Siyəzən rayon təhsil işçilərinin konfransı keçirilmişdir
06 sentyabr 2013-cü il tarixdə Siyəzən rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda “2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” və “Respublika müəllimlərinin XIV qurultayına nümayəndələrin seçilməsi” məsələləri müzakirə edilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Rəfail Hacıyev geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən Təhsil islahatı bütün respublikamızda olduğu kimi Siyəzən rayonunda da uğurla həyata keçirilməkdədir. 2012-2013-cü dərs ilində Siyəzən rayonunun ümumtəhsil məktəblərində 5565 nəfər şagird təhsil almışdır, onların təlim-tərbiyəsi ilə 708 nəfər müəllim məşğul olmuşdur. 2013-cü ildə 22 nəfər gənc müəllim Təhsil Nazirliyində imtahan verərək rayonun müxtəlif məktəblərində öz ixtisasları üzrə işləmək hüququ qazanmışdır. Siyəzən şəhər 6 saylı tam orta məktəbin müəllimi Tatyana Səlimova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi hesab edilmişdir.
Konfransda buraxılış və qəbul imtahanlarının nəticələri haqqında geniş müqayisəli məlumat verilmişdir. Qeyd olunmuşdur ki, buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq bütün IX və XI sinif məzunlarına təhsil sənədləri - ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat verilmişdir. XI sinfi bitirmiş 365 nəfər məzundan 228 nəfəri qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 87 nəfəri ali məktəblərə daxil olmuşdur. Bundan əlavə 3 nəfər hərbi yönümlü ali təhsil ocaqlarının, 6 nəfər isə xarici ölkələrin ali məktəblərinin tələbələri olmuşlar. Əvvəlki illərin məzunlarından 24 nəfər də tələbəlik sevinci yaşayırlar. Tələbə adını qazanmış məzunlardan 12 nəfər 500-dən artıq bal toplamışdır. Onlardan Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri Fuad Nəzərov 635 bal, Nərmin Məmmədli 630 bal, Siyəzən şəhər 2 saylı tam orta məktəbin şagirdi Əli Zərbəli 616 balla yüksək göstəriciyə nail olmuşlar. Konfransda həmin məzunlara Fəxrı Fərman və pul mükafatları verilmişdir. Bundan başqa şagirdlərin təlim-tərbiyəsi işindəki səmərəli fəaliyyətinə görə rayonun 15 nəfər müəllimi də Fəxrı Fərmanla təltif olunmuşlar.
Konfransda Siyəzən şəhər 1 sayli tam orta məktəbin direktoru Nəcməddin Mürvətov, Siyəzən şəhər 3 sayli tam orta məktəbin direktoru Rafiq Yarıyev, Siyəzən şəhər 2 sayli tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, gənc müəllim Nurəngiz Mayılova, məzun Nərmin Məmmədli çıxış etmişlər.
Konfransda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İsmayıl Sadıqov hazırda nazirlik sistemində olan struktur dəyişiklikləri, qəbul imtahanlarının gələcəkdə aparılması qaydalarında mümkün ola biləcək yeniliklər, hesabatların yeni qəbulu sistemi, TİMS proqramında yol verilən müəyyən nöqsanlar və bir sıra digər məsələlər haqqında geniş məlumat vermişdir.
Siyəzən Rayon Icra Hakimiyyətinin başçısı cənab Arif Qasımov rayon müəllimlərini yeni dərs ili münasibəti ilə təbrik edərək bildirmişdir ki, müəllimlərə, xüsusilə gənc müəllimlərə hər cür qayğı göstərmək hər bir aidiyyəti şəxsin borcudur. O, həm gənc müəllimlərə, həm də ehtiyacı olan tələbə və şagirdlərə daim diqqət göstəriləcəyini qeyd etmişdir.
Konfrans iştirakçıları adından Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.