Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
26 dekabr 2025 | 17:53
Siyəzən Rayon İcra Hakimiyyətinin və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq Siyəzən rayonunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, idarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri, eləcə də idarə və təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixindəki müstəsna xidmətlərindən bəhs edib, onun zəngin yaradıcılığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbir çərçivəsində Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub, şairin əsərlərindən nümunələr səsləndirilib və yubiley tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.






