Kitab Bayramı keçirilmişdir
Bu gün Siyəzən şəhərindəki Bayraq Meydanında 28 May - Respublika gününə həsr olunmuş Kitab bayramı keçirilmişdir. Bu münasibətlə bayramsayağı bəzədilən meydanda klassik, müasir, ictimai-siyasi, uşaq ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi və Bakı Kitab Evinin təşəbbüsü ilə yeni kitabların satışı təşkil edilmişdi. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov başda olmaqla bütün iştirakçılar sərgidə nümayiş olunan kitablarla tanış oldular. Giriş sözü ilə çıxış edən Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nigar Qəniyeva bildirdi ki, rayonda kitab bayramlarının keçirilməsi artıq ənənə halını almışdır. Tədbirdə Ümummilli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyev tərəfindən kitab və kitabxanaçılıq işi haqqında verilmiş sərəncam və tapşırıqlardan, onların bu sahəyə yüksək qayğısından geniş söz açıldı. Sonra çıxış üçün söz Siyəzən şəhər 1 nömrəli məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcməddin Mürvətova verildi. O, elm, təhsil sahəsində görülən böyük işlərdən, kitab nəşrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı və son dövrlərdə yazdığı şerlərini oxudu. Tədbirdə rayon məktəblilərinin ifasında klassik və müasir ədəbiyyat nümunələri səsləndi. Bakı Kitab Evinin direktoru Fazil Kərimli çıxış edərək belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyindən danışdı. Rayonun “Çıraq” qəzetinin müxbiri Reyhan Muradova bugünki tədbirdə Siyəzən yazarlarının əsərlərindən ibarət xüsusi bölmənin təşkil edilməsindən məmnunluğunu qeyd etdi.
Sonda rayon Mədəniyyət Evi tərəfindən hazırlanmış konsert proqramı təqdim edildi. Bayram konsertində Müslüm Güləliyevin, Əhmədəli Haşımovun, Vüsal Həsənovun ifasında mahnılar dinlənildi, Mədəniyyət Evinin rəqs kollektivi çıxış etdi.