Fəaliyyət
2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə
qarşıda duran vəzifələrlə bağlı Siyəzən Rayon İcra
Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun
H E S A B A T I
Siyəzən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, dördüncü "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələri, ölkə başçısı tərəfindən verilən tapşırıq və tövsiyyələri yerinə yetirmək üçün bütün imkanlardan istifadə etmiş, 2019-cu ili iqtisadiyyatın, sosial-mədəni həyatın bütün sahələrində uğurlu nəticələrlə başa vurmuşdur.
Ötən ilin əvvəllərində möhtərəm cənab Prezidentimiz tərəfindən imzalanmış "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonumuzun sosial-iqtisadi həyatı ilə bağlı bir neçə nəzərdə tutulmuş vacib layihələrin yerinə yetirilməsi təmin edilmiş və ya davam etdirilməkdədir.
Dövlət Proqramına uyğun olaraq yola saldığımız ildə 2 modul tipli məktəb quraşdırılmış, şəhərin çirkab sularının axıdılması üçün nəzərdə tutulan “Təmizləyici Qurğu”nun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. İl ərzində ümumi uzunluğu 24,8 kilometr olan “Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çandahar” avtomobil yolunun tikinti işləri davam etdirilmişdir. Hazırda rayon ərazisində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi aparılır.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuzda da yola saldığımız 2019-cu ildə sosial-iqtisadi inkişafın dinamikası müsbət olmuşdur. Rayon iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 79,4 milyon manat və ya 36,3 faiz artaraq 309,8 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının 146,1 milyon manatı və ya 47,2 faizi tikintinin, 101,8 milyon manatı və ya 32,8 faizi kənd təsərrüfatının, 31,4 milyon manatı və ya 10,1 faizi sənayenin, 28,7 milyon manatı və ya 9,3 faizi ticarətin, 1,8 milyon manatı və ya 0,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşmüşdür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 49,8 faiz təşkil etmişdir.
2019-cu ildə sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 31,4 milyon manat həcmində sənaye məhsulları istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Mədənçıxarma sənayesində 50,6 min ton neft, 8,4 milyon kub metr qaz hasil edilmişdir.
Emal sənayesində 43,6 min dekalitr şərab, 5505,5 ton sərt plastmasdan boru və sair tikinti avadanlıqları istehsal edilmişdir.
2019-cu ildə bütün mülkiyyət növləri üzrə, o cümlədən əhalinin şəxsi vəsaiti də daxil olmaqla iqtisadiyyatın və sosial sahələrin inkişafına 180,9 milyon manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 97,9 faiz çoxdur.
2019-cu ildə əhalinin pul gəlirləri əvvəki il ilə müqayisədə 6,2 faiz artaraq 130,3 milyon manata, adambaşına düşən məbləğ 3096 manata çatmışdır. Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 494,4 manat olmuşdur ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 16,6 faiz artaraq 634,8 manat olmuşdur.
Yola saldığımız ildə rayonda 706 daimi, 343 müvəqqəti iş yerləri yaradılmışdır.
Rayonumuzda hazırda 31,5 min nəfər əmək ehtiyatı vardır. Bunun 22,3 min nəfəri iqtisadi-fəal, 9,2 min nəfəri iqtisadi qeyri-fəal əhalidir. İqtisadi-fəal əhalinin 21,2 min nəfəri və ya 67,3 faizi daimi məşğul əhalidir. Bu isə əvvəlki illə müqayisədə 200 nəfər çoxdur.
Rayonumuzun demoqrafik inkişafında da müsbət dinamika davam etmişdir.
2019-cu ilin sonuna ilkin məlumatlara əsasən rayon əhalisinin sayı 349 nəfər artaraq 42604 nəfər olmuşdur. Rayonda doğulanların sayı 592 nəfər, ölənlərin sayı 243 nəfər olmuşdur.
Rayona daimi yaşayış üçün gələnlərin sayı rayondan gedənlərin sayından 44 nəfər çox olmuşdur. İl ərzində 255 nikah bağlanmış, 60 boşanma halı qeydə alınmışdır.
Apardığımız təhlillər onu göstərir ki, Beşdam, Məşrif, Dağ Quşçu, Eynibulaq və Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisindəki yaşayış məntəqələrində doğulanların sayı əvvəlki illə müqayisədə 24 nəfər azalmışdır. Ən çox azalma Beşdam və Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisindəki yaşayış məntəqələrində olmuşdur. Bu səbəbdən rayonun bir sıra kəndlərində birinci sinfə gedənlərin sayı azalmışdır.
Yola saldığımız ildə rayonun yaşayış məntəqələrində sakinlərimiz tərəfindən ümumi sahəsi 7199 kvadrat metr, o cümlədən yaşayış sahəsi 3150 kvadrat metr, ümumi dəyəri 1,5 milyon manat olan 53 fərdi yaşayış evi tikilmiş, 66 nəfərə fərdi mənzil tikintisi üçün 4,1 hektar torpaq sahəsi ayrılmışdır.
Azərbaycanın gələcək inkişafının sahibkarlığın inkişafından asılı olduğunu dəfələrlə bəyan edən Prezident cənab İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində ölkəmizdə sahibkarlıq bütün səviyyələrdə (mikro, kiçik, orta, iri) sürətlə inkişaf edir, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir.
Rayonumuzda da sahibkarlığın inkişafı üçün əlverişli mühit, kifayət qədər ehtiyat mənbələri vardır.
Hazırda 158 hüquqi, 3415 fiziki şəxs olmaqla rayonda 3573 sahibkarlıq subyekti fəaliyyət göstərir.
Yola saldığımız ildə 9 özəl sahibkarlıq müəssisəsi yaranmışdır ki, onlardan 2-si kənd təsərrüfatı, 3-ü ticarət, 2-si tikinti, 1-i sair xidmətlər, 1-i informasiya texnologiyası sahəsinə aiddir.
2019-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 7 nəfər hüquqi və fiziki şəxsə tikinti aparmaq məqsədi ilə torpaq sahəsi ayrılmışdır.
7 sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, 198 kvadrat metr xidmət sahəsi olan 2 sahibkarlıq subyekti qeydə alınmış, müvafiq istismar aktı verilmişdir.
Rayonda sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iqtisadi inkişafla yanaşı, həm də yeni iş yerlərinin yaranması, əhalinin məşğulluq probleminin həlli deməkdir. Rayon İcra Hakimiyyəti bu sahənin təşviqini öz fəaliyyətinin ən prioritet sahəsi hesab edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fərdi dəstəkləyir və mümkün köməkliyi göstərmək əzmindədir. Bu istiqamətdə bütün əlaqələrdən və imkanlardan istifadə edir.
2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 sahibkara 9,7 milyon manat kredit verilmiş, bunun hesabına 202 yeni iş yeri yaradılmışdır.
Ötən il rayonda fəaliyyət göstərən banklar tərəfindən də 2780 nəfərə 9,1 milyon manat kredit verilmişdir.
Bu rəqəmlər rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin ən yaxşı göstəricisidir.
2019-cu ildə sahibkarlar tərəfindən 113,8 milyon manat dəyərində 17 investisiya layihəsi üzrə işlərin icrası davam etmişdir. Yerli investorlar tərəfindən davam edən bu layihələrə qoyulan vəsaitin 68,4 milyon manatı 2019-cu ilin payına düşür. Həmin layihələrin bir neçəsini sadalamaq istərdim.
“Siyəzən-Broyler” ASC tərəfindən yatırılmış investisiya hesabına quş əti istehalının ildə 15 min tondan 45 min tona çatdırılması üçün mükəmməl infrastruktur yaradılmışdır. Yeni kəsim, qarışıq yem, inkubatoriya, tullantıların təkrar emalı sexləri və quş yetişdirmək üçün əlavə sexlər tikilmişdir. Bundan əlavə 200 hektar sahədə 67 min badam, 55 116 ədəd zeytun tingləri, istixana şəratində 23 min nektarin, alça, şaftalı tingləri, 35 hektar qarğıdalı və 35 hektar yonca əkilmiş və fabrikdə 200 yeni iş yeri yaradılmışdır.
Zarat kəndində 10 min tonluq taxıl anbarı kompleksi və logistik mərkəzi investisiya qoyuluşu hesabına genişləndirilmiş və taxıl qəbul etmə həcmi artırılaraq 42 min tona çatdırılmışdır. Burada əlavə anbarlar tikilmiş, digər kənd təsərrüfatı məhsullarının qəbuluna imkan yaradılmış və hazırda işlər davam etdirilir.
İntensiv üsulla bağların salınması istiqamətində əsaslı işlər görülür. Yola saldığımız ildə fermerlər və fərdi mülkiyyətçilər tərəfindən 90 hektar intensiv üsulla becərilən yeni bağlar salınmışdır.
