Bayraq Günü və Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi
08 noyabr 2019-cu il tarixdə Siyəzən Rayon Gənclər Mərkəzində 9 Noyabr Dövlət Bayraq Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir.
Sonra rayon icra hakimiyyətinin başçısı 12 noyabr Konstitusiya Gününün qəbul edilməsindən söhbət açaraq qeyd etdi ki, ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya 1995-ci ilin noyabrın 12-də referendum, ümumxalq səsverməsi ilə qəbul edildi.
Tədbirdə Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, 1 saylı tam orta məktəbin tarix müəllimi Fəxrəddin İsmayılov, 1 saylı tam orta məktəbin tarix müəllimi Sevinc Mikayılova, 2 saylı tam orta məktəbin tarix müəllimi Kəmalə Əmirova çıxış etmişlər.
Tədbirin sonunda Bayraq Günü ilə əlaqədar videofilmə baxış keçirilmişdir.