HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR.
14 fevral 2013-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət sarayında 2012-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Arif Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Tahir Süleymanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət sarayının foyesində rayonda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması, “Bəhər” Arıçılıq Təsərrüfatı, “AB Siyəzən – Fish” ASC, “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, rayon ağsaqqalları, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Yığıncağın gündəliyi və reqlamenti təsdiq edildikdən sonra Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat məruzəsi dinlənilmişdir (hesabatın mətni əvvəlcədən rayonun “Çıraq” qəzetində və İcra Hakimiyyətinin rəsmi saytında yayımlanmışdır). Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Siyəzən Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi İsmixan Fərzəliyev, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Zülfüqar Səlimov, Siyəzən Qaz İstismar Sahəsinin rəisi Faiq Nəsbullayev, Siyəzən Elektrik Şəbəkəsinin rəis əvəzi Tahir Babeyev, Siyəzən şəhərində su-kanalizasiya sisteminin yenidənqurulması işlərini aparan “RAMCO” şirkətinin tikinti departamentinin direktoru Nail Cabbarov 2012-ci ildə rəhbərlik etdikləri sahədə görülmüş işlərdən, əldə edilmiş nailiyyətlərdən, problem və çətinliklərdən, qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirdə Milli Məclisin deputatı Tahir Süleymanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək son illərdə ölkəmizdə bütün sahələrdə gedən sürətli inkişaf, böyük quruculuq işləri barədə danışmışlar. Qeyd edilmişdir ki, əldə olunmuş nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, qətiyyətli addımları sayəsində əldə edilmişdir. Çıxış edən natiqlər dövlət başçısının çıxışlarında hər bir məmur, vətəndaş qarşısında qoyduğu vəzifələri bir daha yığıncaq iştirakçılarının nəzərinə çatdırmış, ölkəmizin inkişafı naminə aparılan işlərdə hər kəsin səmərəli iştirakının vacibliyini qeyd etmişlər.
Bundan sonra yerdən söz alan yığıncaq iştirakçılarından Rafiq Yarıyev (şəhərdə küçələrin asfaltlaşdırılması zamanı yağış sularının axıdılması üçün beton arxların tikilməsi), İxtiyar İsayev (şəhərdə gecə işıqlandırma sistemlərinin qurulması), Əlibala İbrahimov (rayonun elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tədbirlər görülməsi), İlqar Seyidov (təbii qaz olmayan kəndlərin qazlaşdırılması), Qələmşah Babayev (şəhərin su-kanalizasiya sisteminin yenidənqurulması işlərinin sürətləndirilməsi) öz təkliflərini səsləndirmişlər.
Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.