Yenikənd kəndi yaxılığında “FREŞ QROUP” MMC tərəfindən giləmeyvə (qaragilə) istehsalı məqsədilə mükəmməl bir layihənin icrasına başlanılmışdır. Qaragilə kolları Avropa ölkələrindən gətirilir və burada müasir becərmə texnologiyasına uyğun olaraq yetişdirilir. Ümumi ərazisi 28 hektardır, hazırda bunun 5 hektarında 30 min qaragilə kolu əkilmiş və işlər davam etdirilir.
Siyəzən şəhəri yaxınlığında intensiv üsulla becərilən 3 hektar sahədə 20 min giləmeyvə (malina) kolları əkilmiş hazırda daha 1,5 hektar sahədə əkin işləri aparılır.
Qeyd etmək lazımdır ki, giləmeyvə istehsalı ən çox əmək tutumlu sahədir və təkcə bu sahəyə ötən müddətdə 30 nəfərdən çox işçi daimi işə cəlb olunmuşdur. Nəzərə alsaq ki, işə cəlb olunanlar Siyəzən şəhəri və Yenikənd kəndindən olan evdar qadınlardır, onda layihələrin rayon üçün olan əhəmiyyəti daha da artır. Bütün bunlar onu göstərir ki, rayonda həyata keçirilən tədbirlər kənd təsərrüfatının qeyri-ənənəvi sahələrinin inkişafına da təkan vermişdir.
Siyəzən şəhərində ayrı-ayrı sahibkarlar tərəfindən yatırılmış investisiya hesabına tikintialtı sahəsi 2500 kvadrat metr olan şadlıq sarayı, tikintialtı sahəsi 431 kvadrat metr olan mağaza-kafe və bir neçə kiçik ölçülü mağaza və ictimai-iaşə obyektlərinin tikintisi davam etdirilmiş, çoxmərtəbəli yaşayış binasının və 30 yerlik 4 mərtəbəli otelin tikintisinə başlanılmışdır.
Yola saldığımız ildə rayonda abadlıq-quruculuq, tikinti, yolların və mənzil fondunun əsaslı təmiri və tikintisi işləri diqqət mərkəzində olmuş, görülən işlərə büdcə vəsaiti hesabına 600 min manat, ictimai əsaslarla 78,8 min manat vəsait sərf edilmişdir. Rayon mərkəzində, yaşayış məntəqələrində mənzil-məişət, yol-tikinti, su təchizatı və digər sosial infrastrukturun möhkəmləndirilməsi istiqamətində tədbirlər görülmüşdür. Siyəzən şəhərində çoxmərtəbəli yaşayış binaların ətrafının abadlaşdırılması məqsədi ilə “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və quruculuq işləri davam etdirilmişdir. Heydər Əliyev küçəsi 15, 17 və 19 nömrəli çoxmərtəbəli yaşayış binalarının ətrafının abadlaşdırılması işlərinə başlanılmış, binaların qarşısındakı ərazi müxtəlif inşaat tullantılarından təmizlənmişdir. Sahəsi 1350 kvadrat metr olan istirahət parkında hörgü işləri başa çatdırılmış, parka 400 metr bardur, 500 kvadrat metr tamet tavalar döşənmiş, söhbətgah tikilmiş, 10 ədəd oturacaq quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.
Heydər Əliyev küçəsi, 29 nömrəli çoxmənzilli yaşayış binasının qarşısındakı parkda, Tofiq İsmayılov küçəsində (İnternat məktəbinə gedən yolda) abadlıq işləri görülmüş, yöndəmsiz taxta hasarlar sökülmüş və yenidən mişar daşı ilə hörülmüşdür. Küçədə piyada səkisi salınması ilə əlaqədar yol kənarına beton bardurlar qoyulmuş və burada digər abadlıq işlərinin görülməsi davam etdirilir.
Heydər Əliyev küçəsi, 41 nömrəli binanın ətrafının abadlaşdırılması işlərinə başlanılmış, ərazi müxtəlif tullantılardan təmizlənmiş, əraziyə münbit torpaq daşınaraq hamarlanmışdır. Burada bir söhbətgah tikilmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, digər abadlıq işləri görülmüşdür. Hazırda işlər davam etdirilir.
Əhalinin asudə vaxtının səmərəli keçirməsi üçün əvvəllər yaradılmış və ötən müddətdə yararsız vəziyyətə düşmüş infrastrukturun bərpa edilməsi işləri aparılır. Şəhərin mərkəzi istirahət parkında yararsız vəziyyətə düşmüş dörd fontan daxili imkanlar hesabına təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
Heydər Əliyev Seyrəngahında iki ədəd və şəhərin mərkəzi parkında bir ədəd söhbətgah tikilmiş, parklara əlavə olaraq 15 ədəd daş oturacaq qoyulmuşdur.
Molla Pənah Vaqif küçəsində, Mədəniyyət Mərkəzinin inzibati binasının yanında və şəhər parkının qurtaracağında ahıl vətəndaşların istirahət etməsi üçün oturacaqlar qoyulmuş və həmin ərazilər abadlaşdırılmışdır.
Şəhərin Babək küçəsində (3 saylı tam orta məktəbin yanı), şəhər parkından Regional Müalicə Diaqnostika Mərkəzinə gedən yolda, Bayraq meydanından Aydın Qaradağlı küçəsinə və 6 saylı məktəb-liseyə gedən yollarda piyadaların rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni piyada səkiləri salınmış və ümumilikdə səkilərə 405 metr bardur və 560 kvadrat metr tamet tavalar döşənmişdir.
Şəhər küçələrinin işıqlandırılması işləri davam etmişdir. Şamil Baxşıyev küçəsində 25 ədəd, 28 May küçəsində 8 ədəd, Tofiq İsmayılov küçəsində 63 ədəd işıq dirəyi quraşdırılmış, Hökmulla Talıbov küçəsində 23 plafon yenisi ilə əvəzlənmişdir.
Rayonda yol-tikinti infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Siyəzən şəhərindəki Heydər Əliyev, Şamil Baxşıyev, 28 May, Bəşir Səfəroğlu, Həzi Aslanov, Babək Bayramov, Tofiq İsmayılov və Mirzə Ələkbər Sabir küçələrində piyada yollarının bərpası, avtomobil yollarının asfaltlanması, 28 May, Fəyyaz Əlməmmədov, Şamil Baxşıyev, Orucəli Qoçəliyev, Mirzə Ələkbər Sabir, Babək Bayramov, Ərzuman Cabbarov küçələrində təmir işləri aparılmışdır.
Şəhər ərazisində cəmi uzunluğu 5,5 kilometr olan 8 küçənin 30,2 min kvadrat metr sahəsi asfalt-beton örtüklə əsaslı təmir olunmuş, cəmi uzunluğu 12,9 kilometr olan 13 küçənin 71 min kvadrat metr sahəsinə çınqıl verilərək küçələr təmir olunmuşdur.
Şəhərin park, küçə və meydanlarında piyada keçidlərinin kənarlarına 0,8 km bardur düzülmüş, 920 kvadrat metr tamet daşı qoyulmuş, 160 kvadrat metr ağlay daşdan üzlənmə işi aparılmışdır.
Şəhərin mənzil fondunda da əsaslı təmir işləri aparılmışdır. Heydər Əliyev küçəsi 23 və 149 nömrəli çoxmərtəbəli yaşayış binalarının yararsız vəziyyətdə olan 1400 kvadratmetr dam örtüyü təzələnmişdir.
Heydər Əliyev küçəsi 29 nömrəli çoxmənzilli yaşayış binasının giriş bloklarında təmir işləri aparılmış, Hökmulla Talıbov küçəsindəki 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının yararsız vəziyyətdə olan dam hissəsindəki tüstü bacaları yenidən hörülərək bərpa edilmişdir.
Hazırda Siyəzən şəhərinin küçə və meydanları 855 nöqtədən işıqlandırılır və buna da ötən il 81,9 milyon kilovat/saat elektrik enerjisi sərf edilmişdir.
Rayon mərkəzinin - Siyəzən şəhərinin daha da abadlaşdırılması üçün görüləsi işlər hələ də çoxdur. Şəhərin 38 küçəsi, ucqarlar da daxil olmaqla 82,5 km maşın yolu, bir o qədər də piyada gediş-gəliş yolu vardır ki, onun tən yarısı yenidən tikilməli, müasir üslubda döşənməlidir. Şəhər sakinləri ilə görüşlərdə, Rayon İcra Hakimiyyətində keçirilən qəbullarda, vətəndaşların bilavasitə müraciətləri nəzərə alınaraq Siyəzən şəhərində 2020-ci ildə görülməsi nəzərdə tutulan abadlıq-quruculuq, təmir-tikinti, yolların, mənzil fondunun təmiri ilə bağlı geniş tədbirlər planı hazırlanmışdır. Artıq bu işlərin icrasına başlanılmışdır.
