Erkən nikahın qanunvericilikdə qadağan edilməsi və bu tələblərin orta və orta-ixtisas məktəblərində izahı
Erkən nikahin qanunvericilikdə qadağan edilməsi və bu tələblərin orta və orta-ixtisas məktəblərində izahi
Erkən nikah müasir dövrdə təkcə ailə münasibətləri ilə bağlı məsələ deyil, həm də insan hüquqları, sosial inkişaf, gender bərabərliyi və dövlət siyasəti ilə birbaşa əlaqəli kompleks problemdir. Yetkinlik yaşına çatmamış şəxslərin nikaha cəlb edilməsi onların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərir, təhsil hüququnun məhdudlaşdırılmasına səbəb olur və gələcək həyat imkanlarını daraldır. Bəzi hallarda adət-ənənə, sosial təzyiq, iqtisadi çətinliklər erkən evlilik hallarının davam etməsinə səbəb olur.
Azərbaycan Respublikasında erkən nikahın qarşısının alınması istiqamətində son illərdə mühüm qanunvericilik dəyişiklikləri həyata keçirilmişdir. Nikah yaşı ilə bağlı istisnaların ləğvi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi dövlətin uşaqların hüquqlarının qorunmasına yönəlmiş siyasətinin tərkib hissəsidir.
Bu baxımdan orta və orta-ixtisas məktəblərində erkən nikahın qanunla qadağan olunmasının izahı, hüquqi maarifləndirmə tədbirlərinin aparılması və şagirdlərin hüquqi şüurunun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Erkən nikah - qanunvericiliklə müəyyən edilmiş nikah yaşına çatmamış şəxsin nikaha daxil olmasıdır. Hüquqi baxımdan bu hal qanunsuz hesab edilir və hüquqi nəticələr doğurur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaşdır. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən nikah yaşının azaldılması ilə bağlı əvvəllər mövcud olmuş istisnalar aradan qaldırılmışdır. Bu o deməkdir ki, hazırda heç bir halda 18 yaşdan aşağı şəxsin nikaha daxil olması mümkün deyil.
Nikah yaşı ilə bağlı vahid və dəyişdirilməz həddin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipinə xidmət edir və erkən nikah hallarının qarşısının alınması üçün effektiv mexanizm yaradır.
Erkən nikahın qadağan olunması yalnız ailə qanunvericiliyi ilə deyil, həm də konstitusion prinsiplərlə təsbit olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah könüllü bağlanır və heç kəs zorla evləndirilə bilməz. Ailə dövlət tərəfindən qorunur. Bu norma nikahın azad iradə əsasında qurulmalı olduğunu təsdiq edir. Yetkinlik yaşına çatmamış şəxsin isə hüquqi və psixoloji baxımdan tam formalaşmadığı nəzərə alınaraq, onun nikaha daxil edilməsi azad seçim kimi qiymətləndirilə bilməz.
Erkən nikah aşağıdakı fundamental hüquqların pozulmasına səbəb ola bilər:
- Təhsil hüququ
- Sağlamlıq hüququ
- Şəxsi toxunulmazlıq hüququ
- Sərbəst inkişaf hüququ
- Gender bərabərliyi prinsipi
Beləliklə, erkən nikah insan hüquqları prizmasından da yolverilməzdir.
Erkən nikahın qarşısının alınması üçün qanunvericilikdə inzibati və cinayət məsuliyyəti tədbirləri nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha məcbur etmə cinayət əməli hesab olunur. Bu əmələ görə təqsirkar şəxslər cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Bundan əlavə:
- Məcburetmə və təzyiq göstərmə halları ağırlaşdırıcı hal kimi qiymətləndirilir;
- Erkən nikahın təşkilində iştirak edən və ya vasitəçilik edən şəxslər də məsuliyyət daşıyırlar;
- Yetkinlik yaşına çatmayan şəxsin hüquqlarının pozulması dövlət tərəfindən ciddi hüquqi müdaxilə tələb edir.
Bu mexanizmlər preventiv xarakter daşıyır və erkən nikah hallarının qarşısının alınmasına xidmət edir.
Erkən nikahın sosial, psixoloji və iqtisadi nəticələri dedikdə aşağıdakılar nəzərdə tutulur:
4.1. Təhsil imkanlarının məhdudlaşması
Erkən nikah çox hallarda qızların məktəbi yarımçıq qoymasına səbəb olur. Təhsilin başa çatdırılmaması gələcəkdə əmək bazarında rəqabət qabiliyyətini azaldır və iqtisadi asılılıq yaradır.
