GƏNCLƏR GÜNÜ QEYD EDİLMİŞDİR
Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla 2 fevral tarixinin ölkəmizdə “Gəncləri Günü” elan olunmasından 16 il keçir. Bununla əlaqədar 1 fevral 2012-ci il tarixdə Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Siyəzən şəhər Mədəniyyət sarayında 2 fevral – Gənclər Günü münasibətilə idarə, müəssisə və təşkilatlarda çalışan 200-dən çox fəal gəncin iştirakı ilə gənclərin rayon toplantısı keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Heydərov açaraq, “Gənclər Günü” münasibətilə rayon gənclərini təbrik etdi. Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov geniş hesabatla çıxış edərək, ötən il ərzində idarəsi tərəfindən görülən işlər, gənclər və idman sahələrində zona və respublika tədbirlərində qazanılmış nailiyyətlər haqqında məlumat verdi. Daha sonra YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov, şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevinc Hüseynova, YAP Siyəzən rayon təşkilatının Aparat rəhbəri İxtiyar İsayev, şəhər 6 saylı tam orta məktəbin müəllimi Pərvin Ağasıyev və Heydər Əliyev Mərkəzinin direktoru Şəms İslamova çıxış edərək gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində, həmçinin peşəkar kadrların formalaşması, elm sahəsində çalışan gənclərin fəaliyyətinin dəstəklənməsi, istedadlı gənclərin milli və beynəlxalq əhəmiyyət daşıyan layihələrdə iştirakının təmin olunması üçün dövlətimiz tərəfindən görülən işlərdən danışdılar.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bütün sahələrdə çalışan gənclərə dövlət qayğısı, idarəçilik prinsiplərinə yaxından bələd olan gənc mütəxəssislərin üzə çıxarılmasının həmişə diqqət mərkəzində olduğu barədə danişdı. Daha sonra cənab Arif Qasımov görüş iştirakçılarının suallarını cavablandırmış və təkliflərini dinləmişdir. Tədbirin sonunda respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş bir qrup gənc İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.