Cari ildə şəhərin Həzi Aslanov, Şamil Baxşıyev, 28 May, Aydın Qaradağlı, Ərzuman Cabbarov, Tofiq İsmayılov, Şah İsmayıl Xətai və Səttar Xeyrullayev küçələrinə asfalt-beton, Fəyyaz Əlməmmədov, Şamil Baxşıyev, Mirzə Ələkbər Sabir, Babək Bayramov, Cabir Novruz, Ərzuman Cabbarov, 28 May və Hökmulla Talıbov küçələrinin müəyyən hissələri isə çınqılla əsaslı təmir olunacaqdır.
Bununla yanaşı, şəhərin Heydər Əliyev küçəsi 32,33,145,147,149,58 və 85 nömrəli binaların qarşısındakı məhəllənin abadlaşdırılması çərçivəsində 3822 kvadrat metr əraziyə asfalt-beton verilərək məhəllə əsaslı təmir olunacaqdır. Sakinlərin arzusu nəzərə alınaraq binaların qarşısında yaradılacaq nümunəvi həyətlərdə 5 ədəd kölgəlik quraşdırılacaqdır.
Hökmulla Talıbov küçəsi 1, 2, 3 və 4 nömrəli binaların qarşısında 4000 kvadrat metr əraziyə asfalt-beton verilərək məhəllə əsaslı təmir olunacaq, burada 2 ədəd kölgəlik quraşdırılacaqdır.
Belə ki, şəhərin Tofiq İsmayılov küçəsində 362 metr, Heydər Əliyev küçəsində 320 metr, Cəfər Cabbarlı küçəsində 200 metr beton səki daşları qoyulacaq, səkilərdə təmir işləri görüləcək və isıqlandırma sistemi yenidən qurulacaqdır.
2020-ci ildə mənzil fondu hesabına şəhərin Heydər Əliyev küçəsində yerləşən 21 və 145 saylı, Tofiq İsmayılov küçəsində yerləşən 47 saylı binalarda əsaslı təmir işləri aparılacaqdır.
Sakinlərin rahatlığını təmin etmək üçün şəhərin zərurət yaradan yerlərində əlavə müasir tipli dayanacaqların qurulması nəzərdə tutulmuşdur.
Şəhərdə daha 500 yerdə işıqlandırma nöqtələri qoyulmasına ehtiyac vardır. Növbəti ildə Həzi Aslanov, Bəşir Səfəroğlu, Alı Mustafayev, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Fəyyaz Əlməmmədov və abadlaşdırılan digər nümunəvi həyətlərdə işıqlandırma nöqtələri qurulacaqdır. Həmçinin şəhər ərazisində əhalinin istirahətini səmərəli təşkil etmək məqsədilə Heydər Əliyev Seyrəngahında, mərkəzi parkda, Mikayıl Müşfiqin abidəsinin ətrafında və yeni salınmış kiçik istirahət parklarında işlər davam etdiriləcəkdir.
Şəhərin digər küçə və parklarında da abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Rayonun bütün kəndlərində kənddaxili yolların çəkilişi, işıqlandırma tədbirləri, ictimai yerlərin abadlaşdırılması, yaşıllıqların salınması vacib vəzifələrdəndir.
Biz bu işlərlə ciddi məşğul olmalı, yerli özünüidarə orqanlarının fəaliyyətini bu sahə ilə əlaqələndirməli, ictimai təşəbbüskarlıqdan istifadə etməliyik.
Yola saldığımız ildə kənd bələdiyyələri tərəfindən də rayon ərazisində bəzi abadlıq-quruculuq işləri aparılmışdır. Siyəzən bələdiyyəsi tərəfindən 28 May və Şah İsmayıl Xətai küçələrində 1,5 kilometr yol yatağına çınqıl verilərək küçələr təmir olunmuşdur. Bələdiyyə binasının qarşısından keçən 120 kvadrat metr səki və binanın fasad hissəsi təmir olunmuşdur.
Yenikənd, Məşrif, Sədan və Həmyə bələdiyyələri tərəfindən bələdiyyə ərazisində 5,6 km yol yatağına çınqıl verilərək küçələr təmir olunmuş, 2 km suvarma arxı təmizlənmiş, küçələrin işıqlandırılması məqsədilə 24 ədəd plafon qoyulmuş və digər işlər görülmüşdür.
Eynibulaq bələdiyyəsi vətəndaşların müraciətləri əsasında “Azərsu” ASC-yə müraciət etmiş və “Azərsu” ASC tərəfindən kəndə gələn içməli su xəttinin 240 metr hissəsinə yeni borular qoyulmuşdur.
Zarat kənd tam orta məktəbinin və kənd stadionunun ətrafı məişət tullantılarından təmizlənmiş, ərazidə aqrobağın salınması nəzərdə tutulmuşdur.
Rayonumuzun iqtisadiyyatının əsas aparıcı sahəsi kənd təsərrüfatıdır. 2019-cu ildə bu sahədə müsbət irəliləyiş əldə edilmişdir.
Rayonda kənd təsərrüfatına yararlı 38878 hektar torpaq sahəsi vardır. Kənd təsərrüfatına yararlı torpaqların 12802 hektarı əkin torpaqlarıdır ki, bunun da 10898 hektarı pay torpaqlarıdır.
2019-cu ildə rayon üzrə 101,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 8,9 milyon manatı və ya 9,5 faizi bitkiçilik, 93,1 milyon manatı və ya 90,5 faizi heyvandarlıq məhsullarından ibarət olmuşdur.
2019-cu ilin məhsulu üçün rayonda 6958 hektar əkin sahələrində kənd təsərrüfatı bitkiləri əkilmişdir. Əkin sahələrinin 6353 hektarı və ya 91,3 faizi dənli, paxlalı və yağlı bitkilərdən ibarət olmuşdur. Dənli, paxlalı və yağlı bitki əkinlərinin 3788 hektar sahəsindən 11062 ton buğda, 2516 hektar arpa sahəsindən 6906 ton arpa, 28 hektar qarğıdalı sahəsindən 52 ton dən üçün qarğıdalı, 16 hektar paxlalı bitki sahəsindən 21 ton paxlalı bitki, 5 hektar günəbaxan sahəsindən 5 ton günəbaxan dəni yığılmışdır.
Əvvəlki il ilə müqayisədə dənli, paxlalı və yağlı bitki istehsalı 55,2 faiz, o cümlədən buğda istehsalı 61,6 faiz, arpa istehsalı 57,9 faiz artmışdır. Hektardan məhsuldarlıq da artaraq 28,5 sentnerə çatmışdır.
Cari ilin məhsulu üçün rayonda fermer, ailə təsərrüfatları və müəssisələr tərəfindən əvvəlki ildən 155 hektar çox, 6459 hektar sahədə dənli bitkilər əkilmişdir. O cümlədən 3505 hektar buğda, 2954 hektar arpa səpini aparılmışdır. Taxılçılarımız aqrotexniki qulluq işlərinə diqqətlə yanaşacaq, daha yüksək məhsuldarlığa nail olacaqlar.
Son illər lizinq yolu ilə rayona gətirilən kənd təsərrüfatı texnikasının sayı artmışdır. 2019-cu il ərzində “Aqrolizinq” ASC-nin Siyəzən-Xızı bölməsi tərəfindən 3 ədəd taxılyığan kombayn, 2 ədəd traktor, 1 ədəd diskli mala, 1 ədəd toxumsəpən, 2 ədəd 4 korpus kotan gətirilmiş və lizinqə verilmiş, 785 fermerə 70% güzəştlə 803 ton mineral gübrə satılmışdır.
2019-cu ilin məhsulu üçün rayonda 139 hektar kartof, tərəvəz və bostan bitkiləri, 466 hektar yem bitkiləri əkilmişdir. 28 hektar kartof sahəsindən 215 ton kartof, 83 hektar tərəvəz sahəsindən 797,7 ton tərəvəz, 28 hektar bostan bitkisi sahəsindən 283 ton bostan məhsulu yığılmışdır.
Hazırda respublikamızda istixana şəraitində tərəvəz yetişdirilməsi praktikası geniş tətbiq edilməkdədir. İndi rayonda irili-xırdalı 2,71 hektar sahəsi olan 7 istixana vardır.
Yola saldığımız ildə rayonumuzda 204,5 hektar sahədə yeni bağlar salınmış, bu isə əvvəlki ildəkindən 2,7 dəfə çoxdur. Meyvə bağlarının sahəsi 1001,5 hektara çatmışdır. Meyvə bağlarından 2808 ton meyvə toplanmış, əvvəlki il ilə müqayisədə meyvə istehsalı 24,1 faiz artmışdır.
Rayonumuzda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən biri də üzümçülük olmuşdur. Üzümçülükdə də məhsul istehsalında müsbət artım müşahidə olunmaqdadır. Ötən il 7 hektar yeni üzüm bağı salınmış, üzüm bağlarının sahəsi 51 hektara çatmışdır. Üzüm bağlarından 475 ton üzüm toplanmışdır ki, bu da əvvəlki il ilə müqayisədə 25 faiz çoxdur.
