"Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda işgüzar müşavirə keçirilmişdir
19 sentyabr 2022 | 15:02
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə "Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda işgüzar müşavirə keçirilmişdir. İclas Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elən olundu.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 13 sentyabr 2022-ci il tarixindən etibarən mənfur düşmənlərimizin dövlət sərhədində törətdiyi təxribatlarının qarşısının alınması istiqamətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan ordusunun iradəsi sayəsində düşmənə layiqli cavab verilməsindən və Azərbaycan ordusunun öz mövqeylərini möhkəmləndirməsindən danışdı. Bildirdi ki, son hadisələr zamanı iki Siyəzənli hərbçi yaralanmış, hazırda onların müalicəsi davam etməkdədir. Onların ailələri ilə əlaqə saxlanılmış, zəruri olan bütün ehtiyacları tərəfimizdən qarşılanacaqdır. Daha sonra arayışla çıxış edən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elvin Kərimov bu sahədə görülmüş işlərdən danışdı. Sonda iclas iştirakçıları qarşıda duran vəzifələr və iş bölgüsü ilə tanış oldular.