Azərbaycan Prokurorluğunun 108 illik şərəfli inkişaf yolu
Azərbaycan Respublikasının Prokurorluğu 108 illik tarixi inkişaf yolu keçərək bu gün ölkənin hüquq sistemində mühüm və məsuliyyətli fəaliyyət istiqamətlərinə malik dövlət qurumlarından birinə çevrilib. Azərbaycan Prokurorluğunun tarixinin başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması milli prokurorluq sisteminin təməlini qoyub.
Hər il oktyabrın 1-də Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi də məhz bu tarixi hadisə ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə ölkədə müstəqil dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Məhkəmə və hüquq-mühafizə sisteminin yaradılması da həmin prosesin əsas istiqamətlərindən biri idi. 1918-ci il oktyabrın 1-də Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması ilə Azərbaycan Prokurorluğunun tarixi əsası qoyuldu. Həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitinə baxmayaraq, prokurorluq orqanları qanunların düzgün tətbiqinə nəzarət etmək və məhkəmələrdə dövlət ittihamını müdafiə etmək kimi mühüm funksiyaları həyata keçirirdi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət idarəçiliyində baş verən dəyişikliklər prokurorluq sisteminə də təsir göstərdi. 1920-ci il mayın 12-də qəbul edilmiş “Xalq məhkəməsi haqqında” dekretlə Cümhuriyyət dövründə fəaliyyət göstərən məhkəmə, prokurorluq və istintaq strukturları ləğv edildi. Sonrakı dövrdə yeni hüquq-mühafizə institutlarının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. 1922-ci il iyulun 11-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında” dekreti ilə sovet prokurorluğunun hüquqi əsası yaradıldı. Prokurorluğa qanunların icrasına nəzarət, cinayətlərin araşdırılması ilə bağlı fəaliyyətə nəzarət və məhkəmələrdə dövlət ittihamının müdafiəsi kimi funksiyalar həvalə edildi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkənin bütün dövlət institutları kimi prokurorluğun da fəaliyyətində yeni mərhələ başlandı. Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində prokurorluğun statusu və fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirildi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olduğu vahid mərkəzləşdirilmiş orqan kimi təsbit etdi.
1999-cu il dekabrın 7-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi prokurorluğun müasir hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ oldu. Qanunvericiliklə prokurorluğun fəaliyyət istiqamətləri sırasında qanunların icra və tətbiqinə nəzarət, cinayət işləri üzrə ibtidai istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və digər mühüm vəzifələr müəyyənləşdirildi.
Azərbaycan Prokurorluğunun müasir inkişaf tarixindən danışarkən Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyası və hüquq-mühafizə sisteminin inkişafına verdiyi töhfələr xüsusi qeyd edilməlidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatlar nəticəsində müstəqil Azərbaycanın hüquq sisteminin əsasları formalaşdırıldı, dövlət qurumlarının fəaliyyətinin hüquqi çərçivəsi təkmilləşdirildi.
1998-ci ildə oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi müəyyənləşdirilməsi də prokurorluq tarixinin qorunmasına və bu mühüm dövlət institutuna verilən əhəmiyyətin göstəricilərindən biri oldu. 2001-ci ildə prokurorluğa işə qəbul zamanı müsabiqə qaydalarının tətbiqi istiqamətində mühüm addım atıldı. 2002-ci ildən etibarən prokurorluq orqanlarına qəbul müsabiqə və müsahibə, o cümlədən test və yazılı imtahanlar əsasında həyata keçirilməyə başladı. Bu proses prokurorluq sistemində peşəkarlığın, şəffaflığın və müasir kadr siyasətinin inkişafına yönəlmiş tədbirlər sırasında mühüm yer tutur.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəçilik prinsiplərinin tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi və insan hüquqlarının daha etibarlı qorunmasına dair kompleks tədbirlər bu ardıcıllığın bariz nümunəsidir.
Dövlət başçısının etimadı bizim üçün, ilk növbədə, böyük məsuliyyətdir. Çünki prokurorluq əməkdaşının fəaliyyətinin mərkəzində qanunun tələbləri dayanır. İstintaqın hərtərəfli və obyektiv aparılması, dövlət ittihamının müdafiəsi, vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi gündəlik xidmətimizin əsasını təşkil edir.
Bu gün prokurorluğun qarşısında duran əsas vəzifələr qanunun aliliyinin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, istintaqın hərtərəfli və obyektiv aparılması, dövlət ittihamının yüksək peşəkarlıqla müdafiəsi, müasir texnologiyaların imkanlarından istifadə və beynəlxalq hüquqi əməkdaşlığın daha da genişləndirilməsidir.
