Siyəzən şəhərinin mərkəzində yerləşən “Green Hospital” tibb müəssisəsinin açılış mərasimi keçirilmişdir
Siyəzən şəhərinin mərkəzində yerləşən “Green Hospital” tibb müəssisəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə işçiləri və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak etmişlər.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları Sadiq Qurbanov, Müşfiq Məmmədli, Hikmət Babaoğlu və Elnarə Akimova çıxış edərək ölkədə səhiyyə infrastrukturunun inkişafının prioritet istiqamətlərdən biri olduğunu, regionlarda müasir tibbi xidmətlərin əlçatanlığının artırılmasının əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, “Green Hospital” kimi müasir tibb müəssisələrinin istifadəyə verilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin olunması baxımından mühüm rol oynayacaqdır.
Qeyd olunub ki, yeni xəstəxana ən son texnologiyalarla təchiz olunub, burada müxtəlif tibbi sahələr üzrə ixtisaslaşmış bölmələr fəaliyyət göstərəcək. Müasir avadanlıqlar və peşəkar tibbi heyət sayəsində sakinlərə yüksək səviyyədə diaqnostika və müalicə xidmətlərinin göstərilməsi planlaşdırılır.
Tədbirin sonunda “Green Hospital”ın fəaliyyətə başlamasını bildirən rəmzi lent kəsilib. Daha sonra iştirakçılar tibb müəssisəsində yaradılmış şəraitlə tanış olub, müasir tibbi bölmələrə baxış keçiriblər. Yeni xəstəxananın region sakinlərinin sağlamlığına mühüm töhfə verəcəyi bildirilmişdir.