Son illər rayonumuzda meyvə və üzüm bağlarının salınmasında müsbət təcrübə əldə etmiş nümunəvi ailə-kəndli fermer təsərrüfatları və sahibkarları vardır. Bir neçə nümunəvi təsərrüfatı misal göstərək: “Həsənağa” kəndli fermer təsərrüfatı rayonun meyvəçilik sahəsində ən iri və nümunəvi göstəriciləri olan təsərrüfat qurumudur. İndi “Həsənağa” kəndli fermer təsərrüfatının Balaca Həmyə kəndində müasir damcı üsulu ilə yetişdirilən 21 hektar badam bağı, 28 hektar üzüm bağı və 3 hektar qarışıq meyvə bağı vardır.
Qazanılmış bu müsbət təcrübə davam edir.
Məşrif kəndi ərazisində Məmmədov İlham 29,4 hektar qarışıq meyvə bağı, 4,6 hektar üzüm bağı, Yenikənd kəndində “Caspian-Coast Winery and Vineryards” MMC 10 hektar üzüm bağı, Muradov Xəlil 2 hektar fındıq bağı, Tuğay kəndində Şəfiyev İlqar 3 hektar, Abuzərov Ələkbər 2 hektar fındıq bağı, Böyük Həmyə kəndində Hüseynova Şükufə 3,5 hektar intensiv üsulla becərilən əncir bağı, Balaca Həmyə kəndində Dəmirov İslam 3 hektar, Dəmirov Arif 3,4 hektar qarışıq meyvə bağı salmışlar.
2019-cu ildə “Həsənağa” kəndli fermer təsərrüfatı 11 hektar, “AXSİS SERVİSE” MMC 5,35 hektar, Bağırov Qafar 9,47 hektar, Abdullayev Nizami 7 hektar, Hüseynli Tural 4,9 hektar, Hüseynov Pərviz 4,9 hektar sahədə intensiv üsulla becərilən yeni badam bağları salmışlar.
Cari ildə meyvə bağlarının sahəsini 1,2 min hektara, üzüm bağlarının sahəsini isə 100 hektara çatdırmaq imkanı vardır.
Cənab Prezidentin “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illər sosial-iqtisadi inkişafı”nın yekunları ilə bağlı ötən ilin əvvəllərində keçirilmiş konfransdakı nitqində ölkədə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bağçılıqda badam, qoz və zeytun bağlarının salınması perspektivlərini qeyd etmişdir.
Rayonumuzun iqlim şəraiti və əlverişli coğrafi mühiti badam və zeytun bağlarının əkilib yetişdirilməsinə imkan verir.
Hazırda rayonda 178 hektar badam, 224 hektar zeytun bağı mövcuddur.
Ötən il rayonda fermerlər tərəfindən 90 hektar badam, 90 hektar zeytun bağı salınmışdır.
Qarşıdakı illərdə rayonda badam bağlarının həcmini 250 hektara, zeytun bağlarının həcmini isə 300 hektara çatdıra bilərik.
Hazırda badam və zeytun bağlarının salınması işləri davam edir. Rayonmuzda zeytun bağlarının salınmasının stimullaşdırılması məqsədi ilə Zarat, Beşdam, Həmyə, Məşrif, Sədan və Yenikənd bələdiyyələrınə aid torpaqlarda hər bələdiyyə tərəfindən azı 1 hektar zeytun bağının salınması təşəbbüsləndirilib. Bu təşəbbüsün reallaşması üçün bütün əsaslı işləri görmək lazımdır. Bu tədbir gələcəkdə bələdiyyələrin büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, həm də rayon ərazisində zeytun bağlarının salınmasının stimullaşdıracaq və kənd əhalisinin məşğulluğunu təmin etməklə yanaşı onların gəlirlərini də artıracaqdır.
Rayonda bu ilin məhsulu üçün əkilmiş 28 hektar kartof sahəsindən 215 ton kartof məhsulu istehsal edilmişdir. Kartofun məhsuldarlığı 76,7 sentner olub. Böyük Həmyə kəndində Aynur Binyətova 0,55 hektar torpaq sahəsindən 42 sentner məhsul əldə etmişdir. Kartofçuluğu inkişaf etdirməyə imkanımız vardır. Cari ildə, qarşıdakı yaz mövsümündə rayonun dağlıq ərazilərində kartof əkinini ötən ildən 2-3 dəfə çox artırmağı tövsiyə edirik və yəqin ki, fermerlərimiz təşəbbüsümüzü reallaşdıracaqdır.
Rayonumuzun torpaq ehtiyatları bizə 200-250 hektar sahədə kartof əkməyə imkan verir. Belə halda biz daxili tələbatımızı 100 faiz ödəyə bilərik. Rayonun dağlıq və dağətəyi ərazisində, xüsusən Yuxarı Ələz, Dağ Quşçu, Məşrif, Sədan, Yanıq Ələz, Qozağacı, Qərəh, Ərziküş kəndlərində bu sahə üçün yararlı torpaqlar boş qalır. İndi yeni mövsüm başlayır. Yerli ərazi nümayəndələri, bələdiyyələr kartof əkinin aparılmasını təşəbbüsləndirməli, fermerlərə əməli köməklik göstərməlidirlər ki, daxili tələbatımızı yerli istehsalla ödəyək.
2019-cu ildə iri buynuzlu mal-qaranın sayı 5,4 faiz artaraq 13971 başa, qoyun və keçilərin sayı 0,3 faiz artaraq 54980 başa çatmışdır.
Diri çəkidə 20703 ton ət, 13445 ton süd, 12,6 milyon yumurta, 93,5 ton yun istehsal edilmişdir.
Heyvandarlığın inkişafında önəmli amil olan cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalanma yolu ilə heyvanların cins tərkibinin dəyişdirilməsinə isə təəssüf ki, lazımı diqqət yetirilməmişdir. 2019-cu ildə cəmi 349 baş heyvanda süni mayalanma aparılmış, 186 baş cins buzov əldə olunmuşdur.
Dövlətimiz faydalı qida mənbəyi olan arıçılığın inkişafına da xüsusi önəm verir. Rayonumuzda şəxsi təsərrüfatlarda 2513 arı ailəsi var. İl ərzində 5,5 ton bal istehsal olunmuşdur. Arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən artıq iki ildir ki, subsidiyanın verilməsinə başlanılmışdır. 2019-cu ildə 99 nəfərə 1838 arı ailəsinə görə 18 min 380 manat subsidiya verilmişdir. Dövlətin bu qayğısı şübhə etmirik ki, rayonumuzda arıçılığın inkişafına təkan verəcəkdir.
Cənab Prezident ölkədə aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasının kənd təsərrüfatındakı əhəmiyyətini qeyd edərək demişdir ki, “Aqroparkların əhatə etdiyi sahə 200 min hektardır. 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur ki, onların istehsal edəcəyi məhsul 1 milyard manata yaxın olacaqdır”.
Ölkədə yaradılmış və yaranma prosesi davam edən 51 aqroparkdan 1-i bizim rayona aiddir.
Belə ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunun ərazisində ilkin mərhələdə istifadəyə verilmiş yeni suvarılan torpaqların 1333,88 hektarı əkin dövriyyəsinə cəlb olunmuşdur. Bu torpaqlarda aqropark yaradılması təklif olunmuşdur. Əkin dövriyyəsinə cəlb edilən həmin torpaq sahələrindən Zarat bələdiyyəsi 698 hektar, Beşdam bələdiyyəsi 300 hektar və Məşrif bələdiyyəsi 40 hektar olmaqla cəmi 1038 hektar torpaq sahəsinin “AQROLUX-CN” MMC-yə aqropark yaradılması və kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməsi məqsədi ilə bələdiyyələr tərəfindən müvafiq qərarlar qəbul edilmiş və sənədləşməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti qurumlarına müraciət olunmuşdur.
Bundan əlavə aqropark yaradılması məqsədi ilə “AQROLUX-CN” MMC-yə 340 hektar dövlət mülkiyyətinə aid torpaq sahəsi icarəyə verilmişdir.
“AQROLUX-CN” MMC-nin verdiyi məlumata görə layihənin ümumi dəyəri 19 milyon manatdır. Aqroparkın əsas fəaliyyəti ətlik-südlük təsərrüfatının yaradılması və istehsal olunan məhsulun emal müəssisələrinə verilməsindən ibarət olacaqdır. Layihə üzrə 59 daimi, 200-ə yaxın mövsümü iş yerləri yaradılacaqdır.
Hazırda “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonu ərazisində ikinci mərhələdə istifadəyə verilmiş yeni suvarılan torpaqlardan səmərəli istifadə etmək üçün işlər görülür. Bu mərhələdə istifadəyə verilmiş 1532,61 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Əkin torpaqlarının 6198 hektarı və ya 48,4 faizi suvarılan torpaqlardır.
Siyəzən rayon Suvarma Sistemləri idarəsi tərəfindən rayonun mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması üçün ötən il 208,56 km suvarma arxı lildən təmizlənmiş, 14 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Gilgilçay çayında 0,5 km çay məcrasının təmizlənməsi işləri görülmüşdür.
