Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi yad edilmişdir.

27 fevral 2014 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin iclas zalında  Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov, İcra Hakimiyyətinin kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, təhsil müəssisələrinin işçiləri, rayon ağsaqqalları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Soyqırım qurbanlarının xatirəsi sükutla yad edildikdən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova çıxış etmişdir. Bildirilmişdir ki, bəşəriyyətə, insanlığa qarşı tarixi bir cinayət olan və müstəqillik tariximizə qanla yazılmış Xocalı qətliamından 21 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və separatçı terror dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım törətmişlər. Hücum zamanı 10 min nəfər əhalisi olan Xocalı şəhəri bir gecədə yerlə yeksan edilmiş, bir gün ərzində şəhərin 613 dinc sakini öldürülmüşdür. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfər qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq isə valideynlərindən birini itirmişdir. 76 nəfəri uşaq olmaqla 487 nəfər yaralanmış, 275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Ölənlərin və əsir alınanların əksəriyyəti şəhərin dinc sakinləri olan qocalar, qadınlar və uşaqlar idi. Ölənlərin hamısına yaxın məsafədən atəş açılaraq qətlə yetirilmişdir.

Tədbirdə çıxış edən Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev, Siyəzən şəhər 1 saylı tam orta məktəbin müəllimi Vahab Əkbərli qeyd etmişlər ki, Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan bir vəhşilik aktıdır. Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciəyə ilk siyasi qiymət ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il fevralın 24-də ölkə parlamentində verildi. O vaxtdan etibarən hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi respublikamızın bütün bölgələrində, o cümlədən, Siyəzən rayonunda da anım mərasimləri keçirilir.

Sonda  yığıncaq iştirakçılarının dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti oxunmuşdur.

 

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı

Siyəzən rayonunda keçirilmiş  yığıncaq iştirakçılarının

dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara

M Ü R A C İ Ə T İ

Təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı tarixi bir cinayət olan və müstəqillik tariximizə qanla yazılan Xocalı faciəsindən iyirmi iki il keçir. Tarixə soyqırım kimi daxil olmuş bu faciə ölkəmizdə, o cümlədən Siyəzən rayonunda da hər il ürək ağrısı ilə qeyd edilir.       

XX əsrdə “Böyük Ermənistan” və monoetnik dövlət yaratmaq kimi şovinist siyasəti aparan ermənilər Azərbaycan xalqının başına müsibətlər gətirmişdir. Ən dəhşətli cinayətlərdən biri də son iyirmi iki ildə kədərlə qeyd etdiyimiz Xocalı soyqırımıdır.

Zaman-zaman düşmən həmləsinə mətanətlə sinə gərib varlığını qoruyan xalqımız 1992-ci ilin fevral ayının 26-da öz taleyinin ən ağır və ən dəhşətli anlarını yaşadı. Həmin gün Xocalı soyqırımı baş verdi. O qanlı-qadalı məqamda qədim tarixi olan Xocalı bir gecənin icərisində erməni-rus hərbi birləşmələri tərəfindən yer üzündən silindi. 613 nəfər dinc sakin amansız üsullarla qətlə yetirildi, 56 nəfər diri-diri yandırıldı, 112 nəfər itkin düşdü, 1275 nəfər əsir alındı, 6 ailə tamamilə məhv edildi.       

On min əhalisi olan Xocalı şəhəri talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurları düşünülmüş surətdə Dağlıq Qarabağın onlarla yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə yer üzündən silmişlər.       

Erməni silahlı dəstələri şəhəri zəbt edəndə orada 3 min dinc əhali, o cümlədən 86 nəfər mesxeti türkü qalmışdı. Xocalılar heç nə götürə bilməmiş, canlarını güclə götürüb qaçmışdılar. Şəhərin əmlakı Xankəndi  yaxınlığında yaşayan erməni əhalisi tərəfindən daşınmışdır.Çox evlərin darvazalarında onun yeni sahiblərinin, yəni evləri ələ keçirmiş ermənilərin adları yazılmışdı.Bu cür onlarla faktı göstərmək mümkündür. Beləliklə, istintaq zamanı toplanmış sübutlarla Ermənistan silahlı qüvvələri ilə 366-cı alayın Komanda heyətinin Qarabağın dağlıq hissəsinin azərbaycanlı əhalisinə qarşı soyqırım cinayəti etməsi tam təsdiq olunmuşdur. Məhz buna görə də Xocalı şəhərinin əhalisinə qarşı soyqırım etmiş Ermənistan silahlı qüvvələri və 366-cı alayın Komanda heyəti cəzalandırılmalı və Beynəlxalq Məhkəmə qarşısında cavab verməlidirlər.

Xocalı faciəsi hər bir azərbaycanlının yaddaşında qanlı olay, qara ləkə, utanc yeri kimi qalmaqla yanaşı, hər birimizin daxilində mənfur düşmənə qarşı intiqam hissi günü-gündən alovlanmalıdır. İnanırıq ki, gec-tez Azərbaycan xalqı tapdalanmış hüquqlarının müdafiəsinə qalxacaq və düşmənin layiqli cavabını verəcəkdir. Bununla yanaşı dünyanın aparıcı dövlətləri də Xocalı soyqırımına siyasi qiymət verməli və zəruri tədbirlər görməlidirlər.

XX əsrin bu dəhşətli qırğını daim Azərbaycan torpaqlarına göz dikən erməni millətçilərinin məkrli niyyətlərinə çatmaq məqsədi ilə xalqımıza qarşı yeritdikləri soyqırımı siyasətinin daha bir qanlı səhifəsidir. Bu faciənin bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınması vacibdir.

Biz yığıncaq iştirakçıları dünya ictimaiyyətinə və  bütün beynəlxalq təşkilatlara müraciət edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlükdə isə ötən əsrin əvvəlindən bu günə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən öldürülməsi, azərbaycanlılar yaşayan 16 min kvadrat kilometrlik əzəli Azərbaycan torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1 milyon nəfərdən çox azərbaycanlının qovulması, ərazimizin 20 faizinin erməni hərbi birləşmələrinin işğalı altında olması faktlarını onlara çatdırmağı, beynəlxalq prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini və Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərinin qaldırılmasını xahiş edirik.

Biz yığıncaq iştirakçıları əminik ki, Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmayacaq, erməni cəlladları öz layiqli cəzalarını alacaqlar.

                                                                              Siyəzən şəhəri, 26 fevral 2014-cü il

Keçidlər