Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları ilə görüş keçirilmişdir

15 noyabr 2017 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətində 16-19 noyabr tarixlərdə növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşəcək rayon məktəbliləri ilə görüş keçirilmişdir. Tədbirdə məktəblilərlə yanaşı Rayon Təhsil Şöbəsinin işçiləri, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak edirdi.

Tədbiri açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında rayon məktəblilərinin artıq yeddinci dəfə iştirak etdiyini bildirdi. İcra Hakimiyyətinin başçısı çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, şəhər və rayonlarımızın gündən-günə abadlaşması barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi son dövrlərdə əldə edilmiş digər əhəmiyyəti  uğurlar inkişafımızın davamlı olacağından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara münasibəti ölkə vətəndaşlarının tam dövlət qayğısı ilə əhatə olunmasının təzahürüdür.  Bu gün dünyada, xüsusən də şərq ölkələrində baş verən münaqişələrin fonunda ölkəmizdə siyasi sabitliyin qorunub saxlanması, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması xüsusilə vurğulanmışdır.  Gənclərə olan dövlət qayğısı barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı onların təhsil şəraitinin yaxşılaşdırılması, intellektual səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması sahəsində görülmüş işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, vətənə məhəbbət hissinin yüksək olması  2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlarda böyük rol oynamışdır. Mübariz Azərbaycan əsgərləri bu döyüşlərdə böyük rəşadət göstərmişdir.  Biz inanırıq ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan “Böyük Qayıdış”  bütün işğal olunmuş ərazilərimizi əhatə edəcək və bu gün bu tədbirdə iştirak edən, bilik səviyyəsi və nümunəvi davranışları ilə fərqlənən məktəblilərimiz gələcəkdə ölkəmizin, o cümlədən Qarabağımızın inkişafına öz tövhəsini verəcəkdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Tahir Süleymanov çıxış edərək tur-aksiyanın iştirakçılarına uğurlu yol arzuladı.

Daha sonra Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Hacıyev tur-aksiya barədə iştirakçılara məlumat verərək bildirdi ki,  ümumilikdə 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7  tur-aksiya təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəblinin iştirak etmişdir. Cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edən növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfər iştirak edir ki, bununla da, iştirakçıların sayı 17 minə çatacaqdır. Siyəzən rayonunun məktəblilərindən isə tur-aksiyalarda 186 şagird iştirak etmiş və növbəti 40 nəfərlik qrup sabah  Qəbələ - Şəki - Zaqatala istiqaməti üzrə səfər edəcəkdir. Bu  istiqamət  üzrə səfər edəcək şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi bu rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Görüşdə çıxış edən ziyalılar və valideynlər yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

  

 

 

Keçidlər