Novruz Bayramı böyük təntənə ilə qeyd olundu
Bu gün Siyəzən şəhərindəki Bayraq Meydanında Novruz bayramı böyük təntənə ilə qeyd olunmuşdur. Özündə bayram ab-havasını əks etdirən meydan böyük Novruz süfrəsi, milli mədəniyyət, folklor nümunələri, qədim xalq sənətlərini yaşadan sənətkarların əl işləri, məktəblilərin Növruz bayramına həsr etdikləri rəsm əsərləri, digər əl işləri ilə bəzədilmiş, manqallar, böyük samovarlar düzülmüşdü. Əvvəlcə Siyəzən şəhər Mədəniyyət evində rayonda yaşayan Qarabağ müharibəsi əlilləri, şəhid ailəsi üzvlərini əlamətdar bayram münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovu meydanda Bahar qızı, Kosa və Keçəl qarşıladılar. Xalqımızın sevimli folklor personajları onu bayram münasibətilə təbrik etdikdən sonra Bayram tonqalını alışdırmağı xahiş etdilər. Tonqal yandırıldıqdan sonra kəndirbazlar, Rayon Mədəniyyət evinin rəqqasları, nağaraçılar qrupu öz məharətlərini göstərmiş, Şəhər İncəsənət Məktəbinin ansamblı, aşıqlar, rayon meyxanaçıları çıxış etmişlər. İcra Hakimiyyətinin başçısı və qonaqlar daha sonra məktəblilərin rəsm əsərləri, qədim folklor, sənət nümunəri ilə tanış olmuş, rayon ağbirçəklərinin bişirdiyi isti lavaş, fətir, qutaba qonaq olmuşlar. Nəhayət rayonumuzun idmançıları nümunəvi çıxışlar göstərmişlər. Karateçilərin, yeniyetmə boksçuların, cüdoçuların, futbolçuların hər bir hərəkəti böyük çoşqu və alqışlarla qarşılanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov rayon sakinlərini bayram münasibətilə təbrik etmişdir. Daha sonra tədbir respublikamızın, eləcə də rayonumuzun sevimli incəsənət ustalarının iştirakı ilə bayram konserti ilə davam etmişdir. Bütün tədbir boyunca rayon sakinləri isti kabab və samovar çayına qonaq edilmişlər.