Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbirləri keçirilir.
27 dekabr 2013-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ilə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov tədbiri açaraq ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə qayğının dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, şəhid ailələrinə və Qarabağ əlillərinə diqqət göstərmək hər birimizin vəzifəsidir. Çünki onlar öz həyat və sağlamlıqları bahasına bu ölkəni müdafiə etmişlər. İnanırıq ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin səyləri nəticəsində yaxın zamanda şəhid olmuş və sağlamlıqlarını itirmiş vətəndaşlarmızın uğrunda döyüşdükləri torpaqlarımız azad olunacaqdır.
Tədbirdə iştirak edən şəhid ailəsi üzvləri və Qarabağ əlilləri çıxış edərək göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayondakı bütün şəhid ailəsi üzvlərinə və Qarabağ əlillərinə Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları təqdim edilmişdir.
Həmin gün daha bir tədbir Siyəzən şəhər ümumi orta internat məktəbində keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov tədbirdə iştirak edərək məktəbin kollektivini bayram münasibətilə təbrik etmişdir. Tədbirdə məktəbin 132 şagirdinə bayram sovqatı verilmişdir.