Elmi-praktik konfrans keçirilmişdir
02 may 2014-cü il tarixdə Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı fəallarının iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar gənc rəssam Pəri Mirzəyevanın Ümumimmili lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm sərgisinə baxış keçirmişlər. Sərgini təqdim edən Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova Pəri Mirzəyevanın rəsm sənətində əldə etdiyi uğurlar haqqında geniş məlumat verdi.
Konfransı giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirdi ki, dünya durduqca yaşayan, əbədilik qazanan şəxsiyyətləri tarix az-az yetişdirir. Belə şəxsiyyətlər həm yaratdıqları məktəblə, həm də yeni təfəkkür tərzi ilə yaddaşlarda dərin iz buraxırlar.Tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dahi, Ümummilli liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdən biridir. Dahi rəhbər Heydər Əliyev təkcə Azərbaycada deyil, dünyanın tarix və siyasət səhnəsində də öz adından qürurla söz etdirən fenomen olmuşdur. Azərbaycan xalqı fəxr edirki, Ulu öndər kimi güclü siyasətçisi olub. Hər bir azərbaycanlı bilir ki, Heydər Əliyev bütün ömrünü vətəninə, xalqına həsr etmiş, ölkəmizi bütün çətin sınaqlardan uzu ağ, alnı açıq cıxarmışdır. Bu gun Ulu öndərin siyasi kursu Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Ümummilli liderin həyat və fəaliyyət barədə Heydər Əliyev Mərkəzinin direktoru, YAP Siyəzən rayon təşkilatı Qadınlar şurasının sədri Ramilə Seyidova, “Heydər Əliyev və Azərbaycan uşaqları” mövzusunda Siyəzən şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Xanım Seyidova, “Heydər Əliyev və Azərbaycanın neft startegiyası” mövzusunda Gilgilçay qəsəbə tam orta məktəbin müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Məmmədova çıxış etdilər.
Tədbir iştirakçıları məmnunluqla qeyd etdilər ki, Azərbaycan xalqı bu gün Ümummilli liderin açdığı yolla uğurla irəliləməkdədir və bu yolda xalqımızın ölkə başçısı İlham Əliyev kimi bələdçisi vardır. Biz əminik ki, bu yolda atılan hər bir addım xalqımıza daha böyük nailiyyətlər gətirəcəkdir.