Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənabları tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları haqqında
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmiz 2003-cü ildən başlayaraq böyük sürətlə inkişaf etmiş və hazırda iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyildir. İqtisadi müstəqillik bizə imkan vermişdir ki, ölkəmizdə müstəqil siyasət aparılsın. Demək olar ki, hər ötən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələri göz önündədir. Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşımışdır. 2018-ci ildə büdcəmizə daxilolmalar böyük dərəcədə artmışdır. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir və ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində ölkəmiz 32 pillə irəliləmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Möhtərəm Prezidentimiz: “Gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır” deyə bildirmişdir.
Möhtərəm Prezidentimiz həmin iclasda kadr və struktur dəyişikliklərinə zəruru ehtiyac olduğunu vurğulamışdır: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə 2019-cu il də ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulan vəzifələr uğurla icra edilmiş, ölkəmizin dayanıqlı inkişafı təmin olunmuşdur. Həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Möhtərəm Prezidentimiz: “İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı. İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır” deyə vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənabları tərəfindən aparılan uğurlu islahatlar 2020-ci ildə də davam etdirilmişdir. Ölkəmizdə kadr islahatları işi təkmilləşdirilir, peşəkarlıq səviyyəsi daha yüksək olan kadrlar irəli çəkilir. Bunun nəticəsidir ki, hüquqazidd əməllər törətmiş vəzifəli şəxslər qısa zamanda müəyyən edilir və onlar barəsində sərt tədbirlər görülür. Azərbaycan Respublikasinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi buna bariz nümunədir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni mərhələyə qaldıran Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə 17 il ərzində ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində genişmiqyaslı işlər görülmüş, prokurorluq sistemində mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmışdır. Hazırda ölkə rəhbəri tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında genişmiqyaslı struktur islahatları aparılır və həmin qurumlar qarşısında vətəndaş məmnunluğunu artırmaq kimi yeni mühüm tələblər qoyulur.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənabları mayın 1-də Baş prokuror Kəmran Əliyevin videoformatda qəbulu zamanı pandemiya şəraitində, sosial-iqtisadi sahələrdə, eləcə də qanunvericiliyin icraedici və məhkəmə hakimiyyəti habelə vətəndaşların marağlarına xidmət etmək, ölkənin davamlı inkişafını sürətləndirmək məqsədi daşıyan islahatlar barədə ətraflı söhbət açdı. Cənab İlham Əliyev nitqində korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmasını prokurorluq orqanları qarşısında vacib vəzifələrdən biri olaraq qoydu. Prokurorluq orqanları işçilərinin bundan sonra da Vətənə ləyaqətlə xidmət göstərəcəklərinə, dövlətin maraqlarının və qanunun aliliyinin təmin ediləcəyinə, bununla da ictimaiyyətin onların işindən razı qalacağına əminliyini bildirdi.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən may ayında Mədəniyyət Nazirliyində xalqımızın mədəni tarixi, irsi hesab edilən tarix və mədəniyyət abidələrnin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov tərəfindən vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Xalqımız inanır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ölkəmizdə aparılan islahatlar daha da sürətlənəcək və korrupsiyaya qarşı mübarizə daha da sərtləşdiriləcəkdir.