Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşü haqqında

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən aparılan uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, dövlətimiz hazırda dünya siyasi arenasında öz nüfuzunu artıraraq layiqli yerini tutmuşdur. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdir. Hazırda Azərbaycan dövləti dünyanın müxtəlif beynəlxalq təşkilatlarının üzvü kimi fəal rol oynamaqdadır. Son illərdə işgüzar əlaqələrimizin daha sıx qurulduğu təşkilatlardan biri də Qoşulmama Hərəkatı adlanan təşkilatla iş birliyinin yaradılmasıdır.               
     Qoşulmama Hərəkatı (QH) adlanan təşkilat   heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH –nın Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilmişdir. 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə təşəbbüsü ilə yaradılmışdır. “ 2019-cu ildə 100 illiyi qeyd edilən QH-nın 2019-2022-ci illərdə sədrliyi Azərbaycan tərəfindən icra ediləcəkdir. Bakıda QH sammitinin keçirilməsi və Azərbaycanın QH-na sədrlik etməsi tarixi əhəmiyyət daşıyır. Sədrlik edəcəyi 4 il ərzində təkcə dövlətimizin deyil, regionun ümumi təhlükəsizlik maraqlarını müdafiə etmək və münaqişə tərəflərini neytral bir müstəvidə sülh prinsipləri ətrafında toplamaq iqtidarında olan Bakının gələcəkdə münaqişə tərəfləri arasında sülh platforması kimi dünya ictimaiyyəti tərəfindən tanınması və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi, mövqeyinin təsbit edilməsi, sözsüz ki, çox əhəmiyyətli ola bilər. Digər tərəfdən, 2011-ci ildən Hərəkata üzv olduqdan bu yana siyasi dəst-xəttində beynəlxalq sülh təşkilatları və forumlarının prinsiplərinə daxili və xarici siyasətində layiqincə riayət etdiyini nümayiş etdirməklə, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli üçün daha çox tərəfdar səs toplamağa müvəffəq ola bilər. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilmiş və Zirvə görüşündə qəbul edilmiş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapmışdır.
    Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayının 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə həmçinin BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Afrika İttifaqının Komissiyasının sədri iştirak etmişdir.  Ölkə başçısı Zirvə görüşünün gündəliyini elan etmiş və bütün iştirakçıları salamlayaraq geniş nitq söyləmişdir. Cənab prezident vurğulamışdır ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartexena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bundan əlavə ölkə başçımız qeyd etmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti təmamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Məhz Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunun bariz sübutudur. Möhtərəm cənab Prezident vurğulamışdır ki, COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərmiş və heç bir ölkə bundan sığortalanmamışdır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik. Azərbaycan dövləti olaraq Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyər müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuş, öz tövsiyyə və təkliflərini vermişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır. Ölkə başçımız bir daha vurğulamışdır ki, Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüş və ölkədə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdur.. Bundan əlavə respublikamızda səhiyyənin inkişafı istiqamətində görülmüş işlərdən geniş məlumat verən ölkə başçısı çıxışının sonunda bütün dünya dövlətləri üçün mövcud olan çətin durumda bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət etmişdir.
       Bu gün pandemiya dövründə cəmiyyətimizdə kasıbın malına, ərzaq payına göz dikənlər arasında vəzifəli şəxslərin də olduğu təəssüf doğurur. Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələr üçün rayonlara göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkəti bağışlanmazdır. Bir çox ölkələr  pandemiyanı müharibə adlandırırlar. Müharibə adlandırılan bu pandemiya dövründə törətdiyi qanunazidd əməllərinə görə artıq bir neçə rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən cəzalandırılmışdır. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən  Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevin təyin edilməsindən sonra ölkəmizdə Korrupsiyaya qarşı mübarizə işi daha da ciddi aparılacaqdır. Bu gün ölkəmizin bütün sağlam qüvvələri möhtərəm Prezidentimizin ətrafında birləşərək, pandemiya dövründən az itkilərlə çıxmaq üçün səylə çalışmalı, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Keçidlər