Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul etmişdi
Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul etmişdir.
Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirdilər.
Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının təmiri, təhsilalanların köçürülməsi və yaxud ixtisasının dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər etmişlər.