Müasir hüquq-mühafizə sisteminin əsas xüsusiyyətlərindən biri də rəqəmsallaşmadır. Azərbaycan Prokurorluğunda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir, “Elektron Prokurorluq” informasiya sisteminin inkişafı istiqamətində tədbirlər görülür. 2026-cı ildə prokurorluğun 108-ci ildönümünə həsr olunmuş tədbirdə də rəqəmsal həllərin hüquq tətbiqi fəaliyyətində istifadəsinin genişləndirilməsi xüsusi vurğulanıb. Bu yanaşma müasir dövrün tələblərinə uyğun olaraq hüquq-mühafizə fəaliyyətinin daha çevik və texnoloji imkanlardan istifadə edən formada təşkil edilməsini qarşıya məqsəd qoyur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra işğaldan azad edilmiş ərazilərdə dövlət institutlarının fəaliyyətinin bərpası yeni mərhələ yaradıb. Bu prosesdə prokurorluq orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Azad edilmiş ərazilərdə hüquq və qanunçuluğun təmin olunması, dövlət idarəçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi və müvafiq istintaq-prosessual fəaliyyətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Baş Prokurorluğun 2026-cı ilin 28 sentyabrında keçirilmiş 108-ci ildönüm tədbirində də bu istiqamətdə görülən işlər xüsusi qeyd olunub. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş xüsusilə ağır cinayətlərlə bağlı istintaqın aparılması və dövlət ittihamının məhkəmələrdə müdafiəsi də müasir dövrün mühüm istiqamətlərindən biri kimi qeyd olunur.
Cinayətkarlığın müasir dövrdə transmilli xarakter alması hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini artırır. Azərbaycan Prokurorluğu terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və digər cinayətlərin qarşısının alınmasına dair beynəlxalq əməkdaşlıqda iştirak edir.
Azərbaycan Prokurorluğunun 108 illik tarixi yalnız bir dövlət qurumunun fəaliyyət tarixindən ibarət deyil. Bu tarix Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. 2026-cı il sentyabrın 28-də prokurorluğun 108-ci ildönümünə həsr olunmuş tədbirdə Baş prokuror hörmətli Kamran Əliyev qurumun 108 illik inkişaf yoluna nəzər salıb, müxtəlif tarixi mərhələlərdə əldə olunan nailiyyətləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Tədbirdə həmçinin prokurorluğun veteranları, Vətən müharibəsi iştirakçıları və şəhid olmuş əməkdaşların ailə üzvlərinə göstərilən diqqət xüsusi vurğulanıb.
Siyəzən rayon prokurorluğunun fəaliyyəti də ümumi prokurorluq sisteminin qarşıya qoyduğu bu vəzifələrdən kənarda deyil. Rayonumuz özünəməxsus coğrafiyası, iqtisadi potensialı, əməksevər insanları və dövlətçilik ənənələri ilə seçilir. Burada qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, insan və vətəndaş hüquqlarının qorunması, vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması kollektivimizin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Siyəzən rayonunda vətəndaşlarla birbaşa ünsiyyətə hər zaman xüsusi önəm veririk. Çünki prokurorluğun cəmiyyətlə münasibətlərində etimad vacib amildir. Vətəndaş müraciətinin diqqətlə dinlənildiyini, qanun çərçivəsində araşdırıldığını və nəticəsinin ona aydın şəkildə izah edildiyini gördükdə dövlət institutlarına inamı daha da möhkəmlənir.
Möhtərəm Prezident Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bölgələrdə vətəndaş qəbullarının keçirilməsi də bu məqsədə xidmət edir. 2026-cı ilin avqust ayında Baş prokuror hörmətli Kamran Əliyevin Quba rayonunda keçirdiyi qəbulda Siyəzən sakinlərinin də iştirak etməsi və onların müraciətləri üzrə müvafiq göstərişlərin verilməsi aparılan işlərin davamlı xarakter daşıdığını göstərir.
Rayon Prokurorluğunun hər bir əməkdaşı yaxşı anlayır ki, hüquq qarşısında hamı bərabərdir. Ona görə də, konkret məsələyə yanaşmada şəxsi münasibətlərə deyil, qanunun tələblərini, sübutları və hüquqi prosedurları əsas götürmək bizim dəyişməz prinsipimizdir. İstintaq zamanı obyektivlik, dövlət ittihamının müdafiəsində prinsipiallıq, vətəndaş müraciətlərinin araşdırılmasında diqqət və məsuliyyət xidmətimizin ayrılmaz tərkib hissəsidir.
Prokurorluğun fəaliyyəti yalnız baş vermiş cinayətlərin araşdırılması ilə məhdudlaşmır. Cinayətkarlığın profilaktikası, hüquqi maarifləndirmə, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılması da böyük əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, yerli ictimaiyyət və digər təsisatlarla əməkdaşlığın gücləndirilməsi rayonda hüquq mədəniyyətinin inkişafına töhfə verir.
Müasir dövrdə prokurorluq qarşısında yeni çağırışlar var. Rəqəmsal texnologiyaların sürətli inkişafı, informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, yeni iqtisadi münasibətlər və digər proseslər hüquq-mühafizə fəaliyyətinin daim təkmilləşdirilməsini zəruri edir. Bu reallıq əməkdaşlardan yalnız qanunvericiliyi yaxşı bilməyi deyil, yenilikləri izləməyi, müasir texnologiyalardan səmərəli istifadə etməyi və dəyişən şəraitə çevik uyğunlaşmağı tələb edir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinə sadiqlik, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların mahiyyətindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi bundan sonra da fəaliyyətimizin əsas istiqamətini müəyyən edəcəkdir.
108 illik tarix qarşısında əsas məsuliyyət isə dəyişməz olaraq qalır: qanunçuluğun qorunması, ədalətin təmin olunması və dövlətə, xalqa sədaqətlə xidmət.
Əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquqi dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər bundan sonra da yüksək səviyyədə davam edəcək və Azərbaycan Prokurorluğu qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində yeni uğurlara imza atacaqdır.
İsmayıl Abiyev
Siyəzən rayon prokuroru,
baş ədliyyə müşaviri






