Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun 20 Sentyabr – Neftçilər Günü münasibətilə Siyəzən neftçilərinə bayram təbriki

18 sentyabr 2013 | 15:00

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi , mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft  şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq  əməkdaşlığın  əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. Ölkəmizin neft strategiyasının  əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.

2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə  Şərq-Qərb enerji dəhlizinin  əsasını təşkil edir. H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində  əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəmərinə onun adı verilmişdir. 

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin  nəticəsidir ki, bu gün ölkəmiz dünyanın ən yüksək templə inkişaf edən dövlətləri sırasında liderdir.

Ölkənin neft sənayesində “Siyəzənneft” NQÇİ-nin də öz yeri var.  Siyəzən  neft yatağı  1941-ci ildən sənaye miqyasında işlənməyə daxil olmuş, 1958-ci ildə  isə neft hasilatı ən yüksək həddə: - gündəlik  1900 tona    çatmışdır.  Həmin ili neftçilər ümumilikdə 689,6 min ton qara qızıl çıxartmışdılar.

Bu gün “Siyəzənneft” NQÇİ-də 935 nəfər işçi çalışır. İllik neft hasilatı 50 min ton, qaz hasilatı isə 8,8 milyon m3-dir. Son illərdə görülmüş tədbirlər nəticəsində idarənin  göstəriciləri artan dinamika ilə inkişaf edir.  İnanırıq ki, bu inkişaf davamlı, daha da sürətli olacaqdır.

Ulu öndər Heydər Əliyevin fərmanı ilə əsası qoyulan 20 sentyabr - Neftçilər Günü xalqımız , o cümlədən siyəzənlilər tərəfindən hər il təntənə ilə qeyd olunur.

Əziz  neftçilər, Sizi  bayram münasibətilə təbrik edir, cansağlığı, şərəfli peşənizdə uğurlar arzu edirəm.

Keçidlər