Bu gün Siyəzən rayonun Sədan, Balaca Həmyə, Məşrif və Qalaaltı kəndlərinin ərazisində müxtəlif parametrli yanğın hadisələri baş vermişdir
Bu gün Siyəzən rayonun Sədan, Balaca Həmyə, Məşrif və Qalaaltı kəndlərinin ərazisində müxtəlif parametrli yanğın hadisələri baş vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla Rayon İcra Hakimiyyəti başçısı aparatının bütün məsul şəxsləri yanğın hadisələrinin qarşısının alınması prosesinə rəhbərlik etmişdir. Ərazilərə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilmiş, kənd icra nümayəndəlikləri, bələdiyyələrin kollektivləri, eləcə də kənd sakinləri yanğının qarşısının alınması üçün səylə çalışmışlar. Ərazilərə yanğınsöndürən maşınlar, şum traktorları və su maşınları olmaqla ümumilikdə 50-dən çox texnika cəlb edilmişdir. Günorta saatlarında havanın temperaturunun 38 dərəcədən yüksək olması və güclü cənub-şərq küləyi yanğınların geniş vüsət almasına şərait yaratsa da yaşayış məntəqələrini yanğından mühafizə etmək mümkün olmuşdur. Xoşbəxtlikdən insan tələfatı olmamışdır. Bununla belə Məşrif kənd sakinlərinə məxsus biçilməmiş əkin sahələrinə ciddi ziyan dəymişdir. Hazırda yanğınların qarşısı alınmışdır.
Sakinlərimizdən daha diqqətli olmağı xahiş edirik. Xüsusilə aşağıdakıları bir daha sakinlərimizin diqqətinə çatdırmaq istəyirik:
- taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;
- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz qoymayın;
- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
- küləkli havada tonqal qalamayın;
- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;
- yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və “112” qaynar xəttinə məlumat verin.
Təhlükə zamanı “112”yə zəng edin!