxsus yozaraq həm zavallı, həm də zülümkar sifətində çıxış etməyi münasib bilir.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Nə qədər ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməyəcəkdir, bəşəri cəmiyyət təhlükə qarşısındadır.

Hüquqi-siyasi qiymət

1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdır. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu əslində əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt ediməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.

Sovetlər İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.

Azərbaycan Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.

1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.

Azərbaycan xalqının hər il qeyd etdiyi "Azərbaycanlıların soyqırımı günü" həmin məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm, separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki, biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına məsuliyyət daşıyır.

Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 mart 1998-ci il.

N 690

Azərbaycalıların soyqırımı günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanının tariximizin bu qaranlıq səhifələrinə işıq saçan ilk rəsmi sənəd kimi böyük əhəmiyyətini qeyd edir və 80 il bundan əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ildönümü ərəfəsində 31 mart gününü "Azərbaycanlıların soyqırımı günü" elan etməsini milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi-hüquqi və mənəvi aksiya sayır.

Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq Azərbaycanın XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Zaqafqaziya miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılır, "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas və real yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.

Azərbaycanın çar Rusiyası tərəfindən işğalını rəsmiləşdirən Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycana on minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə rus-erməni aleansı tərəfındən azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. "Daşnak" və "Qnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.
 

ERMƏNİSTAN RESPUBLİKASININ HƏRBİ TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ

 

Cəbhə xəttinin uzunluğu — 246 km

Dağlıq Qarabağ (1989)                                                  

Ərazi  — 4 388 kv.km
Əhali — 189 085
Ermənilər — 145 450 (76.9 %)
Azərbaycanlılar — 40 688 (21.5 %)
Sair — 2 947 (1.6 %)
Sərhədin uzunluğu — 485 km

O cümlədən:Şuşa rayonu
Ərazi  — 312 kv.km
Əhali — 20 579
Azərbaycanlılar — 19 036 (92.5%)
Ermənilər — 1 377 (6.7%)
İşğal olunmuşdur — 1992-ci il, 8 may


DAĞLIQ QARABAĞIN ƏTRAFINDAKI RAYONLAR
İşğal olunmuşdur                             Əhalisi- 2015
Laçın rayonu                                  1992-ci il, 18 may                74 100
Kəlbəcər rayonu                            1993-cü il, 2 aprel              88 300
Ağdam rayonu                                1993-cü il, 23 iyul              191 700
Füzuli rayonu                                  1993-cü il, 23 avqust         125 400
Cəbrayıl rayonu                              1993-cü il, 23 avqust        76 600
Qubadlı rayonu                              1993-cü il, 31 avqust         38 900
Zəngilan rayonu                             1993-cü il, 29 oktyabr       42 700

TƏCAVÜZÜN QURBANLARI
Həlak olmuşdur -20 000    Əlil olmuşdur -50 000
İtkin düşmüşdür (2015)- 4 011
Qeyd:Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itgin düşmüş, əsir-girov götürülmüşdür.


DAGINTILAR VƏ  ZİYANLAR (1988-1993-cü illər)   
Yaşayış məntəqələri                                                      900
Evlər                                                                                  150 000
İctimai binalar                                                                 7 000
Məktəblər                                                                         693
Uşaq bağçaları                                                               855
Tibb müəssisələri                                                          695
Kitabxanalar                                                                    927
Məbədlər                                                                          44
Məscidlər                                                                         9
Tarixi abidələr, saraylar və muzeylər                          473
Muzey eksponatları                                                       40 000
Sənaye  və  kənd  təsərrüfatı  müəssisələri             6 000
Avtomobil  yolları                                                            2 670
Körpülər                                                                          160
Su kommunikasiyaları                                                  2 300 km
Qaz kommunikasiyaları                                                2 000 km
Elektrik xətləri                                                                 15 000 km
Meşələr                                                                          280 000 ha
Kənd  təsərrüfatı  üçün  yaralı torpaqlar                   1 000 000 ha
İrriqasiya sistemləri                                                     1 200 km  

QAÇQIN, MƏCBURI KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR  (2015)

Ermənistandan qaçqınlar                                                                            350 000
Azərbaycanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər               789 000
Orta Asiyadan qaçqınlar (Axısxa türkləri)                                                   60 000
Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər                 1 500
(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)
Cəmi:                                                                                                                1 200 500
İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)
Tank              — 350
Artileriya      — 425
ACV               — 398
Şəxsi  heyət  — 45 000 nəfər
İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali  (2015)
Dağlıq Qarabağ — 8 500
Laçın — 13 000
Kəlbəcər — 700
Zəngilan — 520
Cəbrayıl — 280
Cəmi:   23 000 nəfər
Qeyd:
1. Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən  1 600-dən çox obyektdə məskunlaşmışdır.
2. Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015)-110 612 nəfərdir.

Keçidlər