Novruz bayramı münasibətilə möhtəşəm tədbir və eyni gündə dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının ayaqüstü abidəsinin yeni məkanda təqdimatı keçirilmişdir
18 mart 2026 | 22:17
18 mart 2026-cı il tarixində Rayon Mərkəzi Kitabxanasının qarşısında Novruz bayramı münasibətilə möhtəşəm tədbir təşkil olunmuşdur. Eyni gündə dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının ayaqüstü abidəsinin yeni məkanda təqdimatı da baş tutmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sadiq Qurbanov, Elnarə Akimova, Müşfiq Məmmədli, Hikmət Məmmədov, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Cəfər Cabbarlının nəvəsi Vüqar Qaradağlı, fəlsəfə doktoru Rasim Qurbanov, Azərbaycan yazıçısı və dramaturqu, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rayon ictimaiyyəti, idarə və müəssisələrin kollektivləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Novruz bayramının xalqımız üçün önəmini vurğulayaraq, milli dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsinin vacibliyindən danışmış, həmçinin Cəfər Cabbarlının Azərbaycan dramaturgiyasına və ədəbiyyatına verdiyi töhfələrə diqqət çəkmişlər. Abidənin açılışı zamanı dahi dramaturqun həyat və yaradıcılığı barədə xatirələr paylaşılmış, onun əsərlərinin Azərbaycan mədəniyyətində əhəmiyyətindən bəhs edilmişdir.
Tədbir bayram əhval-ruhiyyəsi ilə müşayiət olunmuş, Novruzun rəmzləri olan ənənəvi musiqi və rəqslərlə zənginləşdirilmişdir. Rayon ictimaiyyəti belə bir əlamətdar gündə həm milli bayramımızı, həm də böyük ədibimizin irsini yad etmək imkanı qazanmışdır.






