Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir
Bu gün rayonumuzda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin Siyəzən şəhərindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin doğum günü münasibətilə konfrans keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Qeyd edildi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. Dövlətmizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir.
Konfransda Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov dahi rəhbərin həyat və fəaliyyəti ilə bağılı geniş məruzə ilə çıxış etdi. "Çıraq" qəzetinin redaktoru İlyas İlyasov, Siyəzən şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev Ümummilli liderin Azərbaycan tarixində böyük rolu, onun milli dövlətçilik ənənələrimizin formalaşmasında müstəsna xidmətləri barədə danışdılar. Sonda Ulu Öndərin şərəfli həyat və fəaliyyətinə həsr olunmuş filmə baxış keçirildi.