Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr Beynəlxalq Əlillər Günü qeyd edilmişdir

02 dekabr 2019 | 16:00

2 dekabr 2019-cu il tarixdə Beynəlxalq Əlillər günü münasibətilə Qarabağ müharibəsi əlillərinin iştirakı ilə Gənclər Mərkəzində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ölkəmizdə əlillərlə bağlı görülmüş işlər, onların sosial müdafiələri ilə əlaqədar həyata keçirilən tədbirlər  və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əlil şəxslərə göstərilən diqqət və qayğı barədə geniş məlumat vermişdir.
     Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin müdiri Kamilə Yusifova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin rəisi Füzuli Əliyev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Siyəzən rayon təşkilatının sədri Nəbi Əliyev çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə də qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin əlillərə göstərdiyi ən yüksək qayğının nəticəsi olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, Beynəlxalq Əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək, onların həyat şəraitini yaxşılaşdırmaq və cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Bu gün əlillərin sosial müavinətlərinin artırılması, müasir standartlara uyğun yeni bərpa mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara göstərilən diqqətinin bariz nümunəsidir.
    Çay süfrəsi ətrafında təşkil edilmiş tədbirdə Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilmiş və müraciətlərinin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
    Tədbirdən sonra tənha yaşayan əlillərlə yaşadıqları ünvanlarda görüş keçirilmiş, onlara Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatı verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər