Narkotiklərlə Mübarizə Sahəsində Preventiv Tədbirlər
Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan düzgün və məqsədyönlü islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuş, bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmış, bunun üçün beynəlxalq standartlara uyğun normativ hüquqi baza, müvafiq təsisatlar yaradılmış, milli proqramlar hazırlanıb həyata keçirilmiş, təkmilləşdirilmiş və onun beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilmişdir.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-cı il tarixli, 485 nömrəli Fərmanı ilə əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir.
Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar — Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli, 371 nömrəli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”, 28 iyun 2007-ci il tarixli, 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)”, 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Bu proqramların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli, 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın miqyası ölçülərə sığmır, belə ki, bu həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Narkotik maddələrlə və narkomaniya ilə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən, əsasən də yetkinlik yaşına çatmayan şəxslərə qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etdirmək və s. kimi hərəkətlər lazımdır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə, yetkinlik yaşına çatmayan şəxslərlə isə təhsil müəssisələrində hamılıqla sağlam həyat tərzini, zərərli vərdişlərdən uzaq durmağı təbliğ etmək zəruridir. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün həyatda ən vacib amil sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında, müəllimlərlə şagirdlər arasında düzgün münasibətlər qurulmalı, narkotik adlı bəlanın fəsadları geniş təbliğ olunmalıdır. Narkotik maddə təkcə onu qəbul edən şəxsi məhv etmir, onun ailə üzvlərinin də mənəvi və psixoloji durumuna mənfi təsir göstərir.
Nəticə etibarilə, narkotiklərlə mübarizə yalnız cəzalandırma ilə deyil, təbliğat, maarifləndirmə və sosial müdafiə tədbirləri ilə aparıldıqda daha səmərəli olacaqdır. Dövlət qurumlarının, ictimai təşkilatların və cəmiyyətin birgə səyləri sayəsində bu sahədə real nəticələr əldə etmək mümkündür. Bu bəlaya yoluxanların qurtulması cəmiyyət olaraq hər kəsin sosial vəzifəsidir və biz bu vəzifənin öhdəsindən layiqincə gəlməliyik.
Siyəzən rayon prokurorunun
böyük köməkçisi vəzifəsini icra edən,
III dərəcəli hüquqşünas Nurlana Bayramlı






