Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur

24 fevral 2026 | 08:54

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

 

            Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

            Hər bir çərşənbənin öz adət-ənənəsi olduğu kimi Su çərşənbəsinin də özünə məxsusluğu var. Folklorşünaslar bildirir ki, Su  çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır ki, bunu da kainatın yaradılışı ilə də əlaqələndirirlər.  Bu gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə gedəcəklərinə inanırlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır.

            Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

            Su çərşənbəsi ilə bağlı unudulmaqda olan adətlərdən biri də budur ki, axar çaydan gətirilən suyu quyulara, ağacların dibinə, evlərə səpərmişlər ki, həmin il ruzili-bərəkətli olsun.

            Digər adətlərdən biri də Su çərşənbəsində səhər tezdən axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirilməsidir. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanar, hər biri öz bəxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

            Su çərşənbə süfrəsinə gəlincə isə, süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi, həmçinin süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır.

            Qeyd edək ki, Od çərşənbəsi 3 mart, Yel çərşənbəsi 10 mart, torpaq çərşənbəsi 17 martda qeyd olunacaq.

            Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

            Su çərşənbəniz mübarək olsun.

Keçidlər