Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN RESPUBLİKASINDA HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ, HƏRBİ XİDMƏTDƏN AZADETMƏ, MÖHLƏT VƏ HƏRBİ XİDMƏTƏ YARARLILIĞIN TİBBİ MEYARLARI

17 mart 2026 | 18:10

AZƏRBAYCAN RESPUBLİKASINDA HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ, HƏRBİ XİDMƏTDƏN AZADETMƏ, MÖHLƏT VƏ HƏRBİ XİDMƏTƏ YARARLILIĞIN TİBBİ MEYARLARI

 

Azərbaycan Respublikasında hərbi xidmət institutu dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində fundamental rol oynayır. Hərbi xidmətin hüquqi tənzimlənməsi konstitusion əsaslara söykənir və xüsusi qanunvericilik aktları ilə detallı şəkildə müəyyən edilir. Bu sahədə əsas normativ mənbələr aşağıdakılardır:

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”.

Məqalənin məqsədi çağırış mexanizmini, azadetmə və möhlət institutlarını, habelə tibbi yararlılıq meyarlarını sistemli hüquqi təhlil etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətənin müdafiəsi hər bir vətəndaşın borcudur, eləcə də, Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmək vəzifəsi təsbit olunur. Bu norma həm hüquqi öhdəlik, həm də konstitusion borc xarakteri daşıyır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu hərbi xidmət sahəsində əsas normativ aktdır və aşağıdakı məsələləri tənzimləyir:

 

  • Hərbi uçot qaydaları
  • Çağırış proseduru
  • Xidmət növləri
  • Azadetmə və möhlət əsasları
  • Ehtiyat və səfərbərlik məsələləri

Qanun imperativ xarakter daşıyır və məcburi icra olunmalıdır. 18 yaşı tamam olmuş kişi cinsli Azərbaycan vətəndaşları, müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər, 35 yaşadək olan vətəndaşlar hərbi xidmətə çağırışa cəlb edilirlər. Çağırış yaz və payız çağırışı olmaqla, ildə iki dəfə həyata keçirilir. Bu, planlı səfərbərlik mexanizminin tərkib hissəsidir. Müddətli həqiqi hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 12 ay, digər şəxslər üçün isə 18 ay həddində müəyyən olunmuşdur. Xüsusi dövrdə bu müddətlər dəyişdirilə bilər.

Bundan başqa, azadetmə dedikdə isə hərbi xidmət vəzifəsinin tam şəkildə ləğv edilməsi başa düşülür. Azadetmə aşağıdakı hallarda ola bilər:

  1. Sağlamlıq vəziyyətinə görə azadetmə;

Əgər hərbi-həkim komissiyası vətəndaşı sülh dövründə yararsız və tam yararsız hesab edərsə, o hərbi xidmətdən azad edilir və ehtiyata keçirilir. Bu qərar tibbi ekspertiza aktına əsaslanır.

  1. Ailə vəziyyətinə görə azadetmə;

Belə ki, yeganə əmək qabiliyyətli oğul olduqda və valideynlər əmək qabiliyyətsizdirsə, şəhid ailəsinin üzvü olduqda, himayəsində ağır əlilliyi olan şəxs olduqda vətəndaş hərbi xidmət keçməkdən azad edilmiş hesab olunur. Bu norma sosial ədalət və humanizm prinsiplərinə əsaslanır.

  1. Digər əsaslar;

Digər əsaslara isə artıq hərbi xidmət keçmiş şəxslər, müəyyən məhkəmə qərarları, Qanunla nəzərdə tutulmuş digər hallar daxildir.

Möhlət hərbi xidmətin müvəqqəti təxirə salınmasıdır. Ümumtəhsil məktəblərində təhsil alanlara, ali təhsil müəssisələrinin əyani şöbəsində oxuyanlara, magistratura və doktorantura pilləsində təhsil alanlara möhlət verilir. Möhlət yalnız təhsil müddətini əhatə edir və avtomatik deyil, rəsmi təsdiq tələb olunur. Bundan başqa, iki və daha çox uşağı olanlara, uşağını təkbaşına böyüdən şəxslərə, həyat yoldaşı hamilə olanlara da (müəyyən müddətə) möhlət verilməsi nəzərdə tutulmuşdur. Sağlamlıq vəziyyətinə görə müvəqqəti möhlət isə müvəqqəti xəstəliklər 6 ay, 1 il olmaqla verilir. Müddət bitdikdən sonra təkrar tibbi müayinə aparılmasə həyata keçirilir.

Hərbi xidmətə tararlılığın tibbi meyarları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədə əsasən müəyyən edilir. Yararlılıq kateqoriyaları aşağıdakı qaydada müəyyən edilmişdir:

  1. A – tam yararlıdır;
  2. B – məhdud yararlıdır;
  3. C – sülh dövründə yararsız, müharibə dövründə yararlı;
  4. D – tam yararsız;

Əsas tibbi xəstəlik qrupları ürək-damar sistemi (ürək çatışmazlığı, ağır hipertoniya, anadangəlmə qüsurlar) sinir sistemi (epilepsiya, psixi pozuntular, ağır travmalar), dayaq-hərəkət sistemi (onurğa deformasiyaları, ətrafların funksional məhdudiyyəti, ağır yastıpəncəlik), endokrin sistem (şəkərli diabet ağır forma, qalxanabənzər vəzinin ağır patologiyaları), görmə və eşitmə sistemi (yüksək dərəcəli miopiya, korluq, ağır eşitmə itkisi)-dir. Qiymətləndirmə yalnız diaqnoza deyil, funksional vəziyyətə əsaslanır.

Vətəndaş Hərbi-Həkim Komissiyasının Qərarından yuxarı instansiya komissiyasına və nzibati qaydada məhkəməyə müraciət edə bilər. Bu, hüquqi müdafiə mexanizmidir və hüquqi dövlət prinsipinin tərkib hissəsidir.

Xüsusi dövrdə möhlətlər məhdudlaşdırıla bilər, məhdud yararlı şəxslər xidmətə cəlb oluna bilər və xidmət müddətləri uzadıla bilər. Bu hallar ayrıca normativ aktlarla tənzimlənir.

Ümumiyyətlə, Azərbaycan Respublikasında hərbi xidmət institutu:

  • Konstitusion borc prinsipinə əsaslanır;
  • Xüsusi qanunla detallı tənzimlənir;
  • Sosial ədalət və humanizm prinsiplərini nəzərə alır;
  • Tibbi ekspertiza əsasında obyektiv qiymətləndirmə mexanizmi yaradır;
  • Hüquqi müdafiə vasitələrini təmin edir.

Beləliklə, çağırış, azadetmə və möhlət institutları dövlətin müdafiə maraqları ilə vətəndaşın fərdi hüquqları arasında balans yaradır.

 

 

Siyəzən rayon prokurorluğunun mustəntiqi,

II dərəcəli hüquqşünas                                                  

Allahşükür Ərəstunov

Keçidlər