“Həyat, söylə sən kiminsən?” adlı ədəbi-bədii tədbir keçirilmişdir
Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində “Cabir Novruz” Mədəniyyət Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Siyəzən Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı, dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Həyat, söylə sən kiminsən?” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Siyəzən şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, daha sonra isə Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətində böyük ədibin heykəlini önündə onun xatirəsini yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən ölkəmizdə bu il böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu tədbirlər dövlətimizin elm, ədəbiyyat, incəsənət xadimlərinə böyük diqqətinin təzahürüdür. İcra Hakimiyyətinin başçısı böyük ədibin Azərbaycan ədəbiyyatındakı rolu, yaratdığı sənət inciləri barədə danışmış, onun əsərlərin həmişəyaşar olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edənlər Cəfər Cabbarlının ölməz əsərlərinin nəinki Azərbaycanda, o cümlədən, bütün dünya ölkələrində tanındığını və sevildiyini vurğuladılar. Qeyd edilmişdir ki, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb. Bir əsrdir ki, Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında C.Cabbarlının pyesləri əvəzsiz rol oynayır. Onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrlarının səhnəsinin bəzəyidir.
Tədbirdə respublikanın tanınmış müğənniləri və bədii qiraətçiləri Cəfər Cabbarlının şeirlərini və sözlərinə bəstələnmiş mahnıları səsləndirdilər.