Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü qeyd edilmişdir

13 iyun 2019 | 16:00

Bu gün Siyəzən Rayon Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov dövlətimizin müstəqil, güclü dövlətə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyindən, uzaqgörən siyasətindən danışmışdır. Bildirilmişdir ki, 1991-ci ildə müstəqilliyimiz elan edildikdən sonra bir-birinin ardınca gələn dövlət başçılarının yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü təhlükə qarşısında qalmışdı. Xalq birmənalı şəkildə Heydər Əliyevin respublikaya rəhbərlik etməsini tələb edirdi. Ulu Öndər hakimiyyətə gələn kimi dövlətin daxilində olan çəkişmələri dayandırması və atəşkəs əldə olunmasına nail olaraq dövlətin güclənməsi, iqtisadiyyatın inkişafı istiqamətində gərgin fəaliyyətə başladı. Keçirilən torpaq islahatı ilə Azərbaycan xalqının rifahında birdəfəlik dönüş yarandı. Ümummilli Lider Heydər Əliyevin bu fəaliyyəti nəticəsində daxili və xarici siyasi sabitlik əldə edilərək iqtisadiyyatımız yüksələn xətlə inkişaf etməyə başladı və bu gün də Heydər Əliyev kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətimizin inkişafı və çiçəklənməsi yolunda yorulmadan fəaliyyət göstərir.

Sonra geniş məruzə ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, YAP Siyəzən rayon təşkilatı gənclər birliyinin sədri Elvin Kərimov qeyd etdi ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən rəsmi bayram günü kimi qeyd edilir.

Daha sonra çıxış edən Siyəzən şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Vüqar Abdullayev, Siyəzən şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəxtiyar Seyidov və  Siyəzən şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Sultanova hazırki güclü, qüdrətli Azərbaycanın qurucusu, dahi rəhbər Heydər Əliyevin dövlətə rəhbərliyi dövrünün müxtəlif tarixi məqamlarından söhbət açaraq Ulu Öndərin dövlətimiz var olduqca xalqın qəlbində və ruhunda yaşayacağını söylədilər.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş qısametrajlı film nümayiş olundu.

  

  

  

  

Keçidlər