Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI FACİƏSİ YAD EDİLMİŞDİR.

27 fevral 2013 | 16:00

Bu gün Siyəzən şəhər Mədəniyyət Sarayında Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov, İcra Hakimiyyətinin kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, təhsil müəssisələrinin işçiləri, rayon ağsaqqalları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Əvvəlcə Sarayın foyesində rayon məktəblilərinin Xocalı faciəsinə münasibətini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir. Soyqırım qurbanlarının xatirəsi sükutla yad edildikdən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Etibar Heydərov çıxış etmişdir. Bildirilmişdir ki, bəşəriyyətə, insanlığa qarşı tarixi bir cinayət olan və müstəqillik tariximizə qanla yazılmış Xocalı qətliamından 21 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və separatçı terror dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım törətmişlər. Hücum zamanı 10 min nəfər əhalisi olan Xocalı şəhəri bir gecədə yerlə yeksan edilmiş, bir gün ərzində şəhərin 613 dinc sakini öldürülmüşdür. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfər qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq isə valideynlərindən birini itirmişdir. 76 nəfəri uşaq olmaqla 487 nəfər yaralanmış, 275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Ölkəyə və mülki əhaliyə dəyən ziyan 5 milyard rubl olmuşdur. Ölənlərin və əsir alınanların əksəriyyəti şəhərin dinc sakinləri olan qocalar, qadınlar və uşaqlar idi. Ölənlərin hamısına yaxın məsafədən atəş açılaraq qətlə yetirilmişdir.

Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan bir vəhşilik aktıdır. Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.

Bu faciəyə ilk siyasi qiymət ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il fevralın 24-də ölkə parlamentində verildi. O vaxtdan etibarən hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi respublikamızın bütün bölgələrində, o cümlədən, Siyəzən rayonunda da anım mərasimləri keçirilir.

Tədbirin sonunda kinorejissor Vahid Mustafayevin “Xoca” filmi nümayiş olunmuşdur.

Keçidlər