Təbii sərvətimiz olan meşələrin yanğın təhlükəsizliyini təmin etmək hər bir vətəndaşin borcudur!
Təbii sərvətimiz olan meşələrin yanğın təhlükəsizliyini təmin etmək hər bir vətəndaşin borcudur!
Bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır. Meşə yanğınlarının əsas səbəblərindən biri insanların odla ehtiyatsız davranması və ya yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.
Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin, onun yerlərdəki strukturlarının üzərinə düşür. Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini yoxlamalı, işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.
Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vəsaitləri təşkil etməlidirlər.
Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir.
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.
Turust istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Bunu nəzərə alaraq tonqallarla əlaqədar vətəndaşlara meşələrdə yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tövsiyyələri verməyi məqsədəuyğun sayırıq. Birinici növbədə qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdir. Tonqal qalamaq üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazirlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır. Tonqal ətrafındakı otları 0,5-1 metr radiusunda təmizləmək lazımdır. Tonqalı söndürüb oranı tərk edan zaman közün üstü torpaqla örtülməlidir.
Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcim düşsün. Xüsusən də küləkli havada bu, daha təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir. Əgər tonqalın içində közərən kömür parçaları olarsa, tonqala yenə də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur.
Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
Meşə yanğınları zamanı təhlükəli zonadan uzaqlaşarkən tüstüdən və dəm qazından zəhərlənməyə məruz qalmamaq üçün külək istiqamətində deyil, əksinə hərəkət etmək lazımdır.
Bir daha xatırladırıq, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur.
Unutmayın: Qaydalara biganəlik-həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
FHN DYNX-nin Şimal Regional
Dövlət Yanğın Nəzarəti İdarəsi