Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Cabir Novruzun 80 illik yubilileyi qeyd olunmuşdur

22 noyabr 2013 | 16:00

21 noyabr 2013-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət evində Siyəzən Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara...” ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir şairin öz səsi ilə “Sağlığında qiymət verin insanlara...” şeri ilə açılmışdır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov qonaqları  salamlamış və bu əlamətdar yubiley münasibətilə bütün Cabir Novruz yaradıcılğını sevənləri təbrik etmişdir. Qeyd edilmişdir ki, “Sağlığında qiymət verin insanlara...” deyən şairə həm sağlığında, həm də vəfatından sonra böyük qiymət verilmişdir. Böyük şairimiz Cabir Novruzun ədəbi və ictimai fəaliyyəti həm xalqımız, həm də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", Xalq şairi”  fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.  Bu gün rayonumuzda keçirilən tədbir də bütün ölkədə Cabir Novruz poeziyasına verilən qiymətin bariz nümunəsidir.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Cabir Novruzun  yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Şairin yaradıcılığı xalqımızda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Onun əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Tədbirdə filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı,  filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli,   “Qızıl qələm” mükafatçısı, nasir, publicist Xeyrəddin Qoca,  filologiya elmləri doktoru  Rasim Nəbioğlu  Cabir Novruzun həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə maraqlı çıxışlar etmiş, xatirələrini danışmışlar.  Şairin oxucularından jurnalist Reyhan Muradova, Siyəzən şəhər 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Sevil Mərdanova  Cabir Novruz poeziyasının tükənməz xəzinə olduğunu bildirmiş, bundan sonra da hər zaman sevilərək oxunacağını qeyd etmişlər.  Şairin nəvəsi Səfurə Novruzlu, Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri şairin şerlərini səsləndirmiş, Xalq artisti Zaur Rzayev, müğənnilər Elza Seyidcahan, Zəka Zeynalov, Aslan Hüseynov, Günay İbrahimli, Sevda Kazımova, Mətin Rzazadə, Vüsal Həsənovun ifasında “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri”, “Cavanlığım” və digər mahnılar tədbir iştirakçılarına xoş anlar yaşatmışdır. 

Tədbirin sonunda şairin oğlu Müşfiq Cabiroğlu yubiley tədbirinin təşkilinə görə təşəkkürünü bildirmiş, qədirbilən Azərbaycan xalqına şairin ailə üzvlərinin minnətdarlığını çatdırmışdır.

Keçidlər