Şriftin ölçüsü :

Saytın rəngi :

İdman

Siyəzən rayonunda idmanın inkişafı əsasən 1960-cı illərdən başlamışdır. Həmin dövrlərdə Şabran  rayonunu təmsil edən siyəzənli  idmançılardan boks idman növü üzrə Vadim Baxşıyev, Vahid Əhmədov, Kamil Məlikov və Şahin Kərimov keçmiş İttifaq birinciliklərində qazandıqları naliyyətlərə görə SSRİ idman ustası adına layiq görülmüşlər.

Siyəzənin sərbəst güləşçiləri də həmin illərdə Respublika birinciliklərində bir sıra müvəffəqiyyətlər qazana bilmişlər. Onlardan Cavanşir Ağayevi və Vahid Məmmədovu qeyd etmək olar. Bu, Siyəzən rayonunda sərbəst güləş idman növündə kütləviliyi daha da artırmış və sonrakı illərdə keçirilən Respublika yarışlarında öz nəticəsini göstərmişdir.

Siyəzən idmançıları uğurlu naliyyətləri Respublikamız müstəqillik qazandıqdan sonra əldə etmişdir. Həmin dövrdə Siyəzənin rayon statusu alması idmançıları daha da ruhlandırmışdır. Rayonda idmanın boks, sərbəst güləş, sambo və futbol növləri inkişaf etdirilmiş və həmin növlər üzrə ölkə və beynəlxalq yarışlarda bir sıra müvəffəqiyyətlər əldə edilmişdir. Siyəzən rayonunda hal-hazırda sərbəst güləş, boks, sambo, cüdo, futbol, kikboksinq, şahmat, dama, stolüstü tennis, voleybol və karate idman növləri inkişaf etdirilir.

Hazırda Siyəzən rayonunda 1000  yerlik 1 stadion, şəhər stadionunda yerləşən 1 idman zalı (boks və sərbəst güləş), həmçinin ümumtəhsil məktəblərində 16 idman zalı və 24 sadə idman qurğusu var. Rayonda idmanın müxtəlif növləri ilə 1307 yeniyetmə və gənc məşğul olur. Rayonda eyni zamanda 1 idman məktəbi və 1 idman klubu fəaliyyət göstərir.  Bədən tərbiyəsi kadrlarının sayı 60, dərəcəli idmançıların sayı (1-3) 467, idman ustalığına namizədlərin sayı 34, idman ustalarının sayı 15, beynəlxalq dərəcəli idman ustalarının sayı 2, əməkdar məşqçilərin sayı isə 4 nəfərdir.

Məşqçi Abdullayev Elman Yaqub oğlu  1969-cu ildə Siyəzən şəhərində anadan olub. 1992-ci ildən boks idman növü üzrə məşqçilik fəaliyyətinə başlamışdır. Bu illər ərzində bir neçə Respublika birinciliyi və çempionatının qalib və mükafatçılarını hazırlamışdır. Buna misal olaraq Bəylərov Rahib, Şahverdiyev Zaur, Şəkərov Araz, Məmmədov Xəyyam, Qasımov Ruslan, Qasımlı Nurlan və Nadirov Bəxtiyarı göstərmək olar. E.Abdullayevə məşqçilik fəaliiyətində göstərdiyi nəticələrə görə 2003-cü ildə boks üzrə ali məşqçi dərəcəsi, 2006-cı ildə isə Azərbaycanın Əməkdar Məşqçisi adı verilmişdir.

Məşqçi Əliyev Əkbər Əlibala oğlu 1944-cü ildə Siyəzən rayonunda  anadan olub. 1972-ci ildən  sambo güləşi idman növü üzrə məşqçilik fəaliyyətinə başlamışdır. Bu illər ərzində bir neçə Respublika və Beynəlxalq yarışların qaliblərini və mükafatçılarını yetişdirmişdir. Buna misal olaraq Mayılov Elçin, Əliyev Yavuz  və Əsgərov Ravili göstərmək olar. 2010-cu ildə kişilər arasında Dünya kubokunda Mayılov Elçin qızıl medal qazanmışdır. Ə.Əliyev məşqçilik fəaliyyətində göstərdiyi nəticələrə görə 1996-cı ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülmüşdür.

Məşqçi Ağayev Cavanşir Feyzi oğlu 1955-ci ildə Siyəzən rayonunda anadan olub. 1978-ci ildən Sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətinə başlamışdır. Bu illər ərzində bir neçə Respublika və Beynəlxalq yarışların qaliblərini və mükafatçılarını yetişdirmişdir. Buna misal olaraq Allahverdiyev Ağadədə, Fərmanov Arif və Abbasov Samiri göstərmək olar. C.Ağayev məşqçilik fəaliyyətində göstərdiyi nəticələrə görə 1996-cı ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülmüşdür.
Siyəzən rayon Gənclər və İdman idarəsi 2018-ci il ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə 25 tədbir keçirmiş və həmin tədbirlər rayonun 1413  nəfər yeniyetmə və gəncini əhatə etmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2018-ci ilin I və II yarımilliyi ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçiridiyi 6 zona yarışında rayonun 62 idmançısı, 7 məşqçisi və 6 nümayəndəsi - cəmi 75 nəfər, 14 Respublika yarışında rayonun 116 idmançısı, 19 məşqçisi və 13 nümayəndəsi - cəmi 148 nəfər, 4 Beynəlxalq yarışda isə rayonun 4 idmançısı iştirak etmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi 14 Respublika yarışında 5 nəfər I, 9 nəfər II, 11 nəfər isə III yeri tutmuşdur. 3 Beynəlxalq yarışda 3 gümüş medal, 1 Beynəlxalq yarışda isə 1 bürünc medal qazanılmışdır.