Ekoloji tədbirlər çərçivəsində rayon ərazisində fəaliyyət göstərən kafe, restoran, müxtəlif iaşə və xidmət sahələrində sanitar-texniki və sanitar gigiyenik norma tələblərin uyğunluğu vəziyyətinin araşdırılması üçün rayon İcra Hakimiyyətində yaradlmış komissiya tərəfindən rayonda fəaliyyət göstərən obyektlərdə qeyd olunan norma və tələblərə uyğunluğu vəziyyətinin araşdırılması üçün reydlər davam etdirilmiş, baş verən nöqsanların qarşısının alınması üçün tədbirlər görülmüşdür
Rayonda ekoloji mühitin qorunub saxlanılması, həmçinin zibilxanaların ləğv olunması üçün əhali də təşəbbüskarlıq göstərməlidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu ilin payız əkini mövsümündə respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi təşəbüsü Siyəzən rayonunda yüksək səviyyədə icra olunmuş, rayon ərazisində 16000 ağac əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyası rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamının icrasına dair Tədbirlər Planının Siyəzən rayonunda yerinə yetirilməsi ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 2019-cu il 22 iyul tarixli 55 nömrəli sərəncamı ilə Yerli Ekspert Komissiyası yaradılmış və komissiyaya müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Yerli Ekspert Komissiyası tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və rayonda 24 yaşayış məntəqəsi üzrə 580 oyektin hamısında işlər vaxtında yekunlaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Siyəzən rayonunda torpaqlardan istifadə vəziyyətinin monitorinqinin nəticələri barədə arayışın baxılıb tədbir görülməsi barədə 3 oktyabr 2019-cu il tarixli tapşırığı ilə əlaqədar bir sıra işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 1 iyul 2019-cu il tarixli sərəncamı ilə rayonda qış otlaqlarından və bələdiyyə mülkiyyətində olan örüş torpaqlarının istifadə vəziyyətinin öyrənilməsi üçün işçi qrup yaradılmış və işçi qrup tərəfindən vəziyyət öyrənilmişdir.
Yerlərdə aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dövlət mülkiyyətindən icarəyə verilmiş, təyinatı üzrə istifadə olunmayan dövlət mülkiyyətinə aid cəmi 94,3 hektar torpaq sahəsi üzərindəki icarə hüquqlarına Siyəzən Rayon Məhkəməsinin müvafiq qərarları ilə xitam verilmişdir.
Rayon ərazisində qış otlaq sahələrinin səmərəli istifadə olunması üçün müvafiq tədbirlər davam etdirilmiş, 700 hektar dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən təyinatı üzrə istifadə edilmədiyi və müqavilə şərtlərinə əməl olunmadığı üçün fiziki şəxslərlə bağlanmış icarə müqavilələri ləğv edilmişdir.
Anoloji tədbirlər rayonda fəaliyyət göstərən bələdiyyələr tərəfindən də həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Bununla yanaşı bəzi bələdiyyələrin işində bu sahədə bir sıra nöqsanlar hələ də qalmaqdadır. Ona görə də rayon ərazisində torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi, torpaq qanunvericiliyinin pozuntusu hallarının aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər davam etdirilməlidir.
2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən rayonun meşə fondu torpaqlarında 19 hektar meşə əkini aparılmışdır.
2019-cu ildə rayon büdcəsinin yerli gəlirlərinin icrası 3 milyon 712 min manat proqnoza qarşı 3 milyon 853 min manat, yəni 3,8 faiz çox icra olunmuşdur. Rayon büdcəsinin yerli xərcləri isə 3 milyon 712 min manat proqnoza qarşı 3 milyon 499 min manat və ya 94,3 faiz icra olunmuşdur. Büdcə xərclərinin 2 milyon 31 min 200 manatını və ya 58,1 faizini əhaliyə əmək haqqı, pensiya və müavinət ödənişi xərcləri təşkil etmişdir.
Məlumat üçün bildirim ki, 2017-ci ildən rayonumuz daxili imkanlar hesabına dotasiya olmadan öz büdcəsini tənzimləyir.
Rayonda elektrik enerjisi, təbii qaz, içməli su və kanalizasiya şəbəkəsinin tikintisi layihələrinin icrası istiqamətində də işlər davam etdirilir. Yaşayış məntəqələrində elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilmiş, Yenikənd kəndində yeni yaşayış massivində 100-ə yaxın evə qaz xətti çəkilmişdir.
İl ərzində istehlak olunan elektrik enerjisinin dəyəri 104,3 faiz ödənilmişdir.
Elektrik Şəbəkəsi tərəfindən elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, 2 ədəd (1 birgirişli) 10-6 kilovoltluq kompleks transformator məntəqəsinin tikintisi başa çatdırılmışdır. 2,3 km uzunluğunda 35 kilovoltluq, 3,4 km uzunluğunda 10-6 kilovoltluq hava veriliş xətləri təmir olunmuşdur.
Siyəzən şəhəri Məhəmməd Füzuli küçəsində 12, Beşdam kəndində 10, Sədan kəndində 10 abonentə yeni xətlər çəkilməklə elektrik enerjisi verilmişdir. Nardaran kəndində 10 ədəd, Qərəh kəndində 20 ədəd 6 kilovoltluq yüksək gərginlik dayağı həyətlərdən çıxarılmış, təhlükəsiz yerdə quraşdırılmışdır.
Asan Xidmət mərkəzlərinə müraciət etmiş 111 abonentə elektrik xətti çəkilərək yeni sayğaclar quraşdırılmışdır.
İl ərzində İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbullarda və icra nümayəndəliklərində keçirilən hesabatlarda əhali tərəfindən rayonun Beşdam, Qərəh, Tuğay kəndlərində elektrik xətlərinin yenilənməsi, elektrik dirəklərinin dəyişdirilməsi və 10 kv-luq açarın yerinin dəyişdirilməsi təklifləri verilmişdir.
Qaldırılan bu məsələlər nəzərə alınmış və bu işlərin həlli “Azərişıq” ASC-nin müvafiq qurumları ilə əlaqələndirilmişdir.
Rayonda əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasında da tədbirlər davam edir. İndi rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 7921 nəfərdir. Bu isə qazlaşmanın 88,6 faizi deməkdir. İl ərzində əhali tərəfindən istehlak olunan təbii qazın dəyəri 100,8 faiz ödənilmişdir.
2019-cu ildə Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 5236,4 paqonmetr qaz xətti çəkilmişdir. İstismar müddəti başa çatmış 874 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Qaz təminatının yaxşılaşdırılması məqsədilə Siyəzən şəhəri Fəyyaz Əliməmmədov və Hökmulla Talıbov küçələrində 2 ədəd siyirtmə, Eynibulaq kəndində 1 ədəd qaztənzimləyici quraşdırılmışdır.
Dövlət Proqramına uyğun olaraq Yenikənd kəndində yeni yaşayış massivində 100-ə yaxın evə qaz xəttinin çəkilməsi işlərinə başlanılmış və hazırda işlər başa çatmaq üzrədir.
Bununla yanaşı qeyd edim ki, rayonun Məşrif, Qalaaltı, Daşlı Çalğan, Orta Çalğan, Dağ Quşçu kimi, hər birində yüzə yaxın ev olan dağ kəndlərində əhali bu gün də təbii qazdan istifadə edə bilmir. Bu kəndlər “Azəriqaz” İstehsalat Birliyinin qeydiyyatında qazlaşmayan yaşayış məntəqələri kimi qeydiyyatdadır. Rayonun Zarat, Eynibulaq, Balaca Həmyə kəndləri qazlaşdırılmış hesab olunsa da bu kəndlərin hər birində əlliyə yaxın, Siyəzən şəhərində isə yeni salınmış yaşayış massivlərində 179 evin qazlaşmasına ehtiyac vardır.
İnzibati ərazi dairələrində keçirilən illik hesabatlarda əhali tərəfindən qaldırılan təkliflər arasında rayonun qazlaşmayan ərazilərinə: Məşrif, Qalaaltı, Daşlı Çalğan, Orta Çalğan, Dağ Quşçu kəndlərinə yeni qaz xətlərinin çəkilməsi təşəbbüsləri də vardır.
Cari ildə bu kəndlərdən bir neçəsinə mavi yanacaq veriləcəyini gözləyirik.
Rayonda su abonentlərinin ümumi sayı 8533, bunun da 7221 nəfəri əhali üzrədir.
2019-cu ildə içməli suyun dəyəri ümumi istehlakçılar tərəfindən 102,4 faiz ödənilmişdir. Bu da xidmətin səviyyəsini göstərir.
