Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur
18 aprel 2013-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət Evində Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri iştirak edirdi. Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov açaraq Azərbaycanın görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını bildirməyə gələn hər kəsə təşəkkür etmiş, görkəmli alimin həyat və fəaliyyəti haqqında məlumat vermişdir. Bundan sonra geniş məruzə ilə başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Etibar Heydərov çıxış etdi. Qeyd edilmişdir ki, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq - alim Zərifə xanım Əliyeva, həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə onu tanıyan hər kəsin nəzərində örnək insan obrazı yaratmışdır. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Vurğulanmışdır ki, Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlara Rayon Mədəniyyət Şöbəsinin Zərifə xanım Əliyevanın 90 illik yubleyi ilə əlaqədar hazırladığı ədəbi - bədii kompazisiya təqdim edilmişdir.