Erkən nikaha qarşı birgə mübarizə
Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələblərinin orta və orta-ixtisas məktəblərində izahı
Azərbaycan Respublikasında həyata keçirilən dövlət ailə siyasətinin əsas istiqamətlərindən biri ailə institutunun möhkəmləndirilməsi və uşaqların mənafelərinin qorunmasıdır. Son illərdə cəmiyyətdə hələ də rast gəlinən erkən nikah halları bu siyasətə zidd olmaqla yanaşı, uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah qız uşaqlarının təhsildən yayınmasına, sağlamlığının pozulmasına və gələcəkdə cəmiyyətdə tam hüquqlu vətəndaş kimi formalaşmamasına gətirib çıxarır. Bu baxımdan erkən nikahın qadağan edilməsinə dair qanunvericiliyin tələblərinin orta və orta-ixtisas məktəblərində sistemli şəkildə izah olunması xüsusi əhəmiyyət kəsb edir.
Əgər bir cəmiyyətin gələcəyini bilmək istəyirsənsə, onun qız uşaqlarına necə davrandığına baxmaq lazımdır. Təəssüf ki, bu gün hələ də bəzi bölgələrdə qız uşağı 15-16 yaşında məktəb partasından alınaraq gəlin köçürülür. Cəmiyyət bunu "adətdir" deyib normal qarşılayır, amma əslində bu, bir uşağın uşaqlığını əlindən almaqdır.
Niyə ailələr hələ də qızlarını erkən ərə verirlər? Araşdırmalar göstərir ki, bunun 3 gizli səbəbi var:
- "Qız yükdür" düşüncəsi: Bəzi ailələr qız uşağını tez evdən çıxarmaqla məsuliyyətdən qurtulduğunu düşünür. Xüsusilə maddi imkanı zəif olan ailələrdə bu daha çox rast gəlinir.
- Təhsildən uzaqlaşdırma: Qız uşağı 9-cu sinifdən sonra oxutdurulmur, evdə saxlanılır. Boş qalan qız üçün ailənin tapdığı yeganə "məşğuliyyət" ərə vermək olur. Halbuki statistika sübut edir ki, ali təhsilli qızlar arasında erkən nikah faizi 0,1%-dir.
- Yalançı adət: "Qız gec qalsa, söz-söhbət olar", "Qonşunun qızı ərə gedib, bizimki qalıb" kimi sosial təzyiqlər. Bu təzyiq valideynləri yanlış qərar verməyə vadar edir.
Bəs erkən nikahın qurbanı kimdir? Bu nikahda hamı uduzur, amma ən çox zərər görən qız uşaqları olur. Belə ki, 18 yaşından əvvəl ana olan qızların orqanizmi hələ ana olmağa hazır olmur. Ona görə də erkən nikahlarda ana və körpə ölümü, fiziki qüsurlu uşaqların doğulması riski 5 dəfə çoxdur. Bundan başqa, 16 yaşlı bir qız özü hələ uşaqkən, başqa bir uşağa ana ola bilmir. Onlar nə həyat yoldaşı olmağı, nə də ana olmağı bacarmır və ağır depressiyaya düşürlər.
Qanunla cəzalandırmaq problemi həll etmir. Problemi həll edən maarifləndirmədir. Bir qız uşağına "sənin yerin mətbəxdir" deməkdənsə, "sənin yerin universitetdir" deməliyik. Bir oğlana "sənə arvad alırıq" deməkdənsə, "sənə gələcək qururuq" deməliyik. Ən yaxşı mübarizə yolu odur ki, hər bir qız uşağı bilməlidir ki, onun taleyi 15 yaşında gəlinlik geyinmək deyil, öz ayaqları üstündə durmaq, peşə sahibi olmaqdır.
Erkən nikah ailə quran deyil, ailə dağıdan bir haldır. Statistikaya görə erkən yaşda qurulan nikahların 80%-i ilk 3 ildə boşanma ilə nəticələnir. Sonda isə cəmiyyətə həm təhsilsiz ana, həm də baxımsız uşaq qalır.
Unutmayaq, bir qızın əlindən diplomunu alaraq gəlinlik verməklə biz bir ailə yox, bir nəsli bədbəxt edirik. Güclü dövlətin təməli isə savadlı analardır.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə erkən nikah anlayışı təkcə dövlət qeydiyyatına alınmış nikahı deyil, həmçinin dini kəbinlə, adət-ənənə ilə keçirilən mərasimləri və faktiki birgə yaşayışı da əhatə edir.
