Şəhid ailələri ilə görüş keçirilmişdir.
30 dekabr 2012-ci il tarixdə Siyəzən şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Siyəzən rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların adlarının əbədiləşdirilməsi üçün bir neçə küçə və məktəb onların adını dayşıyır. Şəhid ailələrinin və Qarabağ əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün Siyəzən şəhərində 16 mənzilli bina, rayon mərkəzində və kəndlərdə 3 fərdi mənzil tikilib istifadəyə verilmişdir. Tədbir iştirakçılarına Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdıran E. Heydərov sonda onlara İcra Hakimiyyəti adından ərzaq sovqatlarını təqdim etmişdir.