29 mart – 01 aprel 2018-ci il tarixlərdə Gebze şəhərində keçirilən Sərbəst güləş üzrə yeniyetmə qızlar arasında 21-ci Zəfər Kuboku Beynəlxalq turnirində Nəzərova Şəhanə II yeri qazanmışdır. 14-20 may 2018-ci il tarixlərdə Makedoniyanın Skopje şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında rayon idmançısı Şəhanə Nəzərova 43 kq çəki dərəcəsində gümüş medalın sahibi olmuşdur. Şəhanə Nəzərova həmçinin 06-18 oktyabr 2018-ci il tarixlərdə Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya qazanmışdır. 02 – 08 iyul 2018-ci il tarixlərdə Xorvatiyanın Zaqreb şəhərində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında Dünya çempionatında rayon idmançısı Nəzərova Şəhanə gümüş medal qazanmışdır. Rayon sərbəst güləş məktəbinin yetirməsi Şahanə Nəzərova 06-18 oktyabr 2018-ci il tarixlərdə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında bürünc medal qazanmışdır.

Rayonumuzun Boks məktəbinin yetirmələrindən gənclər arasında Azərbaycan birinciliyində Babayev Əflatun I, Babayev Afət isə III yeri qazanmışdır. 15-16 yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyində Bəylərov Mahmudağa və Mayılov Pünhan III yeri, 13-14 yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyində isə Nəzərov Xəyal II yeri tutmuşdur.

Rayonumuzun Cüdo məktəbinin yetirmələrindən Səfərova Bəsti 21 və 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliklərində III yeri qazanmışdır. 19-21 noyabr 2018-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatında Səfərova Bəsti III yeri tutmuşdur.

Rayonumuzun Sambo məktəbinin yetirmələrindən yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan çempionatında Qasımov Kamran, Əskərov Bahadir və Hüseynov Ceyhun I, İsgəndərov Sübhhan, Qəmbərov Əzizağa, Səmədov Hikmət, Muradov Vüsal, Cavadzadə Şirin və İsgəndərov Sübhhan II, Hüseynov Mirağa isə III yeri tutmuşdur. Sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan kuboku yarışında Hüseynov Ceyhun I, Əskərov Bahadir II, Qəmbərov Əzizağa, Adgözəlli Nihad və Cavadzadə Şirin isə III yeri tutmuşlar.

Rayonumuzun Kikboksinq məktəbinin yetirmələrindən yeniyetmələr və gənclər arasında ölkə birinciliyində İlyasov Fərid II yeri, Hacıyev Tuqay isə III yeri qazanmışdır.

Xaçmaz rayonunda keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülük üzrə respublika çempionatının zona mərhələsində rayon komandası II yeri tutaraq yarışın final mərhələsinə vəsiqə qazanmışdır. Payzı çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülük üzrə respublika çempionatının Xaçmaz şəhərində təşkil olunan zona mərhələsində rayon komandası II yeri tutaraq yarışın final mərhələsinə vəsiqəni təmin etmişdir.

Əliyev Əkbər Əlibala oğlu - Sambo güləşi üzrə Azərbaycanın Əməkdar Məşqçisi

Ağayev Cavanşir Feyzi oğlu - Sərbəst güləş üzrə Azərbaycanın Əməkdar Məşqçisi

 

Abdullayev Elman Yaqub oğlu -  Boks üzrə Azərbaycanın Əməkdar Məşqçisi

Allahverdiyev Ağadədə  Ağarazi oğlu - Sərbəst güləş üzrə  Azərbaycanın Əməkdar Məşqçisi

Əliyev Yavuz Əkbər oğlu - Sambo güləşi üzrə 1997-ci ildə yeniyetmələr arasında Avropa birinciliyində gümüş, 1999-cu ildə gənclər arasında Dünya birinciliyində gümüş medalın sahibi. Azərbaycanın idman ustası

Mayılov Elçin Canbala oğlu - Sambo güləşi  üzrə 2010-cu il kişilər arasında Dünya Çempionatının qalibi, Cüdo üzrə 2013-cü il Veteranlar arasında Dünya Çempionatının  qızıl mükafatçısı

Bəylərov Rahib Böyükağa oğlu - Boks üzrə 2002 və 2003-cü illərdə yeniyetmə və gənclər arasında Avropa çempionatının gümüş, 2005-ci ildə tələbələrin Dünya çempionatında gümüş, 2006-cı ildə kişilər arasında Avropa çempionatında gümüş, 2007-ci ildə hərbçilər arasında Avropa və Dünya çempionatlarında qızıl, 2008-ci ildə neft ölkələri arasında Dünya çempionatında qızıl medalın sahibi

Cavadzadə Şirin Şahin oğlu - Sambo güləşi üzrə 2014-cü ildə gənclər arasında Dünya birinciliyində gümüş medalın sahibi

Məmmədov Xəyyam Yaşar oğlu - Boks üzrə 2010-cu ildə yeniyetmələr arasında Avropa çempionatında gümüş medalın sahibi

Nəzərova Şəhanə Mayıs qızı – 2017-ci ildə Yeniyetmə qızlar arasında Avropa və dünya birinciliyinin qızıl medalçısı, 2018-ci ildə Yeniyetmələrin III Yay Olimpiya oyunlarının bürünc medalçısı

 

Keçidlər