Şriftin ölçüsü :

Saytın rəngi :

Qış mövsümünü və “Yeni ili” yanğınsız başa vuraq

08 dekabr 2023 | 16:44

Qış mövsümünün gəlişi ilə bağlı artıq havalar soyumağa başlamışdır. Bununla yanaşı şəhər və rayon ərazisində yanğın təhlükəsi artmışdır. Hamıya məlum olduğu kimi yanğınların baş verməsi müxtəlif səbəblərdən olur. Bir çox hallarda isə özümüzün ehtiyatsızlığı səbəbindən baş verir ki, onu da gec bildikdə və yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl etmədikdə ziyanla nəticələndiyinin şahidi oluruq. Ötən illərin qış fəsillərində şəhər və rayon ərazilərində baş vermiş yanğınların təhqiqatı zamanı müəyyən edilmişdir ki, yanğınların əksəriyyəti evlərdə quraşdırılan odun və qaz sobalarının düzgün quraşdırılmamasından baş verir. Yanğın hadisələrinin baş verməməsi məqsədilə aşağıdakı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tələb olunur:

- mənzillərdə quraşdırılan təbii qaz sobası və qaz piltələrinin üzərində iki ədəd qoruyucu ventil (açar) quraşdırmalı;

- qaz sobalarını yandırmazdan əvvəl mütləq qaydada otaqların qapı və pəncərələrini açmalı və sonra qeyd olunan cihazları yandırmalı;

- evlərdə,idarə və müəssisələrdə quraşdırılan və quraşdırılacaq odun və qaz sobalarının tüstü borularının çardağa çıxışını qəti qadağan etməli;

- evdən gedərkən bütün növdə olan elektrik, qaz və digər yanğın törədə biləcək cihazların tam söndürülməsinə nail olmalı;

- sobaların ağ neftlə, benzinlə və digər tez alışa bilən mayelərlə yandırılmasını qəti qadağan etməli;

- sobaların yandırılmasını az yaşlı uşaqlara və onu yandırmağa nabələd olan şəxslərə etibar etməməli;

- bir neçə elektrik cihazını eyni vaxtda cərəyan xəttinə qoşmağı qəti qadağan etməli (bu vəziyyətdə elektrik naqillərində həddindən artıq yüklənmə yaranır ki, bu da son dərəcə yanğına şərait yaradır);

- sobanın və tüstü borularının yaxınlığında paltar qurutmaq, odun yığmaq və digər tez alışa bilən mayelərin saxlanmasına qəti yol verilməməlidir.

Bütün bunlarla yanaşı, qış mövsümünün başlanması ilə əlaqədar ictimai, şəxsi yaşayış binalarının, müəssisə, təşkilat və digər ərazilərdə olan yanğın su hovuzlarının hər birini daim təmiz su ilə dolu saxlamaq tələb olunur.

Qarşıdan “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı gəlir. Evlərdə, məktəblərdə, uşaq bağçalarında, kütləvi insan toplaşan obyektlərdə və digər yerlərdə bayram rəmzi olan küknar ağacları - yolkalar qurulur və şənliklər keçirilir. Yeni il şənlikləri zamanı küknar ağacı - yolka qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl  edilməlidir.  Ona görə də vətəndaşları aşağıda göstərilən yanğına qarşı norma və qaydalara əməl etməyə çağırırıq:

- məktəblərdə, uşaq bağçalarında, klublarda, mədəniyyət evlərində, şəxsi və ictimai yaşayış evlərində və digər yerlərdə quraşdırılacaq yolka, şənlik keçiriləcək mənzilin, otağın ortasında tərpənməyən möhkəm dayaq üzərində quraşdırmalıdır;

- yolkanın ətrafında sərbəst gəzmək və rəqs etmək məqsədilə bir metr enindən az olmayaraq dairəvi keçid saxlanılmalıdır;

- yolkaya tez alışan oyuncaq, şam və eləcə də digər təhlükəli bəzək işıqlandırıcı sistemin quraşdırılması qəti qadağan edilməlidir;

- bütün giriş-çıxış yolları, keçidlər, koridorlar, pilləkənlər gediş-gəlişə uyğun olaraq açıq olmalıdır;

- yolka şənliyi keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilər təyin edilməlidir;

- yeni il şənliyi keçiriləcək obyektlər ən azı iki ədəd təzə doldurulmuş odsöndürən balonla, yanğına qarşı su ehtiyatı və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- qapalı məkanlarda pirotexniki məmulatlardan istifadə edilməməlidir.

Bütün bunlarla yanaşı, yolkanı işıqlandırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalı, elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Yolkada quraşdırılmış elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırma zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.Yolka işıqlandırılarkən istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik lövhəsinə və yaxud paylacıya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə, presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır. Yolkanın, oddan qoruyucu məhlul hopdurulmuş pambıqla bəzədilməsinə icazə verilir.

Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının yanından ötüb keçməyin.Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə yaşayış evini, şəxsi əmlakı və işlədiyiniz idarə, müəssisəni mühafizə etmiş olursunuz. Yadda saxlayın ki, yanğının söndürülməsi yanğının tez aşkar olunmasından, yanğınsöndürən dəstənin vaxtında çağırılmasından və yanğınsöndürmə vəsaitlərindən bacarıqla istifadə edilməsindən daha çox asılıdır.

Hər birimiz çalışmalıyıq ki, 2023-cü ili yanğınsız başa vuraq və 2024-cü ili xoş əhval-ruhiyyə ilə qarşılayaq.

Yanğın baş verdikdə 101-ə və ya  112-yə zəng etməyi unutmayın!                                                  

 

Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Keçidlər