İqtisadiyyat və sənaye naziri vətəndaşları qəbul etmişdir.
Aprelin 12-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzən şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda 70-dən çox vətəndaş iştirak etmişdir.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının qurulması, istehsal və emal sahələrinin yaradılması, kənd yollarının tikintisi, kənd məktəblərinin təmiri, kənd yerlərinin qazlaşdırılmasının başa çatdırılması, işə qəbul və s. məsələlərlə bağlı müraciət etmişlər.
Vətəndaşlar nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Qəbulda olan vətəndaşların İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbul zamanı həmçinin, sahibkarların müxtəlif layihələrə dair təklifləri müzakirə edilmiş, heyvandarlıq, quşçuluq və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstəriş verilmişdir.
Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bununla yanaşı, vətəndaşların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq təşkili üçün İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi internet və facebook səhifələrində "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri yaradılmış və vətəndaşların qəbul üçün müraciətləri bu bölmə vasitəsilə də qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.