Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir
Bu gün Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir. Siyəzən Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov və təşkilatın digər idarə heyəti üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda çalışan və təhsil alan fəal gənclər, KİV nümayəndələri iştirak edirdilər.
Konfransı YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açıq elan edərək gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Konfransda ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Rəhmanov çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda bütün istiqamətlərdə uğurlu dövlət siyasəti aparılır və bu siyasət bilavasitə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrikliklə müəyyən edilir: “Aparılan mütərəqqi siyasətlərdən biri də gənclər siyasətidir ki, məhz gənclərimiz Ulu Öndər Heydər Əliyev ideologiyasının öyrənilməsində, yaşadılmasında əhəmiyyətli rol oynayır, istər ölkəmiz daxilində, istərsə də ölkədən kənar fəaliyyətlərində Azərbaycanın adını daim zirvələrdə tuturlar. Çünki gənclik bizim gələcəyimizdir və hər bir gənc bilməlidir ki, Azərbaycanın daha uğurlu gələcəyi onun əlindədir”.
Sonra konfransın gündəliyinə uyğun olaraq, ikinci məsələ müzakirə edildi və Kərimov Elvin Qorxmaz oğlu YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri seçildi. Elvin Kərimov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti gənclərin partiyaya axınının sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir. Biz, YAP gəncləri də dövlət başçısının siyasi xəttini dəstəkləyirik və dəstəkləyəcəyik.
Konfransın sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərib, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, onların hərtərəfli inkişafını təmin edib. Onun siyasi xəttini uğurla, şəraitin tələblərinə uyğun olaraq yeniləməklə davam etdirən cənab İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır. Bu gün Azərbaycanın inkişafı YAP-ın xətti ilə reallaşır. Ölkədə qazanılan hər bir uğur və nailiyyətin arxasında xalqın öz iqtidar partiyasına olan inamı dayanır. Bu gün siz gənclər birmənalı şəkildə bilməlisiniz ki, dövlətin siyasəti gənclərin gələcəyinə, sağlam fərd kimi yetişməyinizə, əsl vətəndaş və şəxsiyyət kimi formalaşmağınıza hesablanıb.