Heydər Əliyev Mərkəzi
Siyəzən rayon Heydər Əliyev Mərkəzinin açılışı 18 iyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Siyəzən rayonuna tarixi səfəri günündə olmuşdur. Siyəzən Rayon Heydər Əliyev Mərkəzi 3 mərtəbədən və 14 otaqdan ibarətdir. Ümumi sahəsi 1200 kv.m olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvar ayında başlanmış və iyul ayında başa çatdırılmışdır. Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin büstü qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzin birinci mərtəbəsində, ekspozisiya zalında Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 3 sərlövhə mövcuddur. Ekspozisiya zalında Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən təbliğ etmək məqsədilə onun titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid materiallar, fotoşəkillər, tarixi sənədlər nümayiş olunur.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində ümumilikdə 472 eksponat vardır. Bunlar dahi rəhbərin müxtəlif dövrlərdə çəkdirdiyi 71 ədəd foto, 76 ədəd sənəd, 34 ədəd yağlı boya ilə cəkilmiş rəsm əsərləri, 1 büst və 290 ədəd kitabdan ibarətdir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzən rayonuna səfərləri əks olunmuşdur. Buradakı eksponatlar və fotolardan aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Birinci mərtəbədə həmçinin xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Fəaliyyət göstərən xalçaçılıq dərnəyi isə qədim xalq sənəti olan xalçaçılıq ənənələrinin yaşadılmasında böyük töhfələr verərək bu sənətin qədimliyini, dəyərini qoruyub saxlanmasına xidmət edir.
Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və nigah otağı, sərgi salonu vardır. Rəssamlıq dərnəyində məşğul olan şagirdlərin tez-tez rəsm sərgiləri təşkil olunur. Konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait təşkil edilib.
Mərkəzin III mərtəbəsində müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılmışdır. Kompyuter dərnəyində ümumtəhsil məktəblərinin şagirdləri və rayonumuzun gəncləri kompyuter biliklərinə və kompyuterlə işləmək bacarığına yiyələnmək imkanı əldə edir. Xarici dil kurslarına cəlb olunanlara müxtəlif xarici dillərdə (ingilis, rus, alman) biliklərini zənginləşdirərək həmin dildə sərbəst danışmaq qabiliyyətlərini artırmaqları üçün hər cür köməklik göstərilir.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini daha dolğun təbliğ etmək məqsədilə Mərkəzdə yaradılmış “Tədris otağında” Ulu Öndərlə bağlı filmlər nümayiş olunur, dərslər keçirilir. Ümumilikdə Mərkəzdə Ulu Öndərin irsini, həyat və fəaliyyətini özündə əks etdirən 52 disk vardır. Mərkəzdə eyni zamanda Azərbaycançılıq məfkurəsinin və Azərbaycanşunaslığın təşkili geniş şəkildə təbliğ olunur. Vaxtaşırı tariximizi və digər xalqların tarixini təbliğ etmək məqsədilə sərgilər təşkil olunur. Mərkəz müasir texnologiyalarla təchiz olunmuşdur və hamısı işlək vəziyyətdədir. Heydər Əliyev Mərkəzi fəaliyyətə başladığı gündən mütəmadi olaraq rayon və kənd məktəblərinin, idarə, müəssisə və təşkilatların, məktəbəqədər müəsissələrin mərkəzə ekskursiyaları, rayon sakinlərinin və rayona gələn qonaqların Mərkəzlə tanışlığı işi yüksək səviyyədə təşkil olunmuşdur.
E-mail: heydereliyevmerkezi@mail.ru
Facebook: Siyezen Heyder Eliyev Merkezi
Telefon: (23) 304-20-75, (23) 304-21-12