Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki
Əziz Siyəzənlilər!
2020-ci il bizim üçün həm çətin, həm də əlamətdar il kimi yadda qaldı. Hələ ilin əvvəlindən dünyanı ağuşuna alan pandemiya, daha sonra mənfur qonşularımızın torpaqlarımıza yeni təcavüzü başlayarkən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin “Biz Birlikdə Güclüyük” çağırışı ətrafında yumruq kimi birləşdik. Əvvəlcə ölkəmizdə pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş karantin dövründə insanların ehtiyaclarının ödənilməsi, həm də düşmənin təxribatçı hücümunun qarşısının alınması məqsədilə başlayan genişmiqyaslı əks hücum əməliyyatları dövründə Prezident, xalq, ordu birliyi “dəmir yumruq” əməliyyatına çevrildi. Məhz bu birlik nəticəsində Vətən müharibəsi şanlı qələbəmizlə yekunlaşdı.
Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən bir aydan çox vaxt keçir. Vətənin mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızdan qovdular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəman əsgərlərimizdən şəhidlərimiz də oldu, qazilərimiz də. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin. Şanlı qələbənin qazanılmasında Siyəzən rayonundan neçə-neçə oğullarımız cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazdılar. Həmçinin biz Siyəzənlilər arxa cəbhədə də dövlətə, orduya dəstəyimizi nümayiş etdirdik. Dəfələrlə dəstək aksiyaları keçirdik və cəbhə bölgəsinə yardım karvanı yola saldıq. Buna görə hər birinizə təşəkkürümü bildirirəm.
Dövlətimizin inkişafının əsasını təşkil edən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən, onun ideyalarını ata vəsiyyəti kimi yerinə yetirən Möhtərəm Prezidentimizin rəhbərliyi altında dövlətimizin yüksəlişi və xalqımızın firəvan həyatı naminə bundan sonra da milli birliyimizin davam etdirilməsini arzu edirik.
Əziz həmvətənlər!
Şanlı qələbənin sevincini yaşadığımız vaxta təsadüf edən “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, uzun ömür, səadət və xoşbəxtlik arzulayıram. Qarşıdan gələn 2021-ci il ölkəmizə əmin-amanlıq, uğur və bərəkət gətirsin.
Bayramınız mübarək!
Hörmətlə
Novruz Novruzov