Siyəzən rayonunda 2014-cü ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Siyəzən rayonunda 2014-cü ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın bugünkü iclasında müzakirə olunmuşdur. İclasda rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov 2014-cü il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğuladı, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırmışdır.
Daha sonra cənab Arif Qasımov Siyəzən rayonunda 2014-cü ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış etmişdir.
Məruzədən sonra çıxış edən Siyəzən Rayonu üzrə Maliyyə Şöbəsinin rəis əvəzi Samir Nemətov, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Xanlar Əlimuradov, Mərkəzi Poliklinikanın baş həkimi Mirələm Calalov, Siyəzən Rayon Elektrik Şəbəkəsinin rəis əvəzi Şahid Quliyev, Siyəzən Qaz İstismar İdarəsinin rəisi Faiq Nəsbullayev rəhbərlik etdikləri sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlər barədə danışmışlar.
Müzakirələrdən sonra müvafiq qərar qəbul edilmişdir.