Şriftin ölçüsü :

Saytın rəngi :

Qum-çınqıl karxanalarının fəaliyyətinin ətraflı araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilmişdir

31 oktyabr 2025 | 15:29
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyəsi ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun imzaladığı sərəncama əsasən qum-çınqıl karxanalarının fəaliyyətinin ətraflı araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.
İclasda komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndlərinə, eləcə də yaradılmış komissiyanın qarşısında duran vəzifələr, görüləcək tədbirlər və fəaliyyət istiqamətləri ilə tanış olublar.
İclasda komissiyanın sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev çıxış edərək bildirib ki, Siyəzən rayonu ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış qum-çınqıl karxanalarının qanunauyğunluğunun araşdırılması, ətraf mühitə vurulan ziyanın qiymətləndirilməsi və torpaq sahələrinin bərpası istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
Sonra komissiya üzvləri çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən regional idarəsinin rəisi Tofiq Hüseynov çay keçidlərində təhlükəsizlik və məsləhətləşmə zonalarının yaradılması məsələsinə toxunaraq, bu sahədə görülən işlər barədə məlumat verib.
Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Xəlilov çay yataqlarının genişlənməsi və dərinləşməsi nəticəsində yaranan ekoloji və mühəndis problemləri diqqətə çatdırıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Emil Aslanlı ərazilərin dövlət qeydiyyatına alınması və mülkiyyət sənədlərinin tənzimlənməsi zərurətindən danışıb.
Həmin xidmətin digər nümayəndəsi Pərviz Dəmirov artıq bir neçə monitorinqin aparıldığını və bəzi ərazilərdə normadan kənar halların müşahidə olunduğunu qeyd edib.
Dövlət Vergi Xidmətinin nümayəndəsi Fəqan Mürşüdov fəaliyyət göstərən karxanaların vergi uçotuna alınmasının vacibliyini vurğulayaraq, əks halda müvafiq maliyyə sanksiyalarının tətbiq olunacağını bildirib.
“Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin Siyəzən Elektrik Şəbəkəsinin rəisi Ramil Sultanov öz səlahiyyətləri çərçivəsində müvafiq dəstəyin göstəriləcəyini qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin şöbə müdiri Samir Əliyev yerində baxışların keçirilməsinin əhəmiyyətinə toxunub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Murad müəllim Siyəzən rayonunun bu istiqamətdə “orta risk qrupu”nda qiymətləndirildiyini bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri yolların vaxtından əvvəl sıradan çıxmaması üçün çay yataqlarında aparılan qanunsuz işlərin qarşısının alınmasının vacibliyini qeyd ediblər.
RİH aparatının nümayəndələri isə sakinləri narahat edən suvarma suyunun çirklənməsi və avtomobil yollarının zədələnməsi kimi problemlərin aradan qaldırılması məsələlərini diqqətə çatdırıblar.
Polis şöbəsinin rəis müavini Fəxri Kərimov karxanaların fəaliyyətinə nəzarət zamanı yalnız tibbi müayinədən keçmiş əməkdaşların işə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Sonda komissiyanın sədri Aqşin Ağayev çıxış edərək qeyd edib ki, yaradılmış komissiya tərəfindən hazırlanacaq qrafikə uyğun olaraq yaxın günlərdə qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi ərazilərdə yerində baxışlar keçiriləcək, aşkar edilən nöqsanlar barədə müvafiq tədbirlər görüləcək.
O, vurğulayıb ki, məqsəd sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması deyil, bu sahənin qanunvericilik çərçivəsində, ətraf mühitə zərər vurmadan və dövlət maraqlarına uyğun şəkildə tənzimlənməsidir.
İclas iştirakçıları yekdilliklə bildiriblər ki, komissiyanın fəaliyyəti nəticəsində Siyəzən rayonunda təbii ehtiyatlardan səmərəli və qanunauyğun istifadə təmin ediləcək, ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımlar atılacaq.
Keçidlər