Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış

 Siyəzən Rayon İcra Hakimiyyətinin 2022-ci il üçün
etik davranış məsələləri üzrə hesabatı

Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularının etik davranışı barədə səsləndirdiyi fikirləri və verdiyi tapşırıqları, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini icra etmək istiqamətində 2022-ci il ərzində Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə əsasən dövlət orqanlarında dövlət qulluğunda etik davranış qaydaları mövzusunda 2022-ci ilin yanvar və iyun aylarında Siyəzən Rayon İcra Hakimiyyətində iki tədbir  keçirilmişdir.

Yanvar ayında keçirilmiş tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatında və  inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları və bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın       2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət planı, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları barədə ətraflı məlumat verilmişdir. Onlara vicdanlı davranış, loyallıq, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərəzsizlik, korrupsiyanın qarşısının alınması, hədiyyə almaq ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması və digər etik davranış qaydaları və prinsipləri ilə bağlı müvafiq hüquqi məsləhətlər verilmişdir. Tədbirdə Ulu Öndərin irsi, azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, suverenlik, xalqın vahidliyi, milli maraqlar və həmrəylik, multikultiralizm, dövlətin müsbət imicinin təbliği, insan hüquq və azadlıqlarının dövlət təminatı, xalqa layiqli xidmət, qanunvericilik normaları, etik davranış qaydaları barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə rəhbərlik etdikləri sahələrdə şəffaflığın təmin edilməsi və maliyyə nəzarətinin gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılması və mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi onların qarşısında ciddi vəzifə borcu kimi qoyulmuş və onların sözsüz yerinə yetirilməsi tapşırılmışdır.

İl ərzində dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə müxtəlif tədbirlər keçirilmiş, fərdi söhbətlər aparılmışdır.

2022-ci ilin iyun ayında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə Rayon İcra Hakimiyyətində başçının inzibati ərazi dairələri üzrə nümayəndələri, bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri və dövlət qulluğuna yeni qəbul olunan şəxslərlə geniş tərkibdə tədbir keçirilmişdir. Tədbir iştirakçılarına Prezidentin siyasəti, Müzəffər Ali Baş komandan-xalq-ordu birliyi, Vətən müharibəsi Zəfəri və etik davranış qaydaları barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Fəaliyyət planının 8.9.3-cü yarımbəndinin tələblərinə uyğun olaraq 2022-ci ilin fevral ayında Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün onlayn təlim keçirilmişdir. İlin sonunda Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il       6 aprel tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin Qaydası”na uyğun olaraq həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.9-cu bəndinə əsasən Siyəzən Rayon İcra Hakimiyyətində ilin sonunda etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabat hazırlanmış və Rayon İcra Hakimiyətinin rəsmi internet saytında yerləşdirilmişdir.  

Rayon üzrə aparılmış maarifləndirmə işləri, bu istiqamətdə keçirilən tədbirlər, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə məlumatlar, həmçinin hazırlanmış tezislər və maarifləndirici məlumatlar görüşlərdə istifadə olunduqdan sonra Rayon İcra Hakimiyyətinin internet səhifələrində, sosial şəbəkə ünvanlarında yerləşdirilmiş və rayon ictimaiyyəti məlumatlandırılmışdır. İnternet səhifələrində Rayon İcra Hakimiyyətinin fəaliyyətini əks etdirən məlumatların yerləşdirilməsi və yenilənməsi təmin edilmişdir.

Keçidlər