Hesabat dövründə içməli su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, Milli su təсhizatı və kanalizasiya xidmətləri üzrə ikinсi layihənin həyata keçirilməsi təşkilatı bu işlərə 13,9 milyon manat vəsait xərcləmişdir. Şəhərin çirkab sularının axıdılması üçün nəzərdə tutulan “Təmizləyici Qurğu”nun tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
Yola saldığımız ildə kənd yerlərində əhalinin su təminatının yaxşılaşdırılması üçün işlər görülmüşdür. Belə ki, Yenikənd kəndində 3200 metr, Gilgilçay qəsəbəsində 600 metr, Zarat kəndində 600 metr və Eynibulaq kəndində 220 metr su xətti dəyişdirilmiş, Eynibululaq kəndindəki nasosxanada yeni nasos quraşdırılmışdır.
Lakin içməli su ilə təminatda korluq çəkən yaşayış məntəqələri də çoxdur. Xüsusən Sədan, Qalaaltı, Məşrif, Daşlı Çalğan və Orta Çalğan kəndlərinin içməli su problemini həll edə bilməmişik. Bu kəndlərə su verilməsi və Qalaşıxı kəndinin su təminatındakı çətinliklərin aradan qaldırılmasını “Azərsu” ASC ilə təşəbbüsləndirməliyik.
Əhaliyə rabitə, nəqliyyat xidməti də artan temp üzrə inkişaf edir.
2019-cu ilin yanvar-dekabr aylarında rayon üzrə nəqliyyat sektorunda görülən işlərin ümumi həcmi əvvəki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 1 milyon 256 min manat olmuşdur. Avtomobil nəqliyyatı ilə yük daşıma 1108,8 min tona çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz, avtomobil nəqliyyatı ilə sərnişin daşıma 9610 min sərnişinə çataraq əvvəki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artmışdır.
Rayonda rabitə xidmətinin vəziyyətini də qənaətbəxş hesab etmək olar.
İl ərzində rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 651,3 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur.
Əhalini geniş zolaqlı internet xidməti ilə təmin edilməsi məqsədilə kənd yaşayış məntəqələrinin internet şəbəkəsinə qoşulması üçün ATS-lərdə fibrooptik kabellərin çəkilməsi və müvafiq avadanlıqların quraşdırılması davam etmişdir.
Siyəzən şəhəri 28 May küçəsində 336 nömrəlik yeni Elektron ATS quraşdırılmışdır.
İl ərzində rayon üzrə 364 abonentə telefon çəkilmiş, 606 abonent internet xidmətinə qoşulmuşdur. Hazırda rayon üzrə telefon abunəçilərinin sayı 4848, internet abunəçilərinin sayı 3417 nəfərdir.
Bu gün həlli vacib olan məsələlərdən biri də Siyəzən şəhərində yeni ictimai yaşayış binalarının tikintisinə nail olmaqdır. Rayon İcra Hakimiyyəti mənzil tikintisi ilə məşğul olan özəl qurumlarla bu məsələnin həlli ilə bağlı müntəzəm iş aparmış və belə təşəbbüslərimiz artıq nəticə vermişdir. Belə ki, ötən ilin sonlarında Siyəzən şəhərində çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır.
2019-cu ildə rayonumuzda sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və təmiri, iş şəraitinin yaxşılaşdırılması işləri davam etmişdir. Ötən il 56 yerlik Qozağacı kənd ümumi orta və 20 yerlik Qalaaltı kənd ibtidai məktəbi üçün modul tipli binalar quraşdırılmışdır. Son illərdə rayonda 14 məktəb binası tikilmiş, 2 məktəb binası əsaslı, 1 məktəb binası cari təmir edilmişdir. Hazırda 5 məktəb binası müasir tələblərə cavab vermədiyinə görə onların da əsaslı təmirinə ciddi ehtiyac vardır. Bu məktəblərin təmir və ya tikintisi 4-cü Dövlət Proqramına salınmışdır. Əminik ki, bu müddətdə məktəblər əsaslı təmir olunacaq və ya yenidən tikiləcəkdir.
Məktəblərin istilik təchizatının yaxşılaşdırılmasına baxmayaraq Gilgilçay stansiya ümumi orta məktəbinin qazlaşdırılması indiyədək reallaşmayıb.
Ötən il 350 nəfər məzun attestat almış, onlardan 292 nəfəri ali məktəblərə sənəd vermiş, 163 nəfər məzun ali məktəbə qəbul olmuşdur. Qəbul olma 55,8% təşkil etmişdir. Bu da əvvəlki illərlə müqayisədə 9 nəfər çox olmuşdur. Ali məktəbə qəbul olunanlardan 14 nəfəri 600-dən yuxarı bal toplamışdır. Ən yüksək nəticəni Siyəzən şəhər 2 saylı tam orta məktəbin məzunu Qədəşova Samilə Xalidşah qızı göstərərək 694 balla Azarbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olmuşdur. 600-dən yuxarı bal toplayanlardan 6 nəfəri Siyəzən şəhər 1 saylı, 3 nəfəri 2 saylı tam orta məktəbin, 2 nəfəri 6 saylı məktəb-liseyin, 1 nəfəri Yenikənd, 1 nəfəri Məşrif, 1 nəfəri isə Zarat kənd tam orta məktəblərinin məzunlarıdır. 23 nəfər 500-dən yuxarı, 126 nəfər 500-ə qədər bal toplamışdır.
Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla Gənclər Mərkəzində görüş keçirilmiş, onlara mükafat və fəxri fərmanlar verilmişdir. Həmçinin gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə qiymətli hədiyyələr verilmiş və fəxri fərmanlarla təltif edilmişdir.
Siyəzən şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri Nigar Mürvətzadə “Əlaçı” televiziya müsabiqəsinin qalibi olmuş, Zərifə Əliyarova Ulu Öndər Heydər Əliyevin 96 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 4-cü yerə layiq görülmüşdür.
Əvvəlki illərdə rayon üzrə 9 nəfər müəllim “Əməkdar müəllim” adını almış, 7 nəfər müəllim “Tərəqqi medalı” ilə təltif olunmuş, 4 nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 2 nəfər müəllim isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına əsasən artıq 5 ildir ki, məktəblərin 9, 10, 11-ci sinif şagirdləri üçün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədi ilə “Ölkəmizi tanıyaq” şüarı altında bölgələrə səfərlər təşkil edilir. Bu müddətdə 11 tur aksiya təşkil edilmişdir ki, bu aksiyalarda rayonun ümumtəhsil məktəblərindən 420 nəfər şagird iştirak etmişdir.
Ötən ilin mart ayında 40 nəfər şagirdimiz Lənkəran şəhəri, Astara və Masallı rayonlarına səfər etmiş və bu səfərdə Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil edilmiş “Nə? Harada? Nə zaman?” bilik yarışmasında rayonumuzun komandası 1-ci yerə layiq görülmüşdür. Komandamızın üzvləri kubok, medallar və fəxri fərmanlarla təltif olunmuşdur.
Bundan başqa ötən ilin noyabr ayında daha 40 nəfər şagirdimiz Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarına səfər etmişdir.
Hazırda Siyəzən şəhərində ümumilikdə 430 yerlik olmaqla 5 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhərdə 2573 nəfər 6 yaşadək olan uşağın yalnız 16%-i məktəbəqədər təhsilə cəlb olunmuşdur. Bu bağçaların bəziləri istismara yararsızdır. 1990-cı ildə tikilb istifadəyə verilmiş 75 yerlik 4 saylı və 1987-ci ildə tikilib istifadəyə verilmiş 130 yerlik 5 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmirinə ehtiyac vardır.
Rayonun Yenikənd kəndində 6 yaşadək uşaqların sayının 301 nəfər olmasını nəzərə alaraq əvvəllər bu kənddə fəaliyyət göstərmiş 90 yerlik uşaq bağçasının bərpasına ehtiyac vardır.
Bununla yanaşı Siyəzən şəhərində yeni tikilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında tikinti işləri başa çatır, şəhər 5 saylı körpələr evi-uşaq bağçasının dam örtüyünün 360 kvadrat metr hissəsi yenidən bərpa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu il fevral ayının 11-dən may ayının 1-dək rayon əhalisinin 18 yaşdan yuxarı 27956 nəfəri tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı 2105 nəfər ambulator, 114 nəfər stasionar müalicəyə cəlb olunmuş, 4 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılmışdır. İcbari tibbi sığortaya keçid həkimlərin məsuliyyətini daha da artırmalıdır. İcbari tibbi sığortanın tətbiq edilməsi ilə əlaqədar Mərkəzi Poliklinikada, Təcili tibbi yardım şöbəsində, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində cari təmir işləri aparılmış və həmin müəssisələr ən zəruri tibbi avadanlıqlarla təchiz edilmişdir.
Bu gün kənd əhalisinə göstərilən səhiyyə xidmətini həkim ambulatoriyaları və tibb məntəqələri həyata keçirir. Yenikənd, Böyük Həmyə, Balaca Həmyə, Zarat kənd tibb məntəqələri uyğunlaşdırılmış binalarda, Məşrif həkim ambulatoriyası Məşrif kənd tam orta məktəbin binasında, Gilgilçay və Eynibulaq tibb məntəqələri Gilgilçay qəsəbə və Eynibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin binalarında, Beşdam tibb məntəqəsi Beşdam bələdiyyəsinin binasında, Tuğay və Qozağacı tibb məntəqələri xüsusi evlərdə fəaliyyət göstərir. Sədan, Dağ Quşçu, Daşlı Çalğan, Yanıq Ələz tibb məntəqələri isə münasib bina və ixtisaslı kadr olmadığından fəaliyyət göstərmirlər. Kənd əhalisinə göstərilən səhiyyə xidmətində əsas çatışmazlıq müasir tələblərə cavab verən binaların və həkim çatışmazlığı ilə bağlıdır. Kəndlərdə fəaliyyət göstərən tibb məntəqələrinin yalnız 3-də həkim çalışır. Digərlərində isə vətəndaşlara göstərilən tibbi xidmət orta tibb işçiləri tərəfindən həyata keçirilir.
Ötən il rayonda mədəni-kütləvi tədbirlərin və görüşlərin keçirilməsi davam etdirilmişdir. Rayon ağsaqqalları, şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, ziyalılar, gənclər, idmançılar və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşlər keçirilmiş və onların qaldırdığı məsələlər dinlənilmiş və həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Rayonun yeniyetmə və gənclərinin, idmançılarının müraciəti ilə əlaqədar Babək küçəsində ümumi dəyəri 1 milyon 200 min manat və sahəsi 0,58 hektar olan Yeniyetmələrin və gənclərin fiziki hazırlıq mərkəzi inşa olunur. Mərkəzdə açıq hava üçün idman qurğuları, 40x60 metr ölçüsündə mini futbol meydançası, 9x18 metr ölçüsündə voleybol meydançası, örtülü idman zalı, soyunub-geyinmə və digər təyinatlı otaqlar, 300 yerlik tribuna tikilməsi nəzərdə tutulmuşdur.
Yola saldığımız ildə əlamətdar və tarixi günlər diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə ardıcıl olaraq silsilə tədbirlər hazırlanıb həyata keçirilmişdir.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar rayonda fəaliyyət göstərən 5 körpələr evi-uşaq bağçalarında tədbirlər təşkil edilmiş və uşaqlar üçün qiymətli hədiyyələr alınmışdır. IX Şairlər Gününün qeyd olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin xatirəsinə həsr olunan ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Rəşad Məcid, Şairlər Günü layihəsinin rəhbəri, şair Xəyal Rza, İLESAM Başqanı, şair Mehmet Nuri Parmaksız və digər yazıçı və şairlər iştirak etmişdir.
Rayonun ədəbi mühitində ilk dəfə olaraq “Beşbarmaq” adlı ictimai, ədəbi-bədii, publisistik toplu nəşr edilmiş və iyul ayında Heydər Əliyev Mərkəzində tanınmış yazıçı və şairlərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə toplunun təqdimatı keçirilmişdir. Geniş oxucu kütləsi toplayan “Beşbarmaq” toplusu hər rübdə bir dəfə nəşr olunur və oxuculara təqdim edilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamının icrası ilə bağlı rayonumuzda bir sıra tədbirlər həyata keçirilmiş, böyük Azərbaycan şairi İmaddədin Nəsiminin 650 illik yubileyi Mədəniyyət Mərkəzində Respublikanın tanınmış incəsənət ustalarının, yazıçı və şairlərin iştirakı ilə keçirilən ədəbi-bədii tədbirlə qeyd olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Könüllülər ilinin rayonumuzda yüksək səviyyədə həyata keçməsi üçün müvafq tədbirlər həyata keçiriləcək, könüllülərə diqqət artırılacaqdır.
Gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşdırılması istiqamətində rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin müstəsna rolu vardır. Mərkəzdə kompyuter kursu, xalçaçılıq, ingilis dili, məntiq dərnəkləri fəaliyyət göstərir.
Rayonun ictimai həyatında əhəmiyyətli yer tutan “Çıraq” qəzeti 2019-cu ildə 500 tirajla ayda 1 və ya 2 dəfə çap olunmuşdur.
Gənclər və İdman İdarəsi yeniyetmə və gənclər arasında idmanın, intellektual oyunların keçirilməsinə diqqəti artırmış, gənc nəslin fiziki tərbiyəsində daha fəal təşkilatçılıq işi görmüşdür. Ötən il gənclər sahəsi üzrə 32 tədbir keçirilmiş və həmin tədbirlərə rayonun 3725 nəfər yeniyetmə və gənc cəlb edilmişdir. Gənclər sahəsi üzrə keçirilən 5 respublika tədbirində rayonun 38 nəfər gənci iştirak etmişdir. Keçirilən 3 zona yarışında 5 nəfər bürünc medal qazanmışdır.
2019-cu il ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə rayonda 24 yarış keçirilmiş və bu yarışlarda 1355 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Ötən il idmançılarımız 11 zona, 16 respublika, 4 beynəlxalq səviyyəli yarışlarda iştirak etmiş, 10 qızıl, 23 gümüş, 22 bürünc medal qazanmışdır. Bundan başqa 2 nəfər Avropa çempionatında, 2 nəfər Dünya çempionatında, 1 nəfər isə II Avropa Oyunlarında iştirak etmişdir.
Ötən il dövlət gənclər siyasətinin həyata keçirilməsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 1 nəfərə Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı, 1 nəfərə isə “İdman ustası” adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində böyük işlər görülmüş, önəmli atdımlar atılmışdır. Ordu quruculuğunda aparılan islahatlar nəticəsində ordumuzun gücü artmışdır. Müasir silah-sursat və hərbi texnika ilə daha da möhkəmlənmişdir. Rayon İcra Hakimiyyəti ordu quruculuğu ilə bağlı öhdəsinə düşən vəzifələri səylə yerinə yetirir. Gənclərimizn hərbi vətənpərvərlik hissi yüksəkdir. Həqiqi hərbi xidmətə çağırışın təşkili və gənclərin ordu sıralarına yola salınması daim diqqət mərkəzində saxlanmışdır. 2019-cu ildə həqiqi hərbi xidmət borcunu yerinə yetirməkdən yayınan bir gəncimiz belə olmamışdır. Siyəzənli gənclər ordu sıralarında rəşadətlə xidmət edirlər, rayonumuzu yüksək vətənpərvərlik keyfiyyətləri ilə şərəfləndirirlər. Möhtərəm cənab Prezidentimizin yenilməz iradəsi və qətiyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad olacaqdır. Bütün siyəzənlilər, fədakar gənclərimiz bu uğurda daim cənab Prezidentin yanındadırlar.
Turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnaməyə” uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli qərarı ilə Xəzər dənizinin Siyəzən rayonu ərazisindəki sahilyanı ərazilərlə daxil olmaqla Siyəzən rayonunda 14365,44 hektar ərazidə turizm və rekreasiya zonası yaradılmışdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm rekreasiya zonasının idarəetmə şurası yaradılmış, ərazilərə baxış keçirilərək xəritələşmə və planlaşma işləri aparılmış, müəyyən rəy və təkliflər verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Rayonda otel və ya turistlərin qala bilmələri üçün müvafiq binaların olmaması turizmin inkişafına mənfi təsir göstərirdi. Nəhayət iş adamları ilə aparılan təşəbbüslərimiz nəticə vermiş və hazırda Siyəzən şəhərində 30 yerlik 4 mərtəbəli otel binasının inşasına başlanılmışdır. İnanıram ki, otelin tikilib istifadəyə verilməsi rayonumuzda turizmin inkişafına güclü təkan verəcəkdir.
Hesabat ilində rayonumuzda müvafiq əlaqədar qurumlar, hüquq-mühafizə orqanları vətəndaşların hüquqlarının müdafiəsində öhdələrinə düşən vəzifələri səylə yerinə yetirmişdir. Əhali arasında hüquqi təbliğat, sağlam həyat tərzi çağırışları ön planda olmuşdur. Vətəndaşların əmin-amanlığının qorunmasında rayon İcra Hakimiyyəti hüquq-mühafizə orqanları ilə sağlam zəmində əməkdaşlıq etmişdir. Biz bundan sonra da əhali arasında əminamanlığı qorumalı, qarşıdurma hallarına, cəmiyyətdə birgə yaşayış qaydalarına, narahatçılığa səbəb olan meyllərin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməliyik.
2019-cu il dekabr ayının 23-də bələdiyyə seçkiləri keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən bütün təşkilati və texniki məsələlər vaxtında icra olunmuşdur. Bələdiyyə seçkiləri rayonumuzda yüksək səviyyədə keçirilmiş, heç bir qanun pozuntusu olmamışdır. Seçilmiş bələdiyyə üzvlərinin 68,4 faizi Yeni Azərbaycan Partiyasının üzvləri olmuşdur. Artıq bələdiyyələrin ilk yığıncaqları keçirilmiş, yeni heyət seçilmişdir. Onları təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıram.
Rayonda idarəetmənin tənzimlənməsində sosial-ictimai vəzifələrin proqramlaşdırılması və yerinə yetirilməsində kollegial məşvərət qurumu olan icra Hakimiyyəti başçısı yanında Şuranın və müvafiq komissiyaların əhəmiyyətli rolu vardır. Vətəndaş-məmur münasibətlərində cənab Prezidentin müəyyənləşdirdiyi prinsipləri səylə yerinə yetirməliyik.
Yola saldığımız ildə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 25 iclası, müxtəlif məsələlərlə bağlı 40 mədəni-kütləvi tədbir, müşavirələr keçirilmişdir. Şura iclaslarının tövsiyələri əsasında rayon əhəmiyyətli bir çox vacib məsələ öz həllini tapmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatına 2019-cu ildə 969 yazılı vətəndaş müraciəti daxil olmuşdur.
Müraciətlərdən 354-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 51-i Nazirlər Kabinetindən, 22-si Milli Məclisdən, 47-si respublikanın digər təşkilatlarından, 495-i isə bilavasitə vətəndaşlar tərəfindən daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 7 müraciət nəzarətlə göndərilmişdir.
Daxil olmuş 969 müraciətdən 818-i ərizə, 45-i şikayət, 106-ı isə təklif olmuşdur. Müraciətlərdən 212-si müsbət həll edilmiş, 2-si qismən təmin edilmiş, 25-i əsassız sayılmış, 695-nə müvafiq izahat verilmiş, 13-ü baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmiş, 22-si baxılmamış saxlanılmışdır.
İcra müddəti pozulmaqla baxılmış müraciət olmamışdır.
Mahiyyətinə görə müraciətlərin 18,3 faizi sosial müdafiə, 17 faizi rayon İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, 13 faizi mənzil, 13 faizi şəhərsalma və tikinti, 10,2 faizi torpaq, 6,3 faizi enerji daşıyıcıları və su təchizatı, 5 faizi dövlət qulluğu və kadr, 4 faizi qəbul, 13,2 faiz müraciət isə digər məsələlər ilə bağlı olmuşdur.
Yaşayış binalarının təmiri, yolların tikintisi, təmiri, su və sair məsələlər ilə bağlı 104 kollektiv müraciətə baxılmışdır.
Rayon İcra Hakimiyyətində 2019-cu il ərzində 1076 vətəndaş qəbul edilmişdir.
Qəbullarda səslənən müraciətlərin 37,8 faizi iş, 10,1 faizi maddi yardım, 7,1 faizi ünvanlı sosial yardım, 6,7 faizi torpaq, 4,7 faizi tikinti, 4,1 faizi mənzil, 3,3 faizi sənədləşmə, 3,3 faizi kanalizasiya, 2,9 faizi yolların təmiri, 1,9 faizi təbii qaz, 1,2 faizi qaz xəttinin qaldırılması, 1,3 faizi içməli su, 15,6 faizi isə digər məsələlər ilə bağlı olmuşdur.
Yerlərdə işlərin gedişini nəzarətdə saxlamaq, əhalini narahat edən problemləri yerində müəyyənləşdirmək, onların fikir və mülahizələrini yerində öyrənib tədbir görmək praktikası yola saldığımız ildə daha da təkmilləşdirilmişdir.
2019-cu ildə Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində 50 səyyar qəbulu keçirilmişdir. Keçirilmiş qəbul günlərində 2094 nəfər rayon sakini iştirak etmişdir. Səyyar qəbullar zamanı 172 vətəndaş tərəfindən 177 məsələ qaldırılmışdır.
Qəbullarda qaldırılmış məsələlər ilə əlaqədar Siyəzən şəhərinin 28 May, Feyyaz Əlməmmədov, Ərziman Cabbarov, Şamil Baxşıyev, Mirzə Ələkbər Sabir, Babək Bayramov, Cabir Novruz, Hökmulla Talıbov, Orucəli Qoçəliyev küçələri, Dağ Quşçu, Yuxarı Ələz,Yenikənd, Çarxana, Nardaran, Məşrif və Qərəh kəndlərində yollara çınqıl verilərək təmir olunmuşdur. Şamil Baxşıyev, 28 May, Mirzə Ələkbər Sabir, Bəşir Səfəroğlu, Tofiq İsmayılov, Həzi Aslanov və Heydər Əliyev küçələrində asfaltlanma, Şamil Baxşıyev, 28 May və Tofiq İsmayılov küçələrində işıqlandırma işləri aparılmışdır.
Beşdam kəndi və Şamil Baxşıyev küçəsi suvarma suyu ilə təmin olunmuş, Şamil Baxşıyev, 28 May küçələri və Babək Bayramov küçələrinin bir hissəsi telefonlaşdırılmışdır. Tuğay kəndi internet xidməti ilə təmin olunmuşdur. Ayrı-ayrı kəndlərdə elektrik xətləri təmir olunmuş və ya yeni xətt çəkilmişdir.
Cari ilin yanvar ayında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2019-cu ilə dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 584 nəfər vətəndaş iştirak etmiş, nümayəndələr hesabat vermişlər. 2019-cu ildə nümayəndəliklərin fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Hesabatlarda ərazilərin sosial-iqtisadi, mədəni inkişafı, məişət, ictimai əhəmiyyətli işlərlə bağlı 32 təklif, mülahizə və təşəbbüs irəli sürülmüşdür. Ərziküş, Dağ Quşçu, Məşrif kəndlərinin, Siyəzən şəhərinin 28 May və Xətai küçələrində, Eynibulaq və Beşdam kəndlərində yeni yaşayış massivlərinin qazlaşdırılması, Ərziküş kəndinə gedən yolun asfaltlaşdırılması, Beşdam kəndinin məhəllədaxili yollarının təmiri, Sədan kəndinə içməli su xəttinin çəkilməsi, Bakı-Quba avtomobil yolunun Gilgilçay qəsəbə, Beşdam və Zarat kəndlərindən keçən hissəsində dayanacaq quraşdırılması və digər məsələlər qaldırılmışdır. Qaldırılmış bütün məsələlər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüş, qruplaşdırılmışdır. Daxili imkanlar hesabına həlli mümkün olan məsələlər icra prosesindədir. Respublika səviyyəsində həll oluna biləcək məsələlər isə aidiyyəti respublika təşkilatlarına istiqamətləndirilmişdir.
Möhtərəm cənab Prezidentin tapşırığı əsasında nazirlər, nazir müavinləri və komitə sədrlərinin 2019-cu ildə Siyəzən rayonunda 17 qəbulu, 2020-ci ilin yanvar ayı ərzində isə 5 qəbulu keçirilmişdir.
Cari il yanvarın 23-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun Siyəzən rayonunda qəbulu olmuşdur. 28 May küçəsində elektrik xətlərinin yenilənməsi, əraziyə transformator qoyulması, 2 və 6 saylı məktəblərin yaxınlığında yerləşən, istismardan çıxarılmış transformator məntəqələrinin yerləşdiyi köhnə binaların sökülməsi diqqətə çatdırılmış və müsbət qarşılanmışdır.
İşə belə münasibət əhali tərəfindən möhtərəm cənab Prezidentə minnətdarlıq hissi ilə qarşılanır.
2019-cu ildə Siyəzən Rayon İcra Hakimiyyətində ümumilikdə 5 inzibati işə baxılmış, 3 nəfər barəsində inzibati cərimə, 2 nəfər barəsində xəbərdarlıq tətbiq olunmuşdur. Qəbul edilmiş qərarlar icra olunması üçün Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda icra tədbirləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyası tərəfindən Polis Şöbəsinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin nümayəndələrinin, rayonun ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin və ali məktəblərdə oxuyan tələbələrin birgə iştirakı ilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Keçirilən tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın qarşısının alınması istiqamətində hazırlanmış film və sosial çarxlar nümayiş etdirilmiş, metodiki materiallardan istifadə edilmişdir.
2019-cu il rayonumuzun iqtisadi-ictimai həyatında uğurlu illərdən biri kimi yaddaşlaşdı. Cari ildə qeyd etdiyimiz kimi, bizi daha ciddi, əhəmiyyətli vəzifələr gözləyir. İqtisadi sahədəki inkişaf tempini daha da sürətləndirməliyik. Əhalinin məişət problemlərinə qayğını artırmalıyıq. Yolların tikintisi, küçələrin abadlaşdırılması ilə bağlı işlərimizi davam etdirməli, yeni iqtisadi mexanizmlərin tətbiqi, təhsil, mədəniyyət, səhiyyə xidmətini daim yaxşılaşdırmalıyıq.
Möhtərəm cənab Prezidentin ölkəmizin iqtisadi yüksəlişinə, dövlətimizin daha da qüdrətlənməsinə, vətəndaşlarımızın əmin-amanlığına və rifahına yönəldilən fərman və sərəncamları, nitqləri və bəyanatlarında qarşıya qoyduğu vəzifələrin inamla yerinə yetirilməsi hər birimizin həyati vəzifəmizdir.