Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım qurbanları yad edilmişdir

31 mart 2014 | 15:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin akt zalında 31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə rayon tədbiri keçirilmişdir.

Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov erməni millətçiləri tərəfindən müxtəlif dövrlərdə xalqımıza qarşı həyata keçirlən soyqırımı barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

Tədbirdə çıxış edən başçının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova,  Siyəzən şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, 6 saylı tam orta məktəbin tarix müəllimi Pərvin Ağasıyev 1918-ci ildə bütün ölkə ərazisində, həmçinin 1992-ci ildə Xocalıda törədilmiş kütləvi qırğınlar, bunlar bərədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülmüş işlərdən  danışmışdır.

      

  Bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilmişdir. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. 

Daha sonra Tarixin bir günü və ya bir günün tarixi adlı sənədli film nümayiş etdirilmişdir.

Tədbirdən sonra  25 nəfərlik qrup tərəfindən Quba rayonundakı kütləvi məzarlıq ziyarət edilmişdir. 

 

Keçidlər