“8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
30 oktyabr 2025 | 14:41
Bu gün Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açaraq, 8 Noyabr – Zəfər Gününün xalqımızın şərəf və qürur günü olduğunu, bu möhtəşəm qələbənin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi tarixə yazıldığını vurğulamışdır.
Ardınca tədbirdə bir-birindən məzmunlu çıxışlar dinlənilib:
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda çıxış edərək, Azərbaycanın bu tarixi qələbəsinin milli birliyimizin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirmişdir.
Siyəzən Rayon Prokuroru İsmayıl Abıyev “Zəfərimiz qürurumuzdur” mövzusunda çıxışında şəhidlərin unudulmaz qəhrəmanlığından və müzəffər ordumuzun şücaətindən danışmışdır.
Siyəzən Rayon Sədan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Emma Dadaşova “Qarabağa qovuşduğumuz tarixi gün – Böyük Qələbə Günüdür” adlı çıxışında 44 günlük Vətən müharibəsinin xalqımızın mənəvi birliyinə və milli ruhuna verdiyi töhfələri qeyd etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov “44 günlük Zəfər” mövzusunda çıxış edərək, bu tarixi hadisənin gələcək nəsillər üçün örnək olduğunu və Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır.
Konfrans Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun yekun nitqi ilə başa çatıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə və bütün Vətən müharibəsi iştirakçılarına minnətdarlığını bildirmişdir.
Bu konfrans bir daha göstərdi ki, 8 Noyabr – Zəfər Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və Vətən sevgisinin rəmzidir. Azərbaycanın bayrağı Qarabağ səmasında əbədi dalğalanacaq!






