Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gənclik, sağlam gələcək” adlı geniş tərkibli maarifləndirici tədbir keçirilmişdir

17 fevral 2026 | 12:52

Siyəzən Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Sağlam gənclik, sağlam gələcək” adlı geniş tərkibli maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və çağırışaqədərki hazırlıq sahəsində məlumatlılığın artırılması olmuşdur.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, təhsil işçiləri, müəllimlər, gənclər, yuxarı sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərindən Azərbaycan gəncliyi üçün səsləndirdiyi fikirləri əks etdirən videomaterial nümayiş olunmuşdur. Videoda dövlət başçısının gənclərə ünvanladığı çağırışlar, onların ölkənin gələcəyindəki rolu və milli-mənəvi dəyərlərə sadiqliyin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirin rəsmi hissəsi Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun çıxışı ilə davam etmişdir. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının mərkəzində Azərbaycan gəncliyinin dayandığını qeyd etmişdir. Bildirilmişdir ki, sağlam düşüncəli, vətənpərvər və savadlı gənclik ölkənin dayanıqlı inkişafının əsas təminatıdır.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə Siyəzən gənclərinin vətənpərvərliyini və fədakarlığını vurğulayaraq, 44 günlük Vətən müharibəsi dövründə onların böyük ruh yüksəkliyi ilə ordu sıralarına qoşulmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə izdihamla müraciət etmələrini qürur hissi ilə xatırlatmışdır.
Daha sonra çıxış edən digər rəsmi şəxslər və mütəxəssislər çağırışaqədərki hazırlığın əhəmiyyəti, hərbi vəzifə və hərbi xidmət sahəsində mövcud qanunvericilik, gənclərin fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışlar. Tədbir çərçivəsində işgüzar və səmərəli maarifləndirmə aparılmışdır.

Tədbirin bədii hissəsində rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, musiqi nömrələri təqdim olunmuşdur. Gənclərin çıxışları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Keçidlər