“Qadın hüquqlarının müdafiəsi” adlı maarifləndirici tədbir keçirilmişdir
21 may 2019-cu il Siyəzən rayonu Heydər Əliyev Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının müdafiəsi” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Siyəzən rayonunun idarə, müəssisə və təşkilatlarının qadın nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova, cəmiyyətdə ailənin önəmi və milli-mənəvi dəyərlərdən bəhs etmişdir. Erkən nikahların uğursuzluğu, gender zorakılığın qarşısının alınması istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldığını və rayon ərazisində mütəmadi olaraq bu cür tədbirlərin keçirildiyini vurğulamış, bugünkü tədbirin təşkilinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov çıxışında cəmiyyətdə ailə dəyərlərinin və qadın hüquqlarının qorunması istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Mövzu ətrafında müzakirələr aparılmış, tədbir iştirakçılarının təklifləri dinlənilərək, sualları cavablandırılmışdır.