4.2. Sağlamlıq riskləri
Erkən yaşda hamiləlik ana və körpə üçün ciddi tibbi risklər yaradır. Orqanizmin tam formalaşmaması doğuş ağırlaşmalarına və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
4.3. Psixoloji təsirlər
Yetkinlik yaşına çatmamış şəxs ailə məsuliyyətinə hazır olmur. Bu vəziyyət:
- Stress və emosional gərginlik,
- Depressiv hallar,
- Özünə inamın azalması,
- Sosial təcridkimi problemlərə yol aça bilər.
4.4. Gender bərabərsizliyi
Erkən nikah daha çox qızlara təsir göstərir və cəmiyyətdə gender bərabərsizliyini dərinləşdirir. Bu hal qadınların ictimai və iqtisadi həyatda iştirakını məhdudlaşdırır.
Orta və orta-ixtisas məktəbləri erkən nikahın profilaktikasında mühüm rol oynayır. Təhsil müəssisələri yalnız bilik verən deyil, həm də hüquqi və sosial şüur formalaşdıran mühitdir.
Şagirdlər hüquqi maarifləndirilərək onlara aydın şəkildə izah edilməlidir ki:
- Nikah yaşı 18-dir;
- Bu yaşdan əvvəl nikah qanunsuzdur;
- Məcburi nikah cinayət məsuliyyəti yaradır.
Məktəb psixoloqları erkən nikah riski olan şagirdlərlə fərdi iş aparmalı, onların problemlərini dinləməli və müvafiq qurumlara yönləndirməlidirlər.
Bundan başqa, valideyn iclaslarında erkən nikahın hüquqi və sosial nəticələri barədə məlumat verilməsi mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə yalnız şagirdlərlə məhdudlaşmamalıdır. Həmçinin, sözügedən problemin aradan qaldırılması üçün hüquqi seminarlar keçirilməli, dəyirmi masalar təşkil olunmalı, təqdimatlar və sosial çarxlar hazırlanmalı, hüquq-mühafizə orqanları nümayəndələri ilə görüşlər təşkil edilməlidir. Bu tədbirlər şagirdlərin hüquqi biliklərini möhkəmləndirir.
Erkən nikahın qarşısının alınması kompleks yanaşma tələb edir. Qanunvericilik tədbirləri ilə yanaşı:
- Təhsilin əlçatanlığının artırılması;
- Sosial dəstək proqramları;
- Gender bərabərliyinin təşviqi;
- Maarifləndirmə kampaniyaları mühüm rol oynayır.
Nikah yaşının azaldılması ilə bağlı istisnaların ləğvi dövlətin prinsipial mövqeyini göstərir və uşaqların müdafiəsinin prioritet istiqamət olduğunu təsdiq edir.
Mövzunun izahı zamanı aşağıdakı metodlardan istifadə edilə bilər:
- Müzakirə və debat üsulu
- Real həyat situasiyalarının təhlili
- Hüquqi sənədlərin sadələşdirilmiş izahı
- Qrup işi və təqdimatlar
Məqsəd yalnız qanunu izah etmək deyil, həm də şagirdlərdə tənqidi düşüncə və hüquqi məsuliyyət hissi formalaşdırmaqdır.
Azərbaycan Respublikasında erkən nikah qanunvericiliklə qəti şəkildə qadağan edilmişdir və nikah yaşı 18 olaraq müəyyən edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsi, istisnaların aradan qaldırılması və cinayət məsuliyyətinin gücləndirilməsi dövlətin uşaqların hüquqlarının qorunmasına yönəlmiş siyasətinin bariz nümunəsidir.
Orta və orta-ixtisas məktəblərində bu mövzunun geniş və sistemli şəkildə izah edilməsi gənclərin hüquqi şüurunun formalaşmasına, öz hüquqlarını bilməsinə və müdafiə etməsinə, eləcə də erkən nikah hallarının azalmasına mühüm töhfə verir.
Erkən nikahın qarşısının alınması yalnız hüquqi məsələ deyil, həm də sağlam, savadlı və bərabərhüquqlu cəmiyyətin qurulması istiqamətində strateji vəzifədir.
Hazırda bəzi rayonlarda da qız uşaqlarının erkən yaşda ailə qurması “normal” və ya “təhlükəsiz gələcək” kimi qəbul edilir. Ailə namusu, qohumluq əlaqələrinin möhkəmləndirilməsi kimi faktorlar qərarlara təsir göstərir. Ailənin maddi vəziyyəti zəif olduqda valideynlər qız övladlarını erkən evləndirməklə maddi yükün azalacağını düşünə billirlər. Ucqar kənd və rayonlarda ali və peşə təhsilinə əlçatanlığın aşağı olması qızların erkən ailə qurmağa yönləndirilməsinə səbəb olur.
Qeyd edilməlidir ki, erkən nikahın qarşısının alınması qızların hüquqlarının qorunması, sağlam və savadlı nəslin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Siyəzən rayon prokurorunun
böyük köməkçisi vəzifəsini icra edən,
III dərəcəli hüquqşünas Nurlana Bayramlı