Bu sahədə əsas normativ akt Ailə Məcəlləsidir. Məcəllənin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı qadınlar və kişilər üçün 18 yaş müəyyən edilmişdir. 2024-cü ildə qəbul edilmiş və 01 iyul 2025-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, əvvəllər mövcud olan "üzrlü səbəblər olduqda nikah yaşının 1 il azaldılması" istisnası tamamilə ləğv edilmişdir. Hazırda ölkədə istisnasız olaraq 18 yaşdan aşağı heç kəslə nikah bağlamaq olmaz.
Məcəllənin 11-ci və 12-ci maddələrinə əsasəm isə nikahın bağlanması üçün tibbi müayinədən keçmək mütləqdir və yalnız Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında (ASAN xidmət) bağlanmış nikah hüquqi qüvvəyə malik sayılır. Dini kəbin hüquqi əhəmiyyət kəsb etmir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə, o cümlədən yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etmə cinayət məsuliyyəti yaradır və 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağa görə məsuliyyət nəzərdə tutur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1 və 189-4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil edilməsi, nişanlanması və ya dini kəbinlə evləndirilməsi mərasimlərini təşkil edən və ya keçirən şəxslər 1.000 manatdan 4.000 manatadək miqdarda cərimə edilir.
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
18 yaşına çatmayan hər bir şəxs uşaq hesab olunur və onun təhsil almaq, sağlamlığını qorumaq və inkişaf etmək hüququ vardır. Erkən nikah bu hüquqları birbaşa pozur.
Cəmiyyətdə erkən nikah hallarına adətən 9-11-ci sinif şagirdləri və kolleclərin I-II kurs tələbələri arasında rast gəlindiyindən, maarifləndirmə işinin məhz bu pillələrdə aparılması daha məqsədəmüvafiq hesab edilir.
Təcrübə göstərir ki, maarifləndirmə işinin həyata keçirilməsi aşağıdakı formalarda daha səmərəli olur:
- Sinif saatları və açıq dərslər: Tarix, hüquq və biologiya müəllimləri tərəfindən Ailə Məcəlləsinin tələblərinin və erkən nikahın tibbi fəsadlarının izahı.
- Valideynlərlə iş: Valideyn iclaslarında erkən nikaha görə məsuliyyətin izah edilməsi. Çünki əksər hallarda qeyd edilən məsələ ilə əlaqədar təşəbbüskar valideyn olur.
- Psixoloq və hüquq-mühafizə orqanlarının cəlb edilməsi: Məktəb psixoloqunun, Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorun şagirdlərlə görüşləri.
- Davamiyyətə nəzarət: Dərslərdən səbəbsiz yayınan, xüsusilə qız şagirdlərin ailəsi ilə dərhal əlaqə saxlanılması, bu halın erkən nikah riski kimi dəyərləndirilməsi.
- Qaynar xətlər barədə məlumatlandırma: Şagirdlərə 116 111 Uşaq Qaynar Xətti, 102 Polis Xidməti barədə məlumat verilməsi.
Məktəbdə şagirdə çatdırılmalı olan əsas fikir təhsil hüququnun nikahdan daha üstün olmasıdır və dövlət 18 yaşadək hər bir uşağın təhsilini başa vurmasına təminat verir.
Beləliklə, Azərbaycan qanunvericiliyində erkən nikah birmənalı şəkildə qadağan edilmişdir və nikah yaşı istisnasız olaraq 18 yaş müəyyən edilmişdir. Bu tələbin pozulması həm cinayət, həm də inzibati məsuliyyət yaradır. Orta və orta-ixtisas məktəblərinin əsas vəzifəsi isə bu tələbləri şagirdlərə və valideynlərə vaxtında, düzgün və anlaşıqlı şəkildə izah etmək, hər bir uşağın təhsil hüququnu qorumaqdır. Bir uşağı erkən nikahdan qorumaqla biz eyni zamanda sağlam ailə, sağlam cəmiyyət və sağlam gələcək yaratmış oluruq.
Siyəzən rayon prokurorunun
böyük köməkçisi,
II dərəcəli hüquqşünas
Nurlana Bayramlı






