Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerləşən “Göyçə” yaşayış massivi fasiləsiz içməli su ilə təmin olunmuşdur

19 noyabr 2025 | 17:05
Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerləşən “Göyçə” yaşayış massivi fasiləsiz içməli su ilə təmin olunmuşdur.
Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Agentliyin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Məlumat verilib ki, yaşayış məntəqəsində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə yaşayış məntəqəsinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.
Hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici qurğularında təmir-bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür etmişlər.
